Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4247/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc alan Cavabdeh ilə 12 fevral 2018-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə ona verdiyi 100.000 manat məbləğində pul borcunun, 10 may 2017-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlayaraq cavabdehə verdiyi 30.000 manat məbləğində pul borcunun, həmçinin 20.000 manat əldən çıxmış fayda formasında ziyanın və 5.000 manat mənəvi ziyanın onun tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 12 fevral 2018-ci il tarixdə borc alan Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə görə, borc verən kimi, o, borc alan Cavabdeh 100.000 manat məbləğində pul borc vermişdir. Borc alan Cavabdeh krediti 12.02.2020-ci il tarixədək, hər ayın 01-də (ilk ödəniş 01.03.2018-cİ İldən başlayaraq) 5000 mana borc verən kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh kredit müqaviləsində götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmişdir. Bundan başqa, o, hər ay 2.500 manat ödəmək şərtilə borc alan Cavabdeh ilə 10 may 2017-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlayaraq ona 30.000 manat pul borc vermişdir. Borc alan Cavabdeh müqavilənin pozulması zamanı onun tərəfindən ona verilmiş 30.000 manat pul borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh aralarında bağlanan yazılı müqavilədə götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borc alan Cavabdeh 130.000 manatdan başqa 75.000 manat pulun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. O həmçinin bildirmişdir ki, cavabdeh iddiaçıya borcunun əvəzində 44 ədəd “Sigway” verməli idi, cavabdeh isə 42 ədəd göndərmişdir. 2 ədəd “Sigway” modelinin cəmi qiyməti 580 manat dəyərindədir. Lakin həmin “Sigway” modellərinin 36 ədədi yararsız vəziyyətdə idi. Belə ki, iddiaçı onlardan istifadə etməmişdir, cavabdeh istədiyi vaxt onların hamısını geri götürə bilər. Bundan başqa cavabdeh iddiaçıya borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddianın rədd edilməsini xahiş edərək eyni zamanda bildirmişdir ki, 12 fevral 2018-ci il tarixdə cavabdehlə hazırki iş üzrə iddiaçı - İddiaçı arasında Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanılıb. Həmin müqavilə üzrə iddiaçı ona 100 000 min manat məbləğində faizsiz borc verməyi və o isə həmin məbləği 12.02.2020-ci il tarixinədək, hər ayın 1-də 5000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı ilə onun arasında hər ay 2500 manat ödəmək şərtilə 10 may 2017-ci il tarixdə yazılı müqavilə bağlanmış və iddiaçı tərəfindən ona 30 000 manat borc pul verilmişdir. İddiaçı öz iddia ərizəsində tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlar əks etdirərək, onun borc müqavilələri üzrə ödədiyi məbləğləri əsassız olaraq inkar etmişdir. Halbuki, hazırki etiraza əlavə etdiyi və aşağıda qeyd etdiyi sübutlar göstərilən məbləğlərin onun tərəfindən iddiaçıya artıqlamasıyla ödənilməsi faktını təsdiq edir. 01.10.2019-cu il tarixli, 892563 saylı etibarnamədən görünür ki, o Binəqədi rayonu, Binəqədi qəsəbəsinin hüdudlarında yerləşən 400 kv.m torpaq sahəsində tikinti işlərini aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, özəlləşdirməyi və etibarnamədə nəzərdə tutulmuş digər hərəkətləri etməyi iddiaçıya etibar etmiş, 01.10.2019-cu il tarixli, 892561 saylı etibarnamədən görünür ki, o Binəqədi rayonu, Binəqədi qəsəbəsinin hüdudlarında yerləşən 1100 kv.m torpaq sahəsindən 40 kv.m torpaq sahəsi ilə əlaqədar olaraq müvafiq dövlət orqanlarında, İcra Hakimiyyəti orqanlarında, Bələdiyyələr və fıgər qurumlarda, idarə və təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında onu təmsil etməyi və etibarnamədə nəzərdə tutulmuş digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. 01.10.2019-cu il tarixli, 892562 saylı etibarnamədən görünür ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin hüdudlarında yerləşən 1100 kv.m torpaq sahəsindən 41 kv.m torpaq sahəsi ilə əlaqədar olaraq müvafiq dövlət orqanlarında, İcra Hakimiyyəti orqanlarında, Bələdiyyələr və figər qurumlarda, idarə və təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında onu təmsil etməyi və etibarnamədə nəzərdə tutulmuş digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. Bu etibarnamələr əsasında yuxarıda göstərilən 2 torpaq sahəsində 4 ədəd ev hər biri 25 000 30 000 manat dəyərində 2 ədəd ev, 20 000 manat dəyərində avtoyuma məntəqəsi, 25 000 manat, dəyərində ticarət müəssisəsi, hər biri 35 000 manat dəyərində 2 ədəd ev. ümumilikdə 160 000 (yüz altmış) min manat dəyərində əmlak tikilərək (əmlaklardan bəzilərinin tikintisi iddiaçının özü tərəfindən tamamlanmışdır) iddiaçıya təhvil verilmişdir. İddiaçı isə göstərilən əmlakları sataraq digər əmlak əldə etmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə borc məbləğinin 100 000 manat olmasına baxmayaraq, iddiaçının özünün də razılığı ilə 160 000 manat dəyərində əmlak iddiaçıya verilərək, borc məbləğindən 60 000 manat çox miqdarda iddiaçıya qaytarılmışdır. Eyni zamanda qeyd etdi ki, İddiaçı Binəqədi də yerləşən evlərdən Asif adlı şəxsdən 4000 manat aldığını öz imzası ilə təsdiq etmiş və bu məbləği aldı, faktiki olaraq qəbul etmişdir. Aydın olduğu kimi qaytarılmış pullar faizin ödənişini iddiaçı təsdiq edir. Bundan başqa etiraza əlavə olunmuş iddiaçıya məxsus +994 70 *** ** ** nömrə ilə Whatsapp yazışmasından da görünür ki, onun İddiaçı həmin dövr üçün verilmiş məbləğdən cəmi 17 500 manat borcu qalmışdır. Yenə etiraza əlavə olunmuş eyni nömrə ilə Whatsapp yazışmasından görünür ki, tərəflər öz aralarında 17 500 manat borcun aylıq 500 manat olaraq ödənilməsində razılığa gəliblər. İddiaçı iiə cavabdehin digər yazışmalarından da görünür ki, iddiaçı müxtəlif vaxtlarda başqa kartlarada pulun köçürülməsini xahiş edib. 10 may 2017-ci il tarixli yazılı müqavilə ilə bağlı isə onu qeyd edir ki, onun tərəfindən əsas məbləğ və faiz olaraq 30 700 manat məbləğdə pul, 12 500 manatlıq Segway-dən nağd pul, 14 200 manat dəyərində isə mağazada olan mallar iddiaçıya verilərək ona olan borcu ilə tam əvəzləşdirilmişdir. Bunu şahidlər və ortaqlar təsdiq edirlər. Beləliklə iddiaçı tərəfindən ona borc olaraq verilmiş 30 000 manat pul məbləği ümumilikdə 57 400 manat olmaqla həm nağd şəkildə həm də iddiaçıya verilmiş Segwaydən və müxtəlif mallarla əvəzləşdirilmişdir. Bu əvəzləşdirmə isə X5 və X3 adlı şəxslərin iştirakı ilə həyata keçirilib. Həmin şəxslərdən biri sürücü işləmişdir. Son olaraq isə iddiaçı tərəfindən ona verilmiş 100 000 manat borc məbləği ilə bağlı onu qeyd edir ki, yuxanda qeyd etdiyi etibarnamələrdə əks olunmuş əmlaklarda inşa edilmiş avtoyuma məntəqəsi və ticarət məntəqəsi mövcuddur. Bunlarla bağlı məhkəmə müxtəlif orqanlara, o cümlədən İcra hakimiyyəti və vergi orqanlarına sorğu verərək, onların fəaliyyəti ilə bağlı məlumat əldə edə bilər. Bunların mövcudluğunu fotoşəkillər təsdiq edir. Həmçinin, qarşı tərəfin iddia ərizəsinin onda olan nüsxəsindən aydın olur ki, ona qarşı olan iddialar yanlız iddiaçının öz mülahizələrindən ibarətdir və həqiqəti ixtisar edərək hazırlanmışdır. İddia ərizəsində göstərilən xüsusiyyətlər həqiqəti əks etdirmir, tələb üzrə həm əsas və əlavə pul tələbləri əsasız olduğundan təmin edilməməlidir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 12.02.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən-İddiaçı borc alan-Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində pulu borc verməyi, borc alan isə krediti 12.02.2020-ci il tarixədək, hər ayın 01-də (ilk ödəniş 01.03.2018-ci ildən başlayaraq) 5.000 manat borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Yazılma tarixi 10.05.2017-ci il olan nəğd pulun alınması barədə müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 30.000 manat məbləğində aldığını etiraf etmiş və bu pulu vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 8 ildən artıqdır ki, cavabdehin yanında sürücü işləyir. İddiaçını cavabdehin yanında çox görmüşdür. İddiaçı ilə cavabdeh arasında normal münasibətləri olub, borc mübahisələrindən sonra münasibətləri pozulmuşdur. Cavabdehin iddiaçıya olan borcunun məbləği haqqında dəqiq məlumatı yoxdur. Fuadla birlikdə Raminin evinin yaxınlığına getdikdə 1-ci dəfə Raminin Fuada 1 paketdə pul verdiyini görmüş, lakin pulun sayını bilmir. 2-ci dəfə təkrar Raminin Fuada 1 paketdə pul verdiyini görmüş, lakin pulun sayını bilmir. Cavabdehin iddiaçıya olan borcundan ayrı-ayrı vaxtlarda hissə-hissə ona 300 manat, 500 manat məbləğində pul iddiaçıya çatdırılması üçün vermişdir. Cavabdeh borc əvəzinə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonunda tikililəri sənədləri ilə birlikdə vermişdir. Həmin tikililərdən hazır vəziyyətdə və yarım formada idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, cavabdehin yanında 4-5 il olar ki, sürücü işləyir. 2 dəfə ford tranzit markalı maşınla 160 ədəd “Segway” mallarını aparıb müxtəlif vaxtlarda müxtəlif yerlərə vermiş, malı verərkən iddiaçının özünü görməmişdir. İşin mübahisələndirilməyən halları onda ibarətdir ki, iddiaçı cavabdehə 30.000 manat, daha sonra isə tərəflər arasında 12 fevral 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iki il müddətinə 100.000 manat məbləğində borc vermiş, cavabdeh isə həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı izahat verən Cavabdeh barəsində yazılı sübut təqdim edilən borc məbləğindən başqa iddiaçıdan əlavə olaraq 25.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Lakin cavabdeh eyni zamanda özünə məxsus torpaq sahələrində tikinti işlərini aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, özəlləşdirməyi və etibarnamədə nəzərdə tutulmuş digər hərəkətləri öz adından etməyi 01.10.2019-cu il tarixli, 892563 saylı,01.10.2019-cu il tarixli, 892561 saylı, 01.10.2019-cu il tarixli 892562 saylı etibarnamələrə əsasən iddiaçıya etibar etməklə, qalıq borc məbləğini isə “Segway” markalı elektrik skuterləri ilə əvəzləşdirməklə borcu tam şəkildə qaytardığını bildirmişdir. Göründüyü kimi iş üzrə mübahisələndirilən hal borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması məsələsidir. Cavabdeh tərəf borcun qaytarıldığını iddia edərək şahid ifadələrini (şahidlər X4, X5) təqdim etmişdir. Şahidin ifadələrindən göründüyü kimi, onlar tərflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması faktını təsdiq etsələr də, cavabdehə verilmiş və iddiaçıya qaytarılmış borc məbləği, borcun yaranma mənbəyi barədə məlumatlı olmadığını bildirmiş və bununla da faktiki olaraq iş üzrə əhəmiyyətli olan halları təsdiq edə bilməmişlər. Məhkəmə həmçinin şahidlərin cavabdehin işçiləri olmalarını nəzərə alaraq onların tərəfsizliyini şübhə altına alır. Bundan başqa məhkəmə 01.10.2019-cu il tarixli, 892563 saylı,01.10.2019-cu il tarixli, 892561 saylı, 01.10.2019-cu il tarixli 892562 saylı etibarnamələrin borca verilmiş pulun qaytarılması təyinatı ilə iddiaçının adına tərtib olunduğunu sübuta yetirilməmiş hal kimi nəzərə alır və qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamələr borcun qaytarılmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və borcun verilməsinə və ya qaytarılmasına dair hər hansı mühüm şərtin həmin sənədlərdə göstərildiyi müəyyən ediməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.2-ci maddəsinin tələblərinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Cavabdeh borcun tam ödənildiyini təsdiq etmək üçün “whatsapp” sosial şəbəkəsindən götürülmüş sms-lərin fotosurətlərini təqdim etmişdir. Məhkəmə həmin sənədlərin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir və eyni zamanda qeyd edir ki, həmin sms-lərdə göstərilən məbləğin hansı öhdəlik hüquq münasibətlərindən yarandığını və nə üçün qaytarıldığını müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə tərəfindən 155.000 (100.000+30.000+25.000) manat məbləğində pulun borca verilməsi halı müəyyən edilmişdir. İddiaçı borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Cavabdehin pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materialları ilə müəyyən edilməsi isə mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübüt etmək yükünü cavabdehin daşıdığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, borc olaraq verilmiş pulun cavabdeh tərəfindən iddiaçıya tam qaytarılması halı sübuta yetirilməmişdir. Belə ki, iddiaçı 42 ədəd “Sigway” markalı skuterin borcun əvəzinə ona verilməsini təsdiq etmiş, lakin verilmiş malın 36 ədədinin yararsız vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iddiaçının borcun bir qisminin əvəzində ona verilmiş 36 ədəd “Sigway” markalı skuterin yararsız vəziyyətdə olmasına istinad etməsinə baxmayaraq onun işin bu halını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə baxışı zamanı müəyyən edilmiş borc məbləğindən 42 ədəd “Sigway” markalı skuterin dəyəri olan 12.180 manat çıxılmalıdır. Beləliklə cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Yuxarıda sadalanan mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi 20.000 manat məbləğində zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun tutulmasını xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Mənəvi zərərin ödənilməsi barədə tələblə bağlı qeyd olunmalıdır ki, hazırki halda pozulmuş hüququn bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qiymətləndirilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 142.820 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 142.841 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 142.820 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 142.841 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4247/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4247/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver