Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-433/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpasına sərf olnmuş 5.500 manat məbləğində maddi zərərin əvəzinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən onlara ödənilməsi, yazılı surətdə ondan (İddiaçı1) üzr istənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmaları Departamentinin İstintaq İdarəsində onun (İddiaçı1) barəsində başlanılmış ********* saylı cinayət işi üzrə ailənin ümumi istifadəsində olmuş, lakin mülkiyyət hüququ ilə onun (İddiaçı1) adına rəsmiləşdirilmiş "Mercedes ML-350" minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulmuş və həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən elan olunmuş 13 iyul 2017-ci il tarixli ittiham hökmü ilə sözügedən nəqliyyat vasitəsinin müsadirəsinə dair qərar qəbul edilmişdir. Sonradan həmin cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli, 1(102)-14/2019 saylı qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli ittiham hökmü və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli yekun qərarı ləğv edilmiş, mülki iddianın təmin olunmasına dair müddəalar hər iki məhkəmə aktından xaric edilmiş, nəticədə isə üzərinə həbs qoyulmuş əmlaklar, o cümlədən ailənin ümumi istifadəsində olmuş "Mercedes ML-350" minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həbsdən azad edilmişdir. Sözügedən nəqliyyat vasitəsi saxlancdan qəbul edilərkən müəyyən olunmuşdur ki, məhz cinayət prosesini həyata keçirən orqanların bilavasitə səhvi, sui-istifadəsi və özbaşınalığı səbəbindən 2 ildən artıq bir müddətdə naməlum şəraitdə saxlanılmış nəqliyyat vasitəsi ciddi aşınmaya məruz qalmış və bununla əlaqədar olaraq mülkiyyətlərinə 15.500 manat məbləğində maddi zərər vurulmuşdur. Zərərin əvəzinin ödənilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsi qarşısında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı və 3-cü şəxs qismində Dövlət Vergi Xidmətinə qarşı iddia qaldırılmışdır. İddia tələblərindən biri kimi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 59-cu maddəsinin 3-cü hissəsinin tələbi əsas götürülməklə Vergi Cinayətlərinin İbtidai Araşdırmaları Departamenti tərəfindən ondan (İddiaçı1) yazılı surətdə üzr istənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 24 avqust 2020-ci il tarixli qətnamə ilə iddia tələbləri rədd edilmiş olsa da, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixdə qəbul etdiyi qətnamə ilə onların apelyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, 15.500 manat məbləğində real zərərin 8.076 manat hissəsinin ödənilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tələb olunmuş, Vergi Cinayətlərinin İbtidai Araşdırmaları Departamenti tərəfindən ondan (İddiaçı1) yazılı surətdə üzr istənilməsi barədə tələbləri isə təmin olunmayaraq qətnamənin əsaslandırıcı hissəsində xüsusilə qeyd olunmuşdur ki, bu tələbin yerinə yetirilməsi üçün ilk növbədə onun (İddiaçı1) Dövlət Vergi Xidmətinə yazılı müraciəti olmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 27 may 2021-ci il tarixli qətnamə kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ilə qətnamə əsaslı və qanuni hesab edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla əlaqədar olaraq 2022-ci ilin aprel ayında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ümumilikdə 8121,80 manat məbləğində real zərərin əvəzi onların bank hesablarına ödənilmişdir. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının preyudisial əhəmiyyəti əsas götürülməklə onun (İddiaçı1) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 28 aprel 2022-ci il tarixli pretenziya ünvanlanaraq yazılı surətdə üzr istənilməsi tələb olunmuşdur. Buna baxmayaraq, qanuni qüvvədə olan məhkəmə aktlarından irəli gələn bu tələb Dövlət Vergi Xidməti tərəfindən yerinə yetirilməmiş və 16 iyun 2022-ci il tarixli cavab məktubu ilə faktiki olaraq həmin tələbin yerinə yetirilməsindən imtina olunmuşdur. Bundan əlavə 15.500 manat məbləğində real zərərin əvəzinin ödənilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsində pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdikləri xərclərin əvəzinin onlara ödənilməsi tələb olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin 2-ci hissəsindən məlum olduğu kimi hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər zərərin əsaslarından biridir. İşin faktiki hallarından məlumdur ki, 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmaları Departamentinin İstintaq İdarəsində onun (İddiaçı1) barəsində başlanılmış ********* saylı cinayət işi üzrə istintaq orqanının vəsatəti və təqdimatı əsasında Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə "Mercedes ML-350" minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularkən ailənin birgə (ümumi) mülkiyyəti cinayət mühakimə icraatının predmetinə çevrilmiş, bununla da onlar sözügedən nəqliyyat vasitəsindən istifadə etmək hüququndan məhrum edilmişlər. 2 ildən artıq bir müddət ərzində həmin nəqliyyat vasitəsi cinayət prosesini həyata keçirən orqanların sərəncamında qaldıqdan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 1(102)- 14/2019 saylı qərarı əsasında müəyyən edilmişdir ki, məhz cinayət prosesini həyata keçirmiş orqanların məsul vəzifəli şəxslərinin bilavasitə səhvi və hakimiyyət səlahiyyətlərindən sui-istifadəsi nəticəsində ailənin ümumi mülkiyyətində olan "Mercedes ML-350" minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birbaşa qəsdə məruz qalmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində xüsusilə qeyd olunur ki, mülkiyyət dövlət tərəfindən müdafiə olunmaqla toxunulmazdır. Həmin maddənin İİİ hissəsində isə birmənalı şəkildə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhz bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələbləri əsasında dövlət hər kəsin mülkiyyət hüququna təminat verərək bu maddənin İİİ hissəsində qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququna anlayış verən qanunverici orqan isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin 1-ci hissəsində qeyd edir ki, subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ mülkiyyət hüququnun əsasıdır. Bu səbəbdən dövlət, Azərbaycan Respublikası Konstitusiyasının 31ci maddəsinin İİ hissəsində qanunda nəzərdə tutulmuş halları istisna etməklə mülkiyyətə qəsd etməyi qadağan etmişdir. Bununla əlaqədar olaraq cinayət mühakimə icraatının prosessual qaydalarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-ci maddəsinin 3-cü hissəsində xüsusilə qeyd olunur ki, həbs yalnız təqsirləndirilən şəxsin ər - arvadın birgə mülkiyyətindəki payı üzərində qoyula bilər. Qanunun bu tələbinə baxmayaraq, onun (İddiaçı2) barəsində cinayət təqibi həyata keçirilmədən istintaq orqanının vəsatəti və təqdimatı əsasında Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə ailənin ümumi mülkiyyətində olan "Mercedes ML-350" minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə bütövlükdə həbs qoyularaq nəqliyyat vasitəsi saxlanca götürülmüş, bununla nəqliyyat vasitəsinin istismarı tamamilə məhdudlaşdırılaraq istifadəsi qadağan edilmiş, nəticədə isə cinayət prosesini həyata keçirən orqanlar bilavasitə onun (İddiaçı2) mülkiyyət hüququna qanunsuz olaraq birbaşa qəsd etmiş və mülkiyyət hüququnu kobudcasına pozmuşlar. Bu səbəbdən qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması məqsədilə o (İddiaçı2), nümayəndə qismində qardaşı X1 notarial qaydada təsdiq olunmuş etibarnamə verərək bununla bağlı sonuncuya nağd şəkildə ilkin olaraq 1.000 manat məbləğində pul vəsaiti ödəməklə qəbz almışdır. Bundan əlavə sözügedən nəqliyyat vasitəsi saxlancdan qəbul edilərkən avto-texniki müayinədən keçirilmiş və bununla əlaqədar olaraq Autostar Caucasus GmBH Azərbaycan MMC-nin hesabına 92 manat məbləğində nağd pul vəsaiti ödənilmişdir. Bundan əlavə nəqliyyat vasitəsinin geri alınması ilə əlaqədar 2 il ərzində aparılmış davamlı yazışmalara sərf olunmuş vaxtın, əməyin və nağd pul vəsaitinin (poçt xərcləri, dəftərxana ləvazimatları, kserosurətlər və s.) ümumi məbləği 3.000 manatdan artıq olmuşdur. Həmçinin hər biri 500 manatdan ibarət olmaqla ümumilikdə 1.000 manat nağd pul vəsaiti ödənilməklə birinci və apelyasiya instansiyası məhkəmələrində onun (İddiaçı2) hüquqlarının müdafiəsi nümayəndə qismində X2 tərəfindən təmin olunmuş və buna dair sonuncu tərəfindən müvafiq qəbz imzalanmışdır. Qeyd olunanlardan əlavə pozulmuş hüquqlarının bərpasına nail olmaq məqsədilə əlavə məsrəflər də mövcud olmuş, bununla da pozulmuş hüquqlarının bərpasına sərf olunmuş nağd pul vəsaitinin ümumi məbləği 5.500 manatdan artıq olmuşdur. İşin faktiki hallarından göründüyü kimi, məhz cinayət prosesini həyata keçirmiş orqanların bilavasitə səhvi və hakimiyyət səlahiyyətlərindən sui-istifadəsi nəticəsində onların qanuni mənafeyinə vurulmuş real zərərlə yanaşı pozulmuş hüquqlarının bərpasına sərf edilmiş maddi zərər də mövcud olmuş, lakin bunun əvəzinin ödənilməsi ilə bağlı iddia qaldırılmamışdır. Bununla əlaqədar olaraq tərəflərindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 09 mart 2022-ci il tarixli pretenziya ünvanlanaraq pozulmuş hüquqlarının bərpasına sərf olunmuş 5.500 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi cavabdehdən tələb olunmuş, lakin müraciətləri cavablandırılmamışdır. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlamış olduqları etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, hazırki iş üzrə birgə iddiaçıların iddia tələbi təmin edilməməlidir. İddia tələbinin "Dövlət Vergi Xidmətinin İddiaçı1 yazılı üzr istəməsi” hissəsinə münasibətdə bildirmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərmana əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və tabeliyindəki vergi orqanları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli, F-5 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin bir sıra strukturlarının əsasnamələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Qeyd edilən Əsasnamənin 1.1ci hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi qanunvericiliklə müəyyən edilmiş qaydada vergi nəzarəti (kameral vergi yoxlaması istisna olmaqla), vergidən, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından yayınmaya qarşı preventiv tədbirlərin görülməsi, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta hüquqpozmaları və cinayətkarlığa qarşı mübarizə ilə bağlı ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti sahəsində bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən, hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Baş idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları, dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, habelə müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə iştirak edir (təmsil olunur). Qeyd olunanlar Dövlət Vergi Xidmətinin iş üzrə cavabdeh qismində göstərilməsinin əsassız olduğuna dəlalət edir. Beləliklə İddiaçı2 və İddiaçı1 iddiası üzrə Dövlət Vergi Xidmətinin cavabdeh qismində çıxış etməyi qanunamüvafiq olmadığından onun iştirakı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi ilə əvəz edilməlidir. Həmçinin iddiaçının istinad etdiyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-843/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, "istintaq orqanının səhvi nəticəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yazılı surətdə üzr istənilməsi” tələbi ilə bağlı kollegiya qeyd edir ki, hər nə qədər “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 7-ci maddəsində, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməli olduqları təsbit olunsa da, İddiaçı1 adıçəkilən orqana ondan üzr istənilməsi barədə müraciət ünvanladığı, lakin bundan imtina edildiyi müəyyən olunmamışdır. Başqa sözlə İddiaçı1 həmin iddianı, yalnız adıçəkilən orqan onun müvafiq tələbini yerinə yetirməkdən imtina etdiyi halda səlahiyyətli məhkəmədə irəli sürə bilər. Burada adıçəkilən orqan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsidir. Belə ki, müvafiq məhkəmə qətnaməsindəki göstərilən iddia tələbindən biri də İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin üçüncü şəxs qismində göstərildiyi) cinayət prosesini həyata keçirmiş istintaq orqanının səhvi nəticəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yazılı surətdə üzr istənilməsidir. Deməli iddiaçılar Dövlət Vergi Xidmətinə yox, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət etməli, imtina aldığı təqdirdə həmin orqana qarşı məhkəmədə iddia qaldıra bilər. Bundan əlavə olaraq "İnzibati orqanların Tesnifatının təsdiq edilməsi haqqında Azerbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-cl il 138 nömrəli qərarının 15.2.1-ci hissəsində ərazi vergilər departamentləri (baş İdarələri) ayrıca olaraq İnzibati orqanların təsnifatına aid edilmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Dövlət Vergi Xidmətinin İddiaçı1 yazılı üzr İitəməsi tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur və təmin edilməməlidir. İddiaçının pozulmuş hüquqlarının bərpa edllməsinə sərf edilmiş 5.500 manat məbləğində maddi zərərin ona qaytarılması hissəsində bildirmək istəyir ki, iddiaçı hansı həcmdə, hansı növ maddi zərərin dəydiyini sübut edə bilməmişdir, Belə ki, iddia tələbində qeyd edilir ki, pozulmuş hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması məqsədilə İddiaçı2 nümayəndə qismində qardaşı X1 notarial qaydada təsdiq olunmuş etibarnamə verərək bununla bağlı sonuncuya nağd şəkildə ilkin olaraq 1.000 manat məbləğində pul vəsaiti ödəməklə qəbz almış və sözügedən nəqliyyat vasitəsi saxlancdan qəbul edilərkən avto-texniki müayinədən keçirilmiş və bununla əlaqədar olaraq "xxxx" MMC-nin hesabına 92 manat məbləğində nağd pul vəsaiti ödənilmişdir. Həmçinin iddia tələbində qeyd edilir kl, 2 il ərzində aparılmış davamlı yazışmalara sərf olunmuş vaxtın, əməyin və nağd pul vəsaitinin (poçt xərcləri, dəftərxana ləvazimatları, kserosurətlər və s.) ümumi məbləği 3.000 manatdan artıq olmuşdur. Qeyd olunanlardan əlavə pozulmuş hüquqlarının bərpasına nail olmaq məqsədilə əlavə məsrəflər də mövcud olmuş, bununla da pozulmuş hüquqlarının bərpasına sərf olunmuş nağd pul vəsaitinin ümumi məbləği 5.500 manatdan artıq olmuşdur. Belə ki, Təhqiqat, ibtidai İstintaq, prokurorluq vo məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında, Azərbaycan Respublikasının qanunun 5-ci maddəsində ödənilən ziyanın növləri göstərilir. Bunlara nümunə olaraq, məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması İlə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğləri göstərə bilərlər. Göründüyü kimi, iddiaçının maddi zərər tələbi dəlillərlə əsaslandırılmamış, sadəcə olaraq fərziyyələrə söykənmişdir. Yəni ziyanın vurulması hər hansı təsdiqedici sənədlərə istinad edilməmiş və iddiaçıya hər hansı maddi zərər dəyməsi faktı sübut olunmamışdır. Çünki iddiaçının maddi zərərinin nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı maddi zərərə və hansı miqdarda məruz qalması aydınlaşdırmalıdır. Buna görə də, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 190-cu maddəsinin dispozisiyasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə ödənilən kompensasiyanın yuxarı həddi nəzərdə tutulmuşdur. Belə ki, ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat kompensasiya ödənilir. Buna görə də iddiaçının ona dəymiş ziyana görə tələb etdiyi maddi zərərə görə kompensasiyanın məbləği qeyri-realdır və təmin edilməməlidir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1 və İddiaçı2 “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki iş vardır. Həmin iddia tələbinə etiraz edərək bildirirlər ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddiaçı iddia ərizəsində pozulmuş hüquqlarının bərpasına sərf olunmuş 5.500 manat məbləğində vəsaitin onlara ödənilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı1 yazılı surətdə üzr istənilməsini xahiş etmişdir. İlk növbədə bildirirlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 24 fevral 2020-ci il tarixli iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 15.500 manat vəsaitin onlara ödənilməsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı1 yazılı surətdə üzr istənilməsini, istintaq orqanın səhvi nəticəsində yaranmış məhkəmə xərclərinin onların xeyrinə tutulmasını və Azərbaycan dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati orqanın məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını xahiş etmişdirlər. Həmin iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(103)-843/2021 nömrəli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış və “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 8.076 manat, məhkəmə xərcləri qismində 45,80 manat olmaqla, cəmi 8.121,80 manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı2 və İddiaçı1 ödənilməsi qət edilmiş və iddia qalan hissələrdə təmin olunmamışdır. Ali Məhkəmənin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(103)-843/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış və 8.121,80 manat vəsaitin İddiaçı2 bank hesabına köçürülməsi 7 aprel 2022-ci il tarixdə təmin edilmişdir. Bildirirlər ki, iddiaçılar iddia ərizəsində nəqliyyat vasitəsinin geri alınması ilə əlaqədar 2 il ərzində aparılmış yazışmalara sərf olunmuş vaxtın, əməyin və nağd pul vəsaitinin (poçt xərcləri, dəftərxana ləvazimatları, kserosurətlər) ümumi məbləğini 3.000 manat qiymətləndirmiş, lakin bu xərcləri təsdiq edəcək hər hansı bir sənəd məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı qeyd edirlər ki, nəqliyyat vasitəsinin saxlancdan qəbul edilərkən avto-texniki müayinədən keçirilməsi ilə əlaqədar xərclər Bakı Apelyasiya Məhkəməsinin 27 may 2021ci il tarixli, 2(103)-843/2021 nömrəli qətnaməsi qəbul edilərkən də məhkəməyə məlum olmuş və buna görə kompensasiya müəyyən olunmamışdır. Nümayəndəyə etdiyi kömək üçün ödənilən xərclər ilə bağlı bildirirlər ki, bunu da təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Təsadüfi deyildir ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin əsaslandırılma hissəsində qeyd olunur ki, məhkəmə xərcləri iddia ərizəsi və apelyasiya şikayəti üçün ödənilmiş rüsum məbləğlərindən ibarət olmuşdur və nəzərə alınmalıdır ki, digər xərclərin mövcudluğu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, iddiaçıların hal-hazırki tələbləri əvvəlki iddia tələblərinin predmetinə daxil edilsə də, Bakı Apelyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə həmin iddialar rədd edilmiş və bu səbəbdən hazırki iddia ərizəsi əsassız hesab edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Digər tərəfdən qeyd edirlər ki, iddia ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı1 yazılı surətdə üzr istənilməsini xahiş edilmiş, lakin məhkəmə işinə cavabdeh qismində yalnız Maliyyə Nazirliyi cəlb olunmuşdur. Bununla bağlı bildirirlər ki, prosessual qanunvericiliyin tələblərinə görə prosesdə tərəflər iddiaçı, cavabdeh, üçüncü şəxs ola bilər, iddia tələbinin yönəldiyi və iddiaya cavab verməli olan fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maliyyə Nazirliyi yuxarıda qeyd olunan hissədə iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı öhdəlik də qoyula bilməz. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib, işdə iştrak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə icraata iddia tələbinin “pozulmuş hüquqlarının bərpasına sərf olunmuş 5.500 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən; iddia tələbinin “İddiaçı1 yazılı surətdə üzr istənilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2679/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərin iddiaçılara aid edilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-843/2021 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 birgə verdikləri apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2679/2020 saylı iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “zərərin ödənilməsi, üzr istənilməsi və istintaq orqanının məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmaları” tələblərinin qismən təmin edilməsi, “Mercedes ML-350” minik markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 8.076 manat, məhkəmə xərcləri qismində 45,80 manat olmaqla, cəmi 8.121,80 manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 7079/2021 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, işin mahiyyətindən göründüyü kimi, iddiaçılar hazırki iddia ərizəsində bir neçə tələblə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələblərinin hərtərəfli, obyektiv və tam araşdırılması məqsədilə, həmin tələblərə mərhələli şəkildə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə ilkin olaraq “pozulmuş hüquqlarının bərpasına sərf olunmuş 5.500 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddia tələbinə münasibətdə qeyd edir ki, həmin tələb üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, həmin iddia tələbi üzrə iddia ərizəsinin məzmunundan görünür ki, maddi zərər qismində aşağıdakılar tələb olunmuşdur: - nümayəndə qismində X1 (İddiaçı2 qardaşına) ödənilmiş 1.000 manat pul vəsaiti; - nəqliyyat vasitəsinin texniki müayinədən keçirilməsi ilə əlaqədar "xxxx" MMC-nin hesabına ödənilmiş 92 manat pul vəsaiti; - nəqliyyat vasitəsinin geri alınması ilə əlaqədar 2 il ərzində aparılmış davamlı yazışmalara sərf olunmuş vaxtın, əməyin və nağd pul vəsaitinin (poçt xərcləri, dəftərxana ləvazimatları, kserosurətlər və s.) ümumi məbləği olaraq 3.000 manatdan artıq pul vəsaiti; - hər biri 500 manatdan ibarət olmaqla, birinci və apelyasiya instansiyası məhkəmələrində hüquqlarının müdafiəsi ilə əlaqədar nümayəndə qismində X1 (İddiaçı2 qardaşına) ödənilmiş 1.000 manat pul vəsaiti. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış və iddiaçıların maddi zərər qismində tələb etdikləri pul vəsaitləri bilavasitə işə baxılması ilə əlaqədar çəkilmiş məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik məhkəmə xərclərinin tərkibini müfəssəl şəkildə müəyyən etmişdir. Bu tərkibə işə baxılması ilə əlaqədar yuxarıda qeyd olunmuş məsrəflər aid edilir. İddia tələbindən də göründüyü kimi, iddiaçılar məhkəmə xərcləri ilə əlaqədar öncədən də məhkəməyə müraciət etmiş və həmin məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə ki, ilk öncə iddiaçıların tələbi işə baxmış birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, sonradan iddiaçılar tərəfindən məhkəmənin qeyd edilən qətnaməsi yuxarı instansiya məhkəməsində mübahisələndirilmiş və nəticə etibarı ilə yaranmış mübahisə üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-843/2021 saylı qətnaməsi qəbul edilmişdir. Qəbul edilmiş qətnamədə tərəflərin digər tələbləri ilə yanaşı “məhkəmə xərcləri” adlı tələblərinə münasibət bildirilmiş və məhkəmə xərcləri qismində ümumilikdə 45,80 manat məbləğində pul vəsaitinin tutulması məqbul hesab edilmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iddiaçılar apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalaraq, ondan kassasiya şikayəti versələr də, kassasiya şikayətində məhkəmə qətnaməsinin “məhkəmə xərclərinin tutulması”na dair hissəsini mübahisələndirməmişlər. Bu səbəbdən iddia tələbinin “məhkəmə xərcləri” adlı hissəsi kassasiya icraatının baxış predmetinə aid edilməmiş və yalnız digər tələblərin dəlilləri araşdırılaraq müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslarla qaldırılan mübahisəyə baxılmış və müvafiq qərar (qətnamə) qəbul edilmişdir. Belə olan halda isə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilmiş tələbə yenidən baxılması yolverilməz olduğundan, qanunvericiliyin müddəalarına uyğun olaraq iddia tələbinə bu hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə işin hallarını, o cümlədən qanunvericiliyin tələblərini əsas götürüb, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə icraata iddia tələbinin “pozulmuş hüquqlarının bərpasına sərf olunmuş 5.500 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə xitam verilməli olduğu qənaətinə gəlir. Məhkəmə, iddia tələbinin “pozulmuş hüquqlarının bərpasına sərf olunmuş 5.500 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibət bildirdikdən sonra, iddianın “İddiaçı1 yazılı surətdə üzr istənilməsi” hissəsi ilə bağlı da bir sıra məqamların vurğulanmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. - 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. - 59.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. - 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. - 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. - 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından - təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; - bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; - bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə şikayət verilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı1 digər tələblə yanaşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ondan yazılı surətdə üzr istənilməsini də xahiş etmişdir. Lakin bu məsələlərin cinayət mühakimə icraatı qaydasında tənzimlənməsi, həmin məsələlərə mülki məhkəmə icraatı qaydasında baxılmasını (həll edilməsini) istisna edir. Belə ki, cinayət prosessual qanunvericilik cinayət prosesini həyata keçirən orqanın üzərinə onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməsi vəzifəsini və həmin vəzifənin yerinə yetirilməməsi nəticəsində cinayət prosesini həyata keçirən orqanın məsuliyyətini təsbit etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bu məsələ ilə əlaqədar aidiyyəti orqana müraciət edilməsi və müraciətinə uyğun cavabın verilməməsi iddiaçıya həmin məsələ ilə əlaqədar cinayət mühakimə icraatı qaydasında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122-ci maddəsinə əsasən müraciət etmək hüququnu istisna etmir. Belə olan halda məhkəmə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair mülki iş icraata iddia tələbinin “İddiaçı1 yazılı surətdə üzr istənilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı1 cinayət mühakimə icraatı qaydasında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122-ci maddəsinə nəzərdə tutulmuş qaydada müraciət etmək hüququnun olması izah edilməlidir. Beləliklə məhkəmə işin bütün hallarını nəzərə alıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. - 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi və yazılı surətdə üzr istənilməsinə dair öhdəliyin qoyulması” tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-433/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-433/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver