Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-44/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi K.X1, cavabdeh (Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birlikdə ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən 33887,54 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 20066 manat faiz borcu, 0 manat cərimə borcu, cəmi 53953,54 manat, 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 35320,41 manat faiz borcu, 0 manat cərimə borcu, cəmi 89810,41 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 63 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 nömrəli mənzilin hərrac vasitəsilə satışından əldə olunan vəsait hesabına ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 33887,54 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 22524,17 manat faiz borcu, 7241,30 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 19 apre 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1130,40 manat borcun, cəmi 64783,41 manat məbləğində borcun, eyni zamanda 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 45120,06 manat faiz borcu, 5797,14 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 19 apre 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1816,80 manat, cəmi 107224 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 63 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilmçəsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı və 04 mart 2014-cü il tarixli 1000/014 nömrəli kredit müqavilələri üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan mənzilə tutuma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, X2, Cavabdeh1 və X3 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi K.X4 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2 ASC tərəfindən Cavabdeh1 illik 16 faizlə 24 ay müddətinə 90000 manat məbləğində kredit vəsaiti verilmişdir. Tərəflər arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə 19 avqust 2015-ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 83 ay olmaqla uzadılmışdır. Eyni tərəflər arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 85000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə 29 iyul 2015-ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 77 ay olmaqla uzadılmışdır. Həminkredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzil 19 avqust 2015-ci il tarixli 731/013-1 və 1000/014-1 saylı ipoteka müqavilələri ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış 1000/14 və 731/013 zaminlik müqavilələrinə əsasən o borcalanınöhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. 03 iyul 2019-cu ilədək Cavabdeh1 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə ASC-yə cəmi 53953,54 manat məbləğində borcu vardır. İkinci olaraq 03 iyul 2019-cu ilədək Cavabdeh1 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə ASC-yə cəmi 89810,41 manat məbləğində borcu vardır. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehdən tutulmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh (Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 məhkəmədə iddianı etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2 ASC tərəfindən Cavabdeh1 illik 16 faizlə 24 ay müddətinə 90000 manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə 19 avqust 2015-ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 83 ay olmaqla uzadılmışdır. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 85000 manat məbləğində kredit verilmişdir. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə 29 iyul 2015-ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 77 ay olmaqla uzadılmışdır. 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli və 04 mart 2014-cü il tarixli 1000/014 nömrəli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzil 19 avqust 2015-ci il tarixli 731/013-1 və 1000/014-1 saylı ipoteka müqavilələri ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 54490 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 45120,06 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 5797,14 manat, kredit müqaviləsi bitəndən sonra 19 apre 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1816,80 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 107224 manat təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 33887,54 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 22524,17 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 7241,30 manat, kredit müqaviləsi bitəndən sonra 19 apre 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1130,40 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 64783,41 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli H/02-PLS saylı hesab fakturasından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, mənzil 23 üzrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti mənzilin bazar dəyəri 205000 manat; mənzilin likvid dəyəri 180000 manat kimi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 9/6533 saylı ekspert rəyindən görünür ki, 04 sentyabr 2013cü il tarixli 731/013 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı2 ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli kredit müqaviləsinə 29 iyul 2015-ci il tarixdə dəyişiklik edilərək razılaşma müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 sualda göstərilən tarixə, yəni 19 aprel 2021-ci il tarixinə banka olan borcu 59955,43 manat, əsas borc üzrə 31818,26 manat, faiz borcu üzrə 28137,17 manat müəyyən olunmuşdur. 04 mart 2014-cü il tarixli 1000/014 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı2 ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 nömrəli kredit müqaviləsinə 19 avqust 2015-ci il tarixdə dəyişikliklər edilərək razılaşma müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 sualda göstərilən tarixə, yəni 19 aprel 2021-ci il tarixinə banka olan borcu 84619,48 manat, əsas borc üzrə 54490 manat, faiz borcu üzrə 30129,48 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh1 üzərinə düşür. Lakin, mülki işdə Cavabdeh1 öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 31818,26 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 28137,17 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1000 manat borc, eyni zamanda 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 30129,48 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1500 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqavilələri ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə tələb etdiyi 7241,30 manat və 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə tələb etdiyi 5797,14 manat məbləğində cərimələrin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimələrin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizləri tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə 1117 manat, 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə 1214 manat məbləğində müəyyən edir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». İddia tələbində ““ipoteka predmeti olan mənzilə tutuma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, X2, Cavabdeh1 və X3 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi barədə” tələbi ilə bağlı məhkəmə qeyd edir: Azərbaycan Respublikası “İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1. yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-cü maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi, cavabdehlər Qanunun həmin tələblərinə riayət etməklə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Qanunun tələblərindən göründüyü kimi, mülkiyyətlə bağlı yeni mülkiyyətiçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və s.) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Odur ki, iddiaçının həmin tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 31818,26 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 28137,17 manat faiz borcu, 1117 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1000 manat borcu, cəmi 62072,43 (altmış iki min yetmiş iki manat qırx üç qəpik) manat məbləğində borc; 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 30129,48 manat faiz borcu, 1214 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1500 manat borcu, cəmi 87333,48 (səksən yeddi min üç yüz otuz üç manat qırx səkkiz qəpik) manat məbləğində borc, hər iki müqavilə üzrə cəmi 149405,91 (yüz qırx doqquz min dörd yüz beş manat doxsan bir qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 63 (altmış üç) manat rüsum tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu,Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzilə yönəldilməlidir. Həmin mənzilin ilkin satış qiyməti 180000 manat müəyyən edilərək açıq hərracda satılmalıdır. Satışdan əldə olunmuş vəsaitin 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı və 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqavilələri üzrə borca yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 31818,26 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 28137,17 manat faiz borcu, 1117 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1000 manat borcu, cəmi 62072,43 (altmış iki min yetmiş iki manat qırx üç qəpik) manat məbləğində borc; 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 30129,48 manat faiz borcu, 1214 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1500 manat borcu, cəmi 87333,48 (səksən yeddi min üç yüz otuz üç manat qırx səkkiz qəpik) manat məbləğində borc, hər iki müqavilə üzrə cəmi 149405,91 (yüz qırx doqquz min dörd yüz beş manat doxsan bir qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 63 (altmış üç) manat rüsum tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu,Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 180000 manat müəyyən edilərək açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsaitin 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı və 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqavilələri üzrə borca yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınsın və ləğv prosesində olan İddiaçı2 ASC-nə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-44/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-44/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver