Məhkəmə qərarları › İş №2(006)-4251/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4251/2021

26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4251/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbi»nə dair ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının ödənilməsi tələbi»nə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 15 iyun 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 15 dekabr 2003- cü il təvəllüdlü Elmir və 14 iyun 2006-cı il təvəllüdlü Nihat adlı uşaqları doğulmuşdur. İlk başda nikah münasibətləri normal olsa da, daha sonra münasibətləri kəskinləşmişdir. Tərəflərin nikahlarına Səbail Rayon Məhkəməsinin 2(009)-608/2019 saylı, 23.04.2019-cu il tarixli qətnaməsi ilə xitam verilmişdir. 16.06.2019-cu il tarixdə isə tərəflər arasında nikah müqaviləsi bağlandı. Sözügedən nikah müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,9 m2 olan qeyri-yaşayış binası iddiaçının adına rəsmiləşdirilmişdir. Həmçinin, müqavilədə qeyd olunmuşdur ki, həmin əmlak həm nikah müddətində, həm də nikah pozulduqdan sonra iddiaçının ayrıca mülkiyyətidir və həmin əmlak özgəninkiləşdirildikdə cavabdehin razılığı tələb olunmur. Həmçinin, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən iddiaçıya müvafiq çıxarış da təqdim edilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi hazırda iddiaçının tam qanuni mülkiyyətidir. İlk başda tərəflər arasında olan şifahi razılığa əsasən həmin qeyri-yaşayış sahəsini cavabdeh işlədəcək və iddiaçıya aylıq 2000 manat məbləğində gəlir verəcəkdi. İlk vaxtlarda tərəflərin şifahi razılaşmasına əməl edərək hər ay 2000 manat məbləğində gəliri iddiaçıya təqdim edirdi. Lakin 2020-ci ilin noyabr ayından etibarən cavabdeh razılaşmanın tələblərini pozaraq həmin gəliri iddiaıya verməkdən imtina edir. İddiaçı isə belə olduqda ümumiyyətlə qanuni mülkiyyətindən çıxmağını ondan tələb etdi. Lakin 6 aydan uzun müddətdir ki, cavabdeh iddiaçının qanuni mülkiyyətini zəbt edir və birmənalı olaraq oradan çıxmaqdan imtina edir. Dəfələrlə iddiaçı cavabdehdən qeyri-yaşayış sahəsindən çıxmalı olmasını və qanunun tələbini izah etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehin qanunsuz olaraq iddiaçının mülkiyyətində olan obyektdən istifadə etməsi nəticəsində ona ağır maddi ziyan dəymişdir. İddiaçı həmin 6 ay müddətində obyekti təyinatı üzrə istifadə edə və kifayət qədər gəlir əldə edə bilərdi. Həmçinin, tərəflərin razılaşmasına əsasən cavabdehin iddiaçıya ödəməli olduğu pulu ödəməkdən boyun qaçırtması səbəbi ilə iddiaçının bir çox şəxslərə müxtəlif məbləğlərdə borcları yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.9 m2 olan qeyri-yaşayış binasından çıxarılması və şifahi razılaşmaya əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 6 aylıq icarə haqqının, yəni ümumilikdə 12.000 (on iki min) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 15.06.2002-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikah münasibətlərindən tərəflərin 15.12.2003-cü il təvəllüdlü X3 və 14.06.2006-cı il təvəllüdlü X4 adında iki övladları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2(009)-608/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi ləğv edilmiş, 16.06.2019-cu ildə tərəflər arasında nikah müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış binası cavabdehin adına rəsmiləşdirilmiş, tərəflər arasında olan şifahi razılaşmaya görə sözügedən qeyri-yaşayış binasını cavabdehin istifadəsində qalmaqla istifadəyə görə iddiaçı cavabdehə hər ay 2000 manat məbləğində gəlir vərəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış nikah qeydi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2(009)- 608/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, həmin qətnamə ilə tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş 15.12.2003-cü il təvəllüdlü X3 və 14.06.2006-cı il təvəllüdlü X4 adında iki övladları iddiaçının himayəsində saxlanılmışdır. Qeyd edilmiş qətnamə qəbul edildikdən sonra cavabdeh iddiaçının uşaqları ilə nəfəs aldığını, onlardan ayrı yaşaya bilmədiyini bildiyindən, ona təklif etmişdir ki, əgər iddiaçıya məxsus əmlaklardan ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Səbail rayonu, Adil Quliyev küçəsində istifadədə olan 0,5475 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 4 mərtəbəli evdə ümumi sahəsi 71,68 kv.m olan 10 nömrəli, 3 otaqlı mənzili və həmin ünvanda yerləşən 10 nömrəli, 4 mərtəbəli binada yaşayış sahəsi 55,68 kv.m olan, 3 otaqlı 9 saylı mənzili onun adına rəsmiləşdirilməsinə və istifadəsinə verilməsinə, o cümlədən hissə-hissə ona iki il müddətində 30.000 manat pulu borc verəcəyinə razılıq versə, o, hər iki uşağın iddiaçının yanında və himayəsində böyüməsinə etiraz etməyəcəyinə razılıq verəcəyini bildirmişdir. Tərəflər arasında 16.06.2019-cu ildə nikah müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Səbail rayonu, Adil Quliyev küçəsində istifadədə olan 0,5475 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 4 mərtəbəli evdə ümumi sahəsi 71,68 kv.m olan 10 nömrəli , 3 otaqlı mənzili və həmin ünvanda yerləşən 10 nömrəli, 4 mərtəbəli binada yaşayış sahəsi 55,68 kv.m olan 3 otaqlı 9 saylı mənzili onun adına rəsmiləşdirilməsinə razılıq verdi. Həmin müqavilə bağlandıqdan sonra qeyd edilmiş iki mənzili iddiaçı cavabdehə təhvil verdi. ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsi isə nikah müqaviləsi bağlandığı zaman artıq 1 il idi ki, icarədə olduğunu və icarə müqaviləyə əsasən iddiaçıya aylıq 300 manat icarə haqqının ödənildiyini bilirdi, lakin uşaqlar iddiaçının yanında yaşadıqlarından icarə haqqını istəməyəcəyini söylədiyindən iddiaçı ona həmin obyekdən aldığı icarə haqqını ona verməmişdir. Eyni zamanda, cavabdeh yaxşı bilirdi ki, həmin yalnız 61,9 kv.m metr sahəsi onun mülkiyyətindədir. Əslində cavabdehin icayə verdiyi həmin obyektin ümumi sahəsi 138,98 kv.m-dir, tikilinin 78 kv.m cavabdehə heç bir aidiyyatı yoxdur. Bununla belə iddiaçı cavabdehə verdiyi sözə əməl edərək mülkiyyətinə keçirdiyi iki mənzilin təmirinə və özünə münasib iş qurmaq məqsədi ilə ondan borc istədiyi 30.000 manatdan 2019-cu ilin iyul ayından 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə 27.500 manat pulu onun Bankda açdığı hesab nömrəsinə köçürməyi ödəniş qəbzləri ilə sübuta yetirilir. Bu əsasla da iddiaçı hazırda icarədə olan ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsini, 78 kv.m sahəsinin istifadəsində qalmaq şərtilə ona təhvil verilməsinə etiraz etmir, lakin cavabdeh də 2019cu ilin iyul ayından 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə iddiaçıdan borc aldığı 27.500 manat pulu da ona qaytarmalıdır. Göstərilənlərə əsasən ilkin iddianın qismən, ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddiaçıya qaytarılması hissədə təmin edilməsi, qalan hissədə iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X2 27.500 manat borc aldığı vəsaitin ondan alınaraq iddiaşəya qaytarılmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, təmin olunmasını, qarşılıqlı iddiaya qarşı isə etirazını təqdim edərək Cavabdeh hissəhissə borca 29.500 manat məbləğində pul almasını inkar etmiş, qeyd olunan məbləğin ona məxsus qeyri-yaşayış sahəsi üzrə icarə haqqı olaraq cavabdehin ona verməsini, sonuncuya heç bir məbləğdə borcunun olmadığını bildirərək, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddia üzrə tələbi qismən qəbul etdiklərini - qeyri-yaşayış sahəsinin boşaldılmasına etiraz etmədiklərini, lakin heç bir icarə borcunun olmadığını bildirmiş, həmçinin, qarşılıqlı iddianı müdafiə etdiklərini, İddiaçı vermiş olduğu 29500 manat pulun alınaraq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hər iki tərəfin irəli sürdüyü iddia tələblərini, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki tələb qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda olan 61.90 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan 14.11.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanda olan 61.90 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən “X7” MMC-yə aylıq 300 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16.05.2019-cu il tarixli olan nikah müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında birgə nikah dövründə əldə olunmuş əmlakların qanuni rejimi dəyişdirilmiş, əmlaklara xüsusi rejim tətbiq olunmuş, həmçinin ünvan 4 ünvanda olan 61.90 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən İddiaçı bağışlanmışdır. İş materillarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-608/2019 saylı, 23.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahda anadan olmuş uşaqları Cavabdeh və N.Həsənovun anaları İddiaçı yanında qalmaları müəyyən olunmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş qəbzlərin ksero-surətlərindən görünür ki, Cavabdeh tərəfindən 29.07.2019-cu il tarixdən 12.05.2021-ci il tarixə kimi hər ay müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə (500-1500 manat civarında) İddiaçı pul göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 4 ünvanda olan 61.90 kv.m qeyriyaşayış sahəsi 2019-cu il tarixində Cavabdeh tərəfindən İddiaçı bağışlanmışdır. İddiaçı iddia edir ki, qeyd olunan sahəni keçmiş həyat yoldaşı Cavabdeh icarəyə vermiş, sonuncu isə ona hər ay icarə haqqı olaraq 2000 manat pulu bank vasitəsilə göndərmiş, lakin son ayları cavabdeh icarə haqqını ödəmədiyindən onun qeyri-yaşayış sahəsindən çıxarılmasını və yaranmış icarə borclarını ödəməsini tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qeyd olunan sahədən çıxmağa razı olduğunu, lakin İddiaçı borc olaraq vermiş olduğu 29500 manat pulun ona qaytarılmasını tələb edir. Məhkəmə ilkin iddia üzrə irəli sürülmüş tələbin “Cavabdeh ünvan 4 ünvanda olan 61.90 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması”na dair hissədə təmin olunmasını mümkün olduğu qənaətinə gələrək, bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, işin hallarından da məlum olduğu kimi, göstərilən sahə mübahisəsiz mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlarından həmin sahənin Cavabdeh faktiki istifadəsində olması müəyyən olunmuşdur. Mülkiyyətçi İddiaçı ilə faktiki istifadəçi Cavabdeh arasında qeyri-yaşayış sahəsinin istifadəyə, icarəyə verilməsinə dair heç bir rəsmi müqavilə, razılaşma olmadığından ilkin iddiaçının öz qanuni mülkiyyətində olan sahəni özünün birbaşa sahibliyinə qaytarılmasını tələb etməkdə tam haqlı olması şübhəsizdir. Həmçinin, Cavabdeh sözügedən qeyri-yaşayış sahəsini tərk etməsi ilə bağlı heç bir etirazı yoxdur, bunu qarşılıqlı iddia ərizəsində də bir tələb kimi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iş materiallarına əlavə olunmuş “pul köçürülmələrinə” dair qəbzlərin təsdiq olunmamış kserosurətini dəlil kimi irəli sürərək, köçürülən məbləğlərin Cavabdeh tərəfindən icarə haqqı kimi ona verildiyini, həqiqətən də onlar arasında sözügedən qeyri-yaşayış sahəsinin icarəsinə dair şifahi razılaşmanın olduğunu bildirir. Buna dair qarşı tərəf əks dəlil kimi qeyd olunan qəbzlərin onun tərəfindən İddiaçı verdiyi borc məbləği olmasını, həmin məbləği hissə-hissə, özünə iş qurması üçün ona göndərdiyini iddia etmişdir. Lakin məhkəmə işin faktiki hallarını və tədqiq olunmuş materialları araşdıraraq, ilkin iddia üzrə irəli sürülmüş tələbin “Cavabdeh ilə şifahi razılaşma əsasında iddiaçıya ödənilməli olan 6 aylıq icarə haqqının, ümumilikdə 12000 manat məbləğində maddi zərərin tutularaq ona ödənilməsinə dair” hissəsində, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının “İddiaçı 29500 manat borc aldığı vəsaitin Cavabdeh qaytarılması”na dair hissəsində hər iki iddia tələblərinin heç bir mötəbər sübutla təsdiq olunmadığından təmin olunmalarını mümkün hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin biri-birilərinə qarşı olan “icarə haqqı” – “borcun qaytarılması” kimi pul tələbləri hüquqi əsasa malik olmadığından öz təsdiqini tapmır və yalnız tərəflərin formal və heç bir dəlilə, sübuta söykənməyən mülahizələrindən ibarətdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qeyriyaşayış sahəsinin icarəsinə, bu və ya digər qaydada istifadəsinə dair heç bir razılaşma, müqavilə mövcud deyil. Bundan başqa tərəflər arasında heç bir borc müqaviləsinin, bu və ya digər formada İddiaçı üzərinə pul öhdəliyi götürməsini göstərən heç bir əqdin mövcud olmadığı bir halda qarşılıqlı iddiaçı Cavabdeh qeyd olunan qəbzlərdə göstərilən məbləğin borc olaraq İddiaçı vermiş olması da tutarsız bir tələb kimi rədd olunmalıdır. Bundan başqa, məhkəmə tərəflər arasında əvvəllər nikah münasibətlərinin mövcud olmasını, birgə nikahdan iki uşaqlarının olmasını, uşaqların boşanmadan sonra anaları İddiaçı yanında saxlanılmalarını, həmçinin köçürülən vəsaitin ilkin iddiaçının qeyd etdiyi stabil “icarə haqqı” – 2000 manat deyil, müxtəlif məbləğlərdə ***-**** manat civarında dəyişməsini diqqətəlayiq bir hal kimi nəzərə alaraq, köçürülən məbləğlərin həqiqətən də real məbləğlər olduğu təqdirdə, bunun ailənin, uşaqların saxlanmasına xərclənməsi kimi də qiymətləndirilməsinin mümkün olduğunu hesab edir. Bundan əlavə, məhkəmə, tərəflərin təqdim etdikləri və öz tələblərini əsaslandırdıqları “pul köçürülmələrinə” dair qəbzlərin təsdiq olunmamış kserosurətinin mötəbər sübut kimi qiymətləndirilməsinə gəlincə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü məddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü məddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Göründüyü kimi qanunverici məhkəməyə təqdim olunmuş yazılı sübutlar üçün vacib normativlər müəyyən edir və müvafiq qaydada onlara istinad olunmasının mümkünlüyünü yalnız – sənədin əsli və ya təsdiqlənmiş surəti olduğu halda məqbul sayır. Qeyd olunanlara əsasən də məhkəmə tərəflərin öz tələblərində istinad etdikləri “pul köçürülməsinə dair qəbzlərin” kserosurətlərini obyektiv həqiqətin müəyyən edilməsində mötəbər sübut kimi qiymətləndirilməsini qənaətbəxş hesab etmir. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda olan 61.90 kv.m qeyri-yaşayış sahəsindən çıxarılsın. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar