Məhkəmə qərarları › İş №2(006)-4391/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4391/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4391/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 5.000 (beş min) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonunda qeydiyyatda olsa da Bakı şəhərində işləyir. Cavabdeh müəyyən müddətdir ki, tanıyır. Münasibətləri normal olmuşdur. 2019-cu ilin iyun ayında Cavabdeh ona müraciət edərək 2019-cu ilin oktyabr ayının sonuna kimi ona 5 min manat borc pul lazım olduğunu bildirmişdir. Münasibəti normal olduğundan o, onunla razılaşmışdır. Razılıqlarına və aralarında inam olsun deyə notariat kontoruna gedib kredit müqaviləsi imzaladıq. Belə ki, müqavilənin şərtinə əsasən cavabdehə 5 min manat borc pul vermişdir. O isə öhdəsinə götürmüşdür ki, 27 oktyabr 2019-cu il tarixədək ondan aldığı 5 min manatı qaytaracaqdır. 2019-cu ilin sonlarında o, Cavabdeh müqavilə müddətinin bitdiyini və ondan borc aldığı pulu istəsə də o, bu gün sabaha salmaqla borcu qaytarmamışdır. Hər dəfə cavabdeh müəyyən bəhanələr gətirərək ondan aldığı 5 min manatı qaytarmamışdır. Sonda isə ümumiyyətlə telefonlarını belə açmamışdır. Artıq iki ilə yaxın bir müddət keçsə də cavabdeh borc aldığı 5 min manatı qaytarmır. İddiaçının vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş, 3M-1610 reyestr nömrəli, 27.06.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 5.000 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını 27.10.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında 27.06.2019-cu il tarixində borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 5.000 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı məbləği 27.10.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış borc müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə borc məbləğini versə də, cavabdeh ödəməli olduğu borc məbləğini iddiaçıya ödəməkdən yayınmışdır. Göründüyü kimi, müqavilə üzrə pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materialları ilə müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcüd olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5.000 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5.030 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Borc üzrə 5.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5.030 (beş min otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar