Məhkəmə qərarları › İş №2(006)-4324/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4324/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4324/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun, Cavabdeh, onun vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X6 xx xxxxxx 2018-ci il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağladığı borc müqaviləsi ilə 50000 manat məbləğində pulu borc vermişdir. Müqaviləyə görə cavabdeh 6 ay, yəni xx.xx.2019-cu il müddətinədək borc məbləğini tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilə 6 ay müddətində bağlanılmış və məbləğ tam ödənildikdən sonra ləğv edilmiş sayılacaqdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, borc məbləğini iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın elan etdiyi uçot faiz dərəcəsi 2018-ci ildən başlayaraq hazırkı vaxta kimi 13%- 7,25% dərəcəsində olmuşdur. Buna uyğun olaraq orta hesabla 10% illik hesablanmaqla 1 il 6 ay müddətinə 7500 manat faiz hesablanıb cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən 50000 (əlli min) manat əsas borc məbləğinin və 7500 (yeddi min beş yüz) manat faiz borcunun, 30 manat dövlət rüsumunun, ümumilikdə 57530 (əlli yeddi min beş yüz otuz) manatın Cavabdeh alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Cəbrayılov Rəşad Vəkil oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun vəkili X7 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, əsl həqiqətdə tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olmamışdır. Onlar şərikli kafe işlədirdilər və bundan gələn gəlirləri öz aralarında bölüşdürürdülər. Müqavilədə göstərilən 50.000 manat məbləğində pul vəsaiti isə İddiaçı şərik kimi kafeyə qoyduğu puldur. Sonuncunun xahişi ilə bu münasibətlər borc münasibətləri kimi rəsmiləşdirilmişdir. Qeyd olunanlara görə tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, kafe açılanda ilk vaxt Elçin və Əhməd adlı şəxslər var idi. Elçin 1-2 ay sonra şəriklikdən çıxacağını bildirdi. Əhməd Aymanla onun yoldaşını tanış etdi. Əhməd birinci ay icarə puluna kömək etdi. İddiaçı pulu hər ay Səmədova Könül verirdi. Hər dəfə pul veriləndə hesablanırdı. Elə ay olmamışdır ki, iddiaçı tərəfindən pul götürülməsin. İddiaçı iyul ayından şərikliyə qoşulub, avqust ayından 2 il ərzində hər ay qazanca uyğun pay bölünüb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səmədova Könül Zülfüqar qızı ifadəsində bildirmişdir ki, o, kafedə satıcı işləyir. İddiaçı hər ay ondan pul götürürdü. Cavabdeh özü kafedə olanda pulu İddiaçı özü verirdi. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu H.Y.Vəliyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cucuyeva X3 Ucal Elxan oğluna 50.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2019-cu il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 50.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş materiallarında olan sənədlərə qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh 50.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “7500 manat faizin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin məbləğin nədən yarandığı, necə hesablandığı məlum deyildir. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, həmin ifadələrin mötəbərliliyi məhkəmədə şübhə doğurduğuna, həmçinin onların və iş üzrə cavabdehin tərəflər arasında əsl həqiqətdə kafenin işlədilməsi ilə bağlı işgüzar münasibətlərin olması barədə verdikləri izahat və ifadələr işin materiallarında olan sənədlərlə təsdiq olunmadığına görə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 50.000 (əlli min) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 (əlli min otuz) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 (əlli min otuz) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: (99412) 431 44 05 İş № 2(006)-4615/2018 xx.xx.2018 İddiaçı: X2 Beyləqan rayonu, 1-ci Şahsevən kəndi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 75, mənzil 41 Cavabdeh: X4 Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147, mənzil 4 Nəsimi Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(006)-4615/2018 saylı qətnamənin surətini məlumat üçün Sizə göndərir. Qoşma: qətnamənin surəti Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar