Məhkəmə qərarları › İş №2(006)-4351/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4351/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4351/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə onun adına olan 024/A saylı kredit müqaviləsi üzrə borcun və gecikmənin silinməsi və bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə rəsmi məlumat göndərilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı 17 aprel 2009-cu il tarixində "xxxx" ASC tərəfindən 024/A saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 12000 (on iki min) ABŞ Dolları həcmində kredit vəsaiti ayrılmışdır. Belə ki, ayrılmış kredit vəsaitini 29 noyabr 2012-ci il tarixdə tam şəkildə ödəmişəm və "xxxx" ASC-yə bu öhdəlik üzrə heç bir borcum qalmamışdır. Sözügedən fakt "xxxx" ASC tərəfindən mənə verilmiş ABKD-1022/12 nömrəli, 29 noyabr 2012-ci il tarixli arayışa əsasən təsdqi edilərək, 024/A saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyimin olmadığı bildirilmişdir. Bir neçə gün öncə Beynəlxalq Banka ipoteka ilə ev almaq üçün müraciət etmişdir. Cavab olaraq onun adında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) gecikdirilmiş və ödənilməmiş kredit olduğunu bildirdilər. Bununla bağlı maraqlandıqda isə ona aydın oldu ki, Amrahbank ASC tərəfindən ona ayrılmış krediti tam olaraq ödəməyinə baxmayaraq, Mərkəzləşdirilmiş Kredit Reyestrində hələ də kredit ödənilməmiş kimi göstərilir. Bununla bağlı "xxxx" ASC-nin baş ofisinə yaxınlaşaraq yaranan problem barədə öyrənməyə çalışmış və bu problemi həll etmələrini tələb etmişdir. "xxxx" ASC tərəfindən ona verilmiş ABKD-1022/12 nömrəli, 29 noyabr 2012-ci il tarixli arayışın surətini həmin bankın əməkdaşlarına təqdim etsə də, bunu həll edə bilməyəcəklərini bildirdilər və əlavə olaraq qeyd etdilər ki, bu problem yalnız məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mərkəzi X3 28 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bu səbəbdən Əmanətlərin Sığortalanması Fondunu cavabdeh qəbul edərək, hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, LPO "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 17.04.2009-cu il tarixli 024/A kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO "xxxx" ASC-yə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO "xxxx" ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X1 ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadın baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 29.11.2012-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 17.04.2009-cu il tarixində 024/A saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 12 000 USD vəsait ayrılmışdır. 29.11.2012-ci il tarixinə "xxxx" ASC-yə bu Öhdəlik üzrə borc yoxdur. 29.11.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC-yə 7400 manat ödəmişdir. "xxxx" MMC-dən 30.07.2021-ci il tarixli, SF-12987 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" ASC-yə 17.04.2009-cu il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 1362,79 USD, faiz məbləği üzrə 0,00 USD məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, İddiaçı 17.04.2009-cu il tarixində 024/A saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 12 000 USD vəsait ayrılmışdır. İddiaçı 17.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-yə borcunun olmaması işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumat verilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Bu hal iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 29.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı heç bir öhdəliyin qalmamasını əks etdirən məktubla təsdiq edilir. Lakin cavabdeh LPO "xxxx" ASC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə baxmayaraq müvafiq məlumatı "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmişdir. Halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat verməlidir. Beləliklə ləğv prosesində olan bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, iddiaçının hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 17.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" ASC-yə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" ASC-yə 17.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar