Məhkəmə qərarları › İş №2(006)-4261/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4261/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4261/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953- 18392/2 saylı Razılaşmalar daxil olmaqla) ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 22.142,40 manat əsas borc, 2.686,83 manat məbləğində cari faiz borcu və 1.927,47 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 26,756,70 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 11 iyun 2020-ci il tarixli BAKUl-4953-18392/1 və 1 1 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmalara əsasən, ikinciyə 27%-lə 36 ay müddətinə ümumilikdə 25.000,00 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392+BAKU1-6770 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit X1 cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 26 mav 2021-ci il tarixinədək verilmiş kredit üzrə 22.142,40 manat əsas borc, 2.686,83 manat məbləğində cari faiz borcu və 1.927,47 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 26.756,70 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi ifadəsində bildirilmişdir ki, borcunu etiraf edir, əmək haqqısından ödənişlər edəcək. Faiz məbləği çoxaldığından və maddi vəziyyəti yaxşı olmadığından ödəniş etməsi çətinləşmişdir. Faizlərin dayandırılmasını və cərimələrin azaldılmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2020-ci il tarixli, BAKU1-4953- 18392 nömrəli kredit müqaviləsi, 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmaların surətindən görünür ki, borcalan Cavabdeh1 36 ay müddətinə illik 27% dərəcəsi ilə 20.000 manat və 5.000 manat olmaqla, ümumilikdə 25.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi Cavabdeh2nın zaminliyi ilə təmin edilmişdir. "xxxx" BOKT MMC tərəfindən borcluya ünvanlanan 16.03.2021-ci il tarixdə göndərilən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməli olduğu barədə bank tərəfindən xəbərdar olunmuşlar. 26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 11.06.2020-ci il tarixli BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi üzrə 22142,40 manat əsas, 2686,83 manat faiz borcu, 1927,47 manat cərimə borcu, cəmi 26756,70 manat borcunun olması müəyyən edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2020-ci il tarixli, BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi, 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953- 18392/2 saylı Razılaşmalarına əsasən bank tərəfindən borcalan Cavabdeh1 36 ay müddətinə illik 27% dərəcəsi ilə 25.000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və nəticədə onun 26.05.2021-ci il tarixli maliyyə arayışına əsasən 22142,40 manat əsas borc, 2686,83 manat faiz borcu, 1927,47 manat cərimə borcu, cəmi 26756,70 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Eyni zamanda Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Çünki 22142,40 manat əsas borc məbləğinə münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Məhkəmə həmçinin iddianın “cavabdehlə bağlanmış kredit müqaviləsinin və razılaşmaların ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş 11.06.2020-ci il tarixli, BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi, 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmalarını birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, zamin Cavabdeh2 11.06.2020-ci il zaminlik müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh-borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2020ci il tarixli, BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi, 11 iyun 2020-ci il tarixli BAKU1-4953- 18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmaları ləğv edilməli, 22142,40 manat əsas borc, 2686,83 manat faiz borcu, 100 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 24957,23 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2020-ci il tarixli, BAKU1-4953- 18392 nömrəli kredit müqaviləsi və həmin müqavilə əsasında tərtib olunmuş 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 saylı və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmalar ləğv edilsin. Əsas borc üzrə 22.142,40 manat, faiz borcu üzrə 2.686,83 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 24.957,23 məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar