Məhkəmə qərarları › İş №2(006)-4350/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4350/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4350/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə 2.627 manat 24 qəpik əsas borc, 2.523 manat 33 qəpik faiz və kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 831 manat 20 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5.981 manat 77 qəpik borcun və ödənilmiş 79 manat 82 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 02 fevral 2010-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 36 faizlə 24 ay müddətinə 2.893 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 02 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə banka 2.627,24 manat əsas borc, 2.523,33 manat faiz, kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 831,2 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5.981,77 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 02 fevral 2010-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda. Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, xx.xx.2010cu il tarixində İddiaçı ASC tərəfindən heç bir kredit almamışdır, heç bir müqavilə bağlamamışdır, bank tərəfindən heç bir bildiriş almamışdır. 2018-ci il tarixində həmin iddia ərizəsi ilə Bank tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunub. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş № 2(006)-3966/2018 saylı xx.xx.2018-ci il tarixli qərardad qəbul edilmişdir. Eyni zamanda o, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş RBB(Y)2352 №-li, xx.xx.2010-cu il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh ilə “Nikoyl” İKB arasında istehlak məqsədi ilə 2893 AZN məbləğin verilməsi barədə müqavilə bağlanmışdır. RBB(Y)2352 №-li, xx.xx.2010-cu il tarixli Kredit Müqaviləsinə 1 Saylı Əlavədən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə aylıq cəmi 171 manat ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə əsas borcu 2627.24 manat, faiz borcu 2523.33 manat, əldən çıxmış fayda üzrə borcu 831.2 manat, ümumilikdə isə banka olan cəmi borcu 5981.77 manat təşkil etmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD8711 saylı Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh pretenziya qaydasına uyğun olaraq, ödəməli olduğu borcu və ödəmədiyi təqdirdə məsuliyyəti barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsin əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə öhdəliyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən, maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borcu 2627.24 manat, faiz borcu 2523.33 manat, əldən çıxmış fayda üzrə borcu 831.2 manat, ümumilikdə isə banka olan cəmi borcu 5981.77 manat təşkil edir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri 02 fevral 2010-cu il tarixdə, kredit müqaviləsinin imzalanması anında yaranmışdır. Müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti 02 fevral 2012-ci il tarixdə başa çatmışdır. İddia müddətinin axımı 02 fevral 2012-ci il tarixdə başlayaraq 02 fevral 2015-ci il tarixdə bitmişdir. Cavabdehin ərizəsində qeyd olunmuşdur ki, eyni iddia ərizəsi ilə 2018-ci ildə məhkəməyə müraciət olunmuş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı hər bir halda vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 79 manat 82 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 79 manat 82 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 79 manat 82 qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar