Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4249/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X9 Cavabdeh MMC-yə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin X1 vurduğu 30 manat müayinə və 900 manat əməliyyat xərci olmaqla, cəmi 930 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X13 şəkərli diabet xəstəsidir. Həmin xəstəliklə əlaqədar olaraq onun sol ayağının baş barmağında qaralma baş vermişdir. Onu müalicə etdirmək üçün Gəncə şəhərində yerləşən Beynəlxalq Xəstəxanaya müraciət etmişlər. 03.12.2020-ci il tarixdə “X8”nın Ortopedi və Travmatoloji şöbəsinə müraciət etmişlər. Orada işləyən həkim ortoped-travmatoloq Ceyhun Quliyev atasını müayinə edib bildirdi ki, atasının sol ayağının baş barmağı, yəni 5-ci barmağı amputasiya edilməlidir. Ona dedi ki, qiymətdə razılaşacaqlar. Atasının barmağını amputasiya edib tam sağaldacaq və bunun müqabilində Beynəlxalq Xəstəxanaya müayinə üçün 30 manat, əməliyyat və müalicə üçün 900 manat pul köçürməlidir. Ona inanıb Cavabdeh MMC ilə tibbi xidmət müqaviləsi bağlayıb oraya 30 manat müayinə, 900 manat əməliyyat və müalicə pulu ödəmişdir. 03.12.2020-ci il tarixdə həkim Ceyhun Quliyev tərəfindən atasının sol ayağının baş barmağı amputasiya edildi. Əməliyyatdan sonra atasının sol ayağının amputasiya edilmiş hissəsində yara çirk etməyə başladı və qanqrena davam etdi. O, həkim Ceyhun Quliyevə müraciət edərək, bir tədbir görməsini xahiş etdi. Həkim ona bildirdi ki, bu onluq deyil. O, bu yaranı sağalda bilməz. “Hara istəyirsənsə apar müalicə etdir”. Bundan sonra o, atasını Bakı şəhəri, Parlament prospekti 76 ünvanda yerləşən Mərkəzi Klinikaya aparmışdır. Orada atasını ambulator müalicəyə qəbul edərək müalicə etməyə başladılar və yara müalicə nəticəsində tədricən yaxşılaşmağa başladı. Orada ona məlum oldu ki, 03.12.2020-ci il tarixdə əməliyyatdan qabaq həkim Ceyhun Quliyev atasını tam müayinə etmədən, dopler müayinəsindən keçirməmişdir. Həmçinin şəkərli diabet xəstəliyi olan şəxsdə amputasiya əməliyyata aparıldıqdan sonra yaranın tam tikilməsinə göstəriş olmamasına baxmayaraq, həkim tərəfindən atasının barmağı amputasiya olduqdan sonra yara tam tikilmişdir. Ona görə o, 13.01.2021-ci ildə “X8”na ərizə ilə müraciət edib, ona vurduqları ziyana görə oraya ödəniş etdiyi 30 manat müayinə, 900 manat əməliyyat və müalicə pulunun ona qaytarılmasını xahiş etmiş, lakin rədd cavabı almışdır. Cavabdeh tərəfindən ona vurulmuş zərər könüllü qaydada ödənilmədiyinə görə mübahisə məhkəmə qaydasında həl edilməlidir. Sonradan, İddiaçı əsl iddiaçı X13 ilə əvəz olunmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi X2 fikrini nəzərə alaraq, işə iddiaçı X9 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirdi ki, ilk öncə məlumat üçün bildirirlər ki, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən 28 avqust 2015-ci il tarixli №086461 1423 qeydiyyat nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən 15 yanvar 2016-cı il tarixli №087971 İSN/L- 66/2016 qeydiyyat nömrəli “Özəl Tibbi fəaliyyət” ilə məşğul olmaq hüququ verən lisenziyalarla, Gəncə şəhəri, H.Əliyev prospekti 60 D/E/F ünvanında yerləşən “X8” adı ilə tibbin bir çox sahəsi üzrə fəaliyyətə başlamış və Azərbaycan Respublikası qanunvericiliyi əsasında təsdiq olunmuş nizamnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Xəstəxanaları dünya təcrübəsində qəbul edilən “American Hospital” standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş və beynəlxalq təcrübəyə malik tibbi personal heyəti ilə fəaliyyət göstərir. “X8” adı altında səhiyyə sahəsində müasir dünya standartlarına cavab verməklə yanaşı, Azərbaycanın və Qafqazın ilk “JCİ - X4” sertifikatına layiq bilinməkləri və bu yaxınlarda 2-ci dəfə akkreditə olunmaqları ilə bağlı ABŞ-nın tibb sahəsində istifadə etdiyi bütün təcrübəni və professionallığı özündə cəmləyən bir tibb müəssisəsi deməkdir. Müəssisə Azərbaycan Respublikasının bütün qanunlarına hörmət əsasında, özəl tibb fəaliyyətini həyata keçirir. Respublikamızın bütün bölgələrində yaşayan vətəndaşlara yüksək dərəcədə tibbi xidmət göstərməkdədirlər. Mülki iş üzrə verilən iddia ərizəsi ilə razılaşmır, AR MPM-nin maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildirirlər. Belə ki, onlar iş üzrə cavabdeh olaraq iddiaçı tərəfin səhhətinə, sağlamlığına hər hansısa formada ziyan vurmamışlar və iddiaçı öz ərizəsinə əlavə olaraq məhkəməyə ona zərərin vurulması ilə bağlı hər hansısa bir sübutedici sənəd təqdim etməyib. Hesab edirlər ki, iddiada göstərilən dəlillər əsassız olduğundan onun təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, 01.07.1948-ci il təvəllüdlü Göygöl rayonu Dozular kənd sakini vətəndaş X13 03.12.2020-ci il tarixində “X8”nın Ortopedi və Travmatoloji bölməsinə “Sol ayağın 5-ci barmağında qanqrena” diaqnozu ilə daxil olmuş və həkim ortoped-travmatoloq Ceyhun Quliyev tərəfindən aparılmış müayinənin nəticəsi olaraq xəstənin şəkər xəstəsliyi səbəbindən onun sol ayağın 5-ci barmağının amputasiya olunması tövsiyə olunmuşdur. Xəstə R.K.Abbasova və yaxınlarına aparılacaq əməliyyat, əməliyyat sonrası ağırlaşmalar barədə ətraflı məlumat verilmişdir. Daha sonra Cavabdeh MMC arasında müvafiq tibbi xidmət müqaviləsi, ödəniş məbləği, əməliyyatın riskləri, ağırlaşmaları və fəsadları haqqında məlumatlandırmarazılıq sənədləri rəsmləşdirildikdən sonra xəstə R.K.Abbasov stasionara qəbul olunmuş və üzərində “ayaq barmağının amputasiyası” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat zamanı yara yerində qanaxmanın çox zəif olduğu izlənilmiş və bu barədə də. xəstə yaxınlarına məlumat verilərək, əməliyyat sonrası xəstəyə vakum cihazı ilə müalicə olunması məsləhət görülmüşdür. Xəstə R.K.Abbasov 04.12.2020-ci il tarixində həkim müayinəsindən sonra stasionar müalicədən ambulator müalicəyə göndərilmişdir. Göstərilmiş tibbi xidmətlərlə və ödənişlə bağlı xəstə yaxınları tərəfindən “GBX”-na və tibb personalına qarşı heç bir şikayət olmamışdır. Daha sonra xəstə yaxını (oğlu) İddiaçı “X8”na 13.01.2021-ci il tarixində rəsmi müraciət edərək atasının əməliyyatına görə ödənilən 930 manat pulun geri qaytarılmasını bildirmişdir. Həmin ərizəyə tərəflərindən (“GBX”-nın həkimi, ortoped-travmatoloq Ceyhun Quliyevin əməliyyat sonrası müalicənin sağalmaqla başa çatdırılmasına dair vəd verməsi və xəstəxanaya tərəfinizdən ödənilən 930 manat pulun Sizə geri qaytarılması”) dəlillərə cavab olaraq münasibətləri belə olmuşdur: 1. “Xəstəxanaya ödənilən 30 manat və 900 manat pul” - bildirilir ki, vətəndaşlara özəl tibb müəssisəsində göstərilən müvafiq tibbi xidmət əvəzi olaraq müəssisədaxili müəyyən və təyin edilmiş vahid qiymətlər üzrə kassaya ödənilən puldur, (həkim qəbulu və müayinəsi 30 manat) (əməliyyat ödənişi 900 manat). Kimdənsə aldatma, məcbur etmə yolu ilə və ya qeyri-rəsmi olaraq pul vəsaiti alınmayıb; 2. “Həkimin əməliyyat sonrası xəstəliyi sağaltmaqla başa çatdırmasını bildirməsi” bildirilir ki, icra olunmuş əməliyyatın icra üsulu və texnikasına bağlı heç bir ağırlaşması olmamışdır. Xəstədə müşahidə olunan yara yerinin sağalmaması kimi hal öncədən proqnozlaşdırılmış və mümkün ehtimal xəstə və xəstə yaxınlarına ətraflı izah olunmuşdur. Buna baxmayaraq, həkimin təklif etdiyi müalicə üsulundan və ardıcıllığından imtina olunaraq təkidlə adı çəkilən əməliyyatın icra olunmasını xahiş etmişlər. Hesab edirlər ki, “X8” və həkim C.Quliyev tərəfindən vətəndaş R.K.Abbasova hər hansı bir səhv müayinə, səhv cərrahi əməliyyat və sair hüquqlarını pozan digər tibbi xidmət (hərəkət və ya hərəkətsizlik) edilməmişdir. Göstərilənlərə əsasən dəlillər asassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin hüquqi adı ilə “X8” ilə xəstə yaxını İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, müqaviləyə əsasən “X8” tərəfindən müvafiq tibbi xidmətin həyata keçirilməsi, xəstə yaxını tərəfindən isə fakturada müəyyənləşdirilən məbləğin ödənilməsi barədə tərəflər razılıq əldə etmişlər. İş materiallarına əlavə olunmuş “Razılaşma protokolu”ndan görünür ki, xəstə yaxını İddiaçı 03.12.2020-ci il tarixdə Cavabdeh MMC-də əməliyyatın icra olunması ilə bağlı göstərilən tibbi xidmətin əvəzinə görə 900 manat ödəməyi öhdəsinə götürətək, protokolu öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin həkimi C.Quliyev tərəfindən verilmiş “Epikriz”dən görünür ki, 03.12.2020-ci il tarixdə X11 blok anestezi ilə 5-ci barmaq amputasiya əməliyyatı icra olunmuş, əməliyyat zamanı yara yerində qanaxmanın çox zəif olduğu görülmüş və əməliyyat sonrası xəstəyə vakum cihazı ilə müalicə olunmaq məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş “X8” tərəfindən İddiaçı verilmiş 27.01.2021-ci il tarixli, 033/2021 saylı cavab məktubundan görünür ki, “X8” və həkim C.Quliyev tərəfindən vətəndaş R.K.Abbasova hər hansı bir səhv müayinə, səhv cərrahi əməliyyat və sair hüquqlarını pozan digər tibbi xidmət (hərəkət və ya hərəkətsizlik) edilmədiyi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 22.09.2021-ci il tarixli, 733/KEŞ saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X13 03.12.2020-ci il tarixdə Cavabdeh MMC X5 müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “İnsulindən asılı şəkərli diabet, periferik qan dövranının pozğunluğu, sol ayağın 5-ci barmağın qanqrenası” diaqnozu düzgün təyin edilmişdir. X10 müəyyən edilmiş “Sol ayağın V barmağın qanqrena”sı ilə əlaqədar ona cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş və 04.12.2020-ci il tarixdə sol ayağın 5-ci barmağı amputasiya edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X9 üzərində icra edilmiş “Sol ayağın 5-ci barmağının amputasiyası” cərrahiyyə əməliyyatından sonra onda güdül nahiyyəsində yaranın infeksiyalaşması baş vermişdir. Patoloji hal müxtəlif şəraitdə əmələ gələ bilər və prosesin qanqrenoz mərhələsini nəzərə alaraq, bunun ilkin cərrahiyyə əməliyyatı ilə əlaqələndirmək mümkün deyil. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı sol ayağının baş barmağında baş vermiş qaralma səbəbi ilə əlaqədar Cavabdeh MMC-yə müraciət etmiş, lakin onun iddia etdiyinə görə, Cavabdeh MMC-nin həkimi ortopedtravmatoloq Ceyhun Quliyev tərəfindən düzgün müayinə olunmamış, ona düzgün diaqnoz təyin edilməmiş, habelə bunun nəticəsi olaraq ona əməliyyat düzgün icra edilməmişdir. Hazırda iddiaçı qeyd olunanlar nəticəsində özünə vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də, ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, iş materiallarından və ekspert rəyindən də görünür ki, iddiaçıya aparılmış müayinələrdən sonra “sol ayağın 5-ci barmağın qanqrenası” diaqnozu düzgün təyin edilmiş, “sol ayağın 5-ci barmağın qanqrena”sı ilə əlaqədar ona cərrahiyyə əməliyyat icra edilmiş və əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Habelə əməliyyat sonrası xəstədə (iddiaçıda) çox zəif halda qanaxmanın baş verməsi səbəbilə xəstə yaxınlarına məlumat verilərək, “vakum cihazı” ilə müayinə olunması məsləhət görülmüş və bu məlumatlar öz əksini məhkəməyə təqdim edilmiş tibbi sənədlərdə (epikriz və s.) öz əksini tapmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddiaçı X9 Cavabdeh MMC-yə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X9 Cavabdeh MMC-yə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4249/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4249/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver