Məhkəmə qərarları › İş №2(006)-4281/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4281/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4281/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AKX-00722xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə xx.xx.2020-ci il tarixdə Zenner markalı, G-4 T mexaniki tipli, **********3 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 4.9- cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 1094,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin hazırda qalıq borcla birlikdə ümumilikdə borcu 2321,73 manat təşkil etməkdədir (AGİS üzrə aktlar əsasında 1094,40 manat + istehlak olunan qaza görə cari borc 8,20 manat ödəniş 10,60 manat = 1092 manat + GASREP üzrə borc 1229,73 manat= 2321,73 manat). Göstərilənlərə əsasən Cavabdeh tərəfindən 2321,73 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2351,73 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2327,63 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2357,63 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia edir ki, Cavabdeh 6 akt üzrə cəmi 1094,40 manat məbləğində İB-yə ziyan vurmuşdur. Əslində həmin 6 aktla müəyyən olunmuş rəqəm 2404,80 manat təşkil edir. Cavabdeh İddiaçınə istifadə olunmuş qaza görə borcu yoxdur, o, heç vaxt sayğacdan kənar qeyri-qanuni yolla təbii qazdan istifadə hallarına yol verməmişdir. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, xx.xx.2018-ci il tarixli, ******* saylı akt (785,40 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (208,20 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (201,60 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (115,20 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı akt (820,80 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı aktın (273,60 manat) etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış cəmi 2404,80 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-00722xx/xx-2019 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub metr üçün 0,1 manat məbləğində müəyyən edilir. İş materiallarında olan **********00010 saylı abonentin saldosundan görünür ki, Cavabdeh 2327,63 manat borcu yaranmışdır. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X1nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehdən tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ ilkin iddia üzrə cavabdehdən tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, ilkin iddia üzrə cavabdehə məxsus ünvanda ilkin iddia üzrə iddiaçının əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən aktlar əsasında hesablanmış borclar silinməlidir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olundu ki, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus ünvanda smart tipli sayğac quraşdırılmışdır. Smartkart tipli (əvvəldən ödənişli) diafraqmalı məişət qaz sayğacı istehlakçıya verilən qazın həcmini uçotunun aparılması üçün istifadə olunur. “Qazdan istifadə Qaydalar”ının 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin hallarından məlum olur ki, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus yaşayış sahəsində G-4 T markalı smart kart tipli sayğac quraşdırılmışdır. Smart kart tipli sayğac (əvvəlcədən ödənişli) və smart karta (qaz kartına) yüklənilmiş pul müqabilində qaz buraxır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən- qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli,xx.xx.2018-ci il tarixli, ******* saylı akt (785,40 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (208,20 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (201,60 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (115,20 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı akt (820,80 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı akt (273,60 manat) etibarsız hesab edilməli və həmin aktlar əsasında hesablanmış cəmi 2404,80 (iki min dörd yüz dörd manat, səksən qəpik) manat məbləğində borc ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixli, ******* saylı akt (785,40 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (208,20 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (201,60 manat), xx.xx.2018-ci il tarixli, ******* saylı akt (115,20 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı akt (820,80 manat), xx.xx.2020-ci il tarixli, ******* saylı akt (273,60 manat) etibarsız hesab edilsin və həmin aktlar əsasında hesablanmış cəmi 2404,80 (iki min dörd yüz dörd manat, səksən qəpik) manat məbləğində borc ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar