Məhkəmə qərarları › İş №2(006)-4351/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4351/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4351/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 199,98 ABŞ dolları məbləğində dəymiş maddi zərərin əvəzinin və 250 manat məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində X1 (ABŞ) onlayn formada fəaliyyət göstərən "Amazon.com” (Amazon) mağazasından, 174817 nömrəli müştəri kodu ilə hesabının olduğu cavabdeh vasitəsilə ölkəyə gətirilməsi üçün, 199.98 ABŞ dolları dəyərində olan «AirPods Pro» markalı qulaqlıqlardan ibarət məhsul (Bağlama) sifariş etmişdir. Bağlama TBA**********04 izləmə kodu ilə Amazon tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehin ABŞ-da - DE (Delaware), 601 CORNELL DRİVE, STE G11 b174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanında yerləşən anbarına çatdırılmışdır. Amazonun müştəri xidmətləri ilə apardığı danışıqlar əsasında bağlamanın cavabdehin xaricdəki anbarına (DE (Delaware), 601 CORNELL DRİVE, STE G11 b174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON) çatdırıldığı, bağlamanın təhvil verilməsi ilə bağlı Amazon tərəfindən heç bir problem olmadığı və bağlamanın cavabdehin qeyd edilən ünvanda yerləşən anbarının resepşınında (ön ofisində) əyləşən şəxs (İmzalayan: Jashawan) tərəfindən təhvil alındığı bildirilmişdir. Lakin bağlamanın cavabdehə çatdırılması barədə cavabdeh tərəfindən öz elektron sisteminə heç bir məlumat daxil edilməmiş və bu səbəbdən də bağlama ona hələ də çatdırılmamışdır. xx.xx.2022-ci il tarixində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi haqqında cavabdehə ərizə ilə müraciət ünvanlamış və bağlamanın cavabdehə çatdırılması ilə bağlı sübutları onlara təqdim edilmişdir. Cavabdeh tərəfindən müraciətinə xx.xx.2022-ci il tarixində verilən cavabla qanuni tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh, onun tələbinin təmin edilməsindən imtinanın səbəbini isə Jashawan adlı əməkdaşının olmaması və bu səbəbdən məhsulun cavabdeh tərəfindən qəbul edilməməsi gümanı ilə əsaslandırmışdır. Lakin yuxarıda qeyd etdiyi sübutlara əsasən, bağlama cavabdeh tərəfindən ona təqdim edilmiş - cavabdehin ABŞ-daki xarici anbarının ünvanı olan - DE (Delaware), 601 CORNELL DRİVE, STE G11 b174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanına sifariş edilmişdir. Amazon-un konkret olaraq verdiyi məlumata əsasən, bağlama sözügedən ünvana - DE (Delaware), 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON cavabdehin ABŞ-dakı anbarına birbaşa təqdim edilmişdir. Cavabdeh tərəfindən ona və digər bütün müştərilərinə əvvəlcədən bağlamanın cavabdehin hansı əməkdaşına təhvil verilməli olduğu və ya hansısa əməkdaşların adının məhsul sifariş etdiyi onlayn satış platformalarına bəyan edilməli barədə heç bir məlumat verilməmişdir. Eynilə də bu səbəbdəndir ki, cavabdeh tərəfindən müştərilərə təqdim edilən xaricdəki ünvan məlumatları arasında cavabdehin hər hansı əməkdaşının adı qeyd edilməmişdir. Bağlamanı cavabdehin ona təqdim etdiyi ünvana sifariş vermiş və Amazon da bağlamanı həmin ünvana çatdırmışdır. Həmin ünvanda hansı şəxsin bağlamanı qəbul etmə öhdəliyi və ya resepşnda hansı şəxsin əyləşməsini bilmək müştəri və Amazonun vəzifəsi deyildir və buna görə məsuliyyət daşımırlar. Əgər cavabdeh tərəfindən müştərilərə anbar ünvanı təqdim edilirsə, həmin anbara müştəriyə aid daxil olan bağlamanı qəbul edilməsi, təhvil alınan bağlamanın qeydə alınması, bağlamanın təhlükəsizliyinə nəzarət cavabdehin öhdəliyidir. Cavabdehin anbarında onun əməkdaşının yerinə digər hər hansı şəxs müştəriyə aid bağlamanı qəbul edirsə, bu artıq sifarişçinin və Amazon-un deyil, birbaşa olaraq cavabdehin öz nəzarət öhdəliyini pozmasıdır və bağlamanın oğurlanması və ya itməsi ilə bağlı cavabdeh birbaşa olaraq məsuliyyət daşıyır. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli cavab məktubundan isə, cavabdehin ona və digər müştərilərə təqdim etdiyi ona aid xarici anbar ünvanında hər hansı digər şəxsin bağlamanı qəbul etdiyini bildirilmişdir. Bu cavabdan isə bağlamanın cavabdehə aid anbarda - onun nəzarət etməli olduğu yerdə oğurlandığı məlum olur. Bu səbəbdən cavabdehə aid anbara daxil olmuş bağlamaya nəzarət etməli olduğu halda, nəzarət etməməsi səbəbindən həmin bağlamanın itirilməsi səbəbindən ona dəymiş zərərə görə birbaşa cavabdeh məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin qanunla və müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyqun olmayan hərəkətləri nəticəsində ona 199.98 ABŞ dolları, həmin günün bank məzənnəsinə uyqun olaraq 342.97 manat məbləğdə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən ona vurulan zərərin əvəzi 342.97 manat məbləği elə də böyük məbləğ deyildir. Cavabdeh məhkəmə xərclərinin ödənilməli olan məbləğdən çox olacağını və bu tələblə məhkəməyə müraciət etməyəcəyini düşündüyü üçün hələ də dəymiş ziyanın əvəzini ödəməmişdir. Lakin iş materiallarına əlavə etdiyi FŞ/020/22 nömrəli, 22 avqust 2022-ci il tarixli müqaviləyə və FRB 325056 seriyalı, 22 avqust 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən peşəkar hüquqi yardım alaraq birinci instansiya məhkəməsinə müraciət etməsi üçün iddia ərizəsinin yazılması hüquqi xidmətinə görə 250 manat məhkəmə xərcləri mövcud olmuşdur. Beləliklə, cavabdehin ona ödəməli olduğu məbləğ ümumilikdə 592.97 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Amazon.com onlayn mağazasının Sifariş məlumatlarından görünür ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş 199,98 ABŞ dolları dəyərində «Apple AirPods Pro» markalı qulaqlıq sifariş edilmiş, çatdırılma ünvanı 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubundan görünür ki, cavabdehin ABŞ-dakı bağlamanın çatdırılmalı ünvanı 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON qeyd edilmişdir. Sifarişdən görünür ki, iddiaçıya məxsus bağlama xx.xx.2022-ci il tarixdə birbaşa resepsiyonistə və ya resepsiyondakı birinə verilmişdir, imzalayan: Jashawan. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının təqdim etdiyi yazışmada bağlamanın Signned by Jashawan tərəfindən təhvil alındığı qeyd olunmuşdur. Cavabdehin Jashawan adlı işçisi yoxdur. Cavabdeh tərəfdən təhvil alınan bağlamalar Signned by Fox tərəfindən imzalanır. Daşınma şərtlərində qeyd olunduğu üzrə: 4. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcının xarici anbarında təhvil alınana qədər "Daşıyıcı" bağlama üzərində heç bir məsuliyyət daşımır. Belə olan hallarda iddiaçıya dəymiş maddi zərərin kompensasiya edilməsi müvafiq hesab edilməmişdir. FŞ/020/22 nömrəli, 22 avqust 2022-ci il tarixli Hüquqi xidmətlər haqqında müqavilədən və FRB seriyalı 325056 saylı 22 avqust 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquq xidmətlərinə görə 250 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Məhkəmə tədqiqatı zamanı müəyyən olunduki, iddiaçı tərəfindən Amazon.com onlayn mağazasından 199,98 ABŞ dolları dəyərində «Apple AirPods Pro» markalı qulaqlıq sifariş edilmiş, malın dəyəri iddiaçı tərəfindən ödənilmiş və çatdırılma ünvanı cavabdeh tərəfinən iddiaçıya verilmiş 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanı göstərilmişdir. Amazon.com onlayn mağazası tərəfindən mal xx.xx.2022-ci il tarixdə göstərilən ünvana çatdırılmış və mal Jashawan adlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, onun sifariş etdiyi mal cavabdehin ona təqdim etdiyi ünvana çatdırılmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı məktubundan malın cavabdeh tərəfindən qəbul edilmədiyi göstərilsə də, Amazon.com onlayn mağazasının çatdırılma məlumatlarından görünür ki, mübahisə predmeti olan malın daşınma üçün çatdırıldığı ünvan cavabdehin iddiaçıya təqdim etdiyi 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanıdır. Bu halda, kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq, mal daşınma üçün cavabdehə təqdim edilmiş hesab olunur. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaya qəbul edilmiş mal iddiaçıya 3 aydan artıq müddət keçməsinə baxmayaraq iddiaçıya çatdırılmamışdır. Bu halda məhkəmə hesab edir ki, həmin mal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən itirilmiş hesab edildiyindən onun tam dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan FŞ/020/22 nömrəli, 22 avqust 2022-ci il tarixli Hüquqi xidmətlər haqqında müqavilədən və FRB seriyalı 325056 saylı 22 avqust 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquq xidmətlərinə görə 250 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun olmaqla, ağlabatandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 199,98 ABŞ dolları məbləğində dəymiş maddi zərər (ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə) və 250 manat məhkəmə xərcləri tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar