Məhkəmə qərarları › İş №2(006)-4383/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4383/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4383/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızının cavabdeh LPO "xxxx" KB QSCyə qarşı “borcun silinməsi və borcun olmamasına dair qeyd aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı cavabdehlər LPO "xxxx" KB QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi və borcun olmamasına dair qeyd aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 16.401 manat gecikdirilmiş borcun silinməsi və borclu olmaması barədə qeydin aparılmasının cavabdehlərin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMC-nin əsl cavabdeh LPO "xxxx" KB QSC ilə əvəz edilməsi, "xxxx" KB QSC ilə Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı arasında bağlanmış 11.10.2008-ci il və 26.12.2008-ci il tarixli kredit müqavilələri üzrə borcunun olmaması barədə məlumatların (gecikmə günlərin sayının silinməsi daxil olmaqla) Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin cavabdeh LPO "xxxx" KB QSC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı arasında bağlanmış 11.10.2008-ci il və 26.12.2008-ci il tarixli kredit müqavilələrindən yaranmış tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, Əlizadə (Eyvazova) Gülnarə Oktay qızının həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barədə məlumatın göndərilməsinin LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 13.11.2019-cu il tarixində kredit almaq niyyəti ilə banka müraciət etdiyində ona məlum olmuşdur ki, guya onun hələ 2008-ci ildə "xxxx" KB QSC-dən götürdüyü 8.000 manat (hər biri 4.000 manat olmaqla, iki ayrı kredit müqavilələri) kreditlərdən bu günə gədər gecikdirilmiş müvafiq qaydada 1.978 və 2.334 manat əsas borc, 5.600 və 6.489 manat faiz borcu, cəmi 16.401 manat miqdarında borcu qalmaqdadır. Kredit Bürosunun sənədindən göründüyü kimi, onunla "xxxx" KB QSC arasında iki kredit müqaviləsi baglanmışdır. Birinci kredit müqaviləsi 11.10.2008-ci il tarixində bağlanmış və müqaviləyə uyğun olaraq ona illik 25 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 4.000 manat kredit verilmiş, ikinci kredit müqaviləsi də, eyni şərtlərlə 28.12.2008-ci il tarixində tərəflər arasında imzalanmışdır. Göründüyü kimi, hər iki müqavilənin müddətləri müvafiq olaraq 2010-cu ilin oktyabr və dekabr aylarında bitmişdir. Bu günə qədər bank və yaxud ləğvedicisi tərəfindən məhkəməyə borcun qaytarılması barədə iddia qaldırılmayıb. Sözsüz ki, belə bir borc həqiqətən mövcud olsaydı müqavilələrin bitdiyi gündən 10 (on) ilə yaxın bir zaman keçdiyi halda bu borc hansı səbəbdən ondan tələb edilməyib? O, bank qarşısında olan öhdəliklərini vaxtında və tam həcmdə icra etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə 2 (iki) ay ardıcıl qrafik üzrə ödəniş aparılmadıqda bankın müqaviləyə xitam verilməklə borcun geri qaytarılması barədə məhkəməyə iddia ilə müraciət etmək hüququ yaranır. Eyni zamanda qüvvədə olan qanunvericilyə uyğun olaraq müqavilə müddətinin bitdiyi gündən 3 (üç) il ərzində borcun geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ var. Ortaya sual çıxır ki, onun guya borcu mövcud olduğu halda, niyə bu günə qədər bank və ya ləğvedici bu hüququndan istifadə etmir? Niyə belə bir iddia ilə məhkəməyə müraciət etmir? Bunun bir və inkaredilməz cavabı var - o, öhdəliklərini vaxtında və tam şəkildə icra etmişdir. Lakin buna baxmayaraq kredit tarixçəsindən çıxarışda və cavabdeh bankın əməliyyat sistemində ona 2.334 manat və 1.978 manat əsas və 12.089 manat faiz qismində, cəmi 16.401 manat gecikdirilmiş borc məbləği qeyd olunub. Məhz bu qanunsuzluğa görə də, o, borclu olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunmaqdadır ki, bu da onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Çünki kredit üçün müraciət etdiyi banklar da, məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Hesab edir ki, cavabdehlərin tutduqları mövqedən istifadə edərək onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Onun hazırda bu qanunsuzluqlara qarşı məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Dəfələrlə cavabdeh bankın ləğvedicisinə bu qanunsuzluqlara son qoyulmasını tələb etsə də, heç bir nəticə hasil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - iddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı ilə "xxxx" KB QSC (ləğv prosesindədir) arasında bağlanmış 11 oktyabr 2008-ci il tarixli 130/01/203/08 saylı kredit müqaviləsinə əsasən Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı "xxxx" KB QSC-dən 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4.000 manat kredit almışdır. - iddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı ilə "xxxx" KB QSC (ləğv prosesindədir) arasında bağlanmış 26 dekabr 2008-ci il tarixli 130/01/760/08 saylı kredit müqaviləsinə əsasən Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı "xxxx" KB QSC-dən 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4.000 manat kredit almışdır. - Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, Əlizadə (Eyvazova) Gülnarə Oktay qızının 11 oktyabr 2008-ci il tarixli kredit üzrə 1.977,70 manat kredit qalıq məbləği, 5.599,51 manat faiz məbləği borcu mövcuddur. Əsas və faiz borcu üzrə gecikdirilən günlərin sayı 4014 gündür. Kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi 11.10.2010-cu ildir. - Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, Əlizadə (Eyvazova) Gülnarə Oktay qızının 26 dekabr 2008-ci il tarixli kredit üzrə 2.333,30 manat kredit qalıq məbləği, 6.488,25 manat faiz məbləği borcu mövcuddur. Əsas və faiz borcu üzrə gecikdirilən günlərin sayı 3999 gündür. Kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi 26.12.2010-cu ildir. İş materiallarından görünür ki, iddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı ilə QSC "xxxx" KB (ləğv prosesindədir) arasında 11 oktyabr 2008-ci il tarixli 130/01/203/08 saylı və 26 dekabr 2008-ci il tarixli 130/01/760/08 saylı kredit müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 8.000 manat məbləğində kredit verilmişdir. Həmçinin iş materiallarından görünür ki, keçən müddət ərzində kreditor qanunla müəyyən edilmiş müddət ərzində borc alana qarşı tələb irəli sürməmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, 10 ildən artıq müddət keçməsinə baxmayaraq "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçı Əlizadə (Eyvazova) Gülnarə Oktay qızından borcun ödənilməsi tələb edilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən tərəflər arasında bağlanmış kredit müqavilələri ilə yanaşı iddiaçının müqavilə üzrə sonuncu ödənişinə dair sənədlərin (hesabdan çıxarışların) tələb edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi buna dair hər hansı bir sənədin mövcud olmadığını qeyd etmiş, habelə iddiaçıya qarşı kredit müqavilələri əsasında tələb irəli sürülməsinə dair əlavə hər hansı bir sübut təqdim etməmiş, bunun edilməməsinin səbəblərinə isə tutarlı izah verməmişdir. Halbuki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. - 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. - 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. - 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. - 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçı hazırkı iddiasında qeyd edilən kredit müqavilələri üzrə müddət keçməsini və tələblərin qüvvəsini itirməsinə dair irəli sürdüyü dəlillər əsaslıdır. Bu səbəbdən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı ilə "xxxx" KB QSC arasında bağlanmış 11 oktyabr 2008-ci il tarixli 130/01/203/08 saylı və 26 dekabr 2008-ci il tarixli 130/01/760/08 saylı kredit müqavilələrindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilməli, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməli və müqavilələr ləğv edilməli, Əlizadə (Eyvazova) Gülnarə Oktay qızının həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əlizadə (Eyvazova) Gülnarə Oktay qızı ilə "xxxx" KB QSC arasında bağlanmış 11 oktyabr 2008-ci il tarixli 130/01/203/08 saylı və 26 dekabr 2008-ci il tarixli 130/01/760/08 saylı kredit müqavilələrindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilsin. Həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilsin və müqavilələr ləğv edilsin. Əlizadə (Eyvazova) Gülnarə Oktay qızının həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar