Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4411/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit borcu üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit borcu üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 13.11.2008-ci il tarixli kredit müqaviləsi üzrə 1.074 manat 40 qəpik əsas borc, 3.715 manat 59 qəpik faiz olmaqla, ümumilikdə 4.789 manat 99 qəpik borca dair öhdəliyə xitam verilməsi, borcun silinməsi və bu barədə kredit reyestrində müvafiq düzəlişlərin edilməsi üçün "xxxx" MMC-yə məlumat təqdim edilməsi vəzifəsinin cavabdeh LPO "xxxx" KB QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17.03.2021-ci il tarixdə şəxsi təşəbbüsü ilə «ASAN xidmət»də öz barəsində kredit tarixçəsinin əldə edilməsi ilə bağlı "xxxx" MMC-dən çıxarış əldə edərkən ona məlum olmuşdur ki, LPO "xxxx" KB QSC-də aktiv kredit öhdəliyi mövcuddur. Belə ki, cavabdeh tərəfindən 13.11.2008-ci il tarixdə onun adına 1.377 manat 60 qəpik dəyərində kredit müqaviləsi rəsmiləşdirilmiş, həmin borc öhdəliyi üzrə 1.074 manat 40 qəpik əsas borc, 3.715 manat 59 qəpik isə faiz məbləği olmaqla, bu günkü günə ümumilikdə 4.789 manat 99 qəpik borc qalmışdır. Bildirir ki, həmin borc müqaviləsi onun adına rəsmiləşdirilsə də, bu borcun benefisiarı özü deyil, ona yaxın şəxs olmuşdur. Keçən müddət ərzində borcun ödənilməməsi ilə bağlı ona, 2007-ci ildən hazıradək işlətdiyi və nömrəsi müqavilədə qeyd olunmuş telefonuna və yaxud ünvanına hər hansı bir bildiriş, xatırlatma, zəng, məktub və s. göndərilməmiş və heç bir şəkildə məlumatlandırılmamışdır. Eyni zamanda, borcun tutulması ilə bağlı barəsində məhkəməyə də müraciət olunmamışdır. Əks halda, o vaxt borcun ödənilməsini benefisiardan tələb edər və bu öhdəliyin icrasına nail olardı. Cavabdehlə arasında bağlanmış 13.11.2008-ci il tarixli kredit müqaviləsi 13.02.2010-cu il tarixdə bitmişdir. Cavabdehlə aralarında bağlanmış həmin müqavilənin müddəti 13.02.2010-cu il tarixdə bitdiyi vaxtdan hazırkı tarixədək 10 ildən artıq vaxt keçmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, üzürlü səbəbə görə məhkəmə iclasına gələ bilmədiyini göstərmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında bağlanmış 13 noyabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən İddiaçı bankdan 15 ay müddətinə 1377,60 manat kredit almışdır; - Mərkəzi Kredit Reyestrindən çıxarışda iddiaçının LPO "xxxx" KB QSC-yə borcu olduğu qeyd olunur; lakin iddia müddətləri çərçivəsində iddiaçıya qarşı hər hansı tələb irəli sürülməmişdir; - İddiaçı bununla bağlı cavabdeh LPO "xxxx" KB QSC-yə pretenziya qaydasında müraciət edərək, borcun silinməsi, bu barədə Mərkəzi Kredit Reyestrində borcun olmaması barədə müvafiq qeydləri aparmasını xahiş etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir; - iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Göründüyü kimi, hazırkı iddiada qeyd edilən kredit müqaviləsi üzrə müddət keçmişdir və tələblər qüvvəsini itirmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında bağlanmış 13 noyabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilməli, həmin müqavilədən yaranan öhdəliklərə xitam verilməli və müqavilə ləğv edilməli, İddiaçı həmin müqavilə üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-yə həvalə edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında bağlanmış 13 noyabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilsin. Həmin müqavilədən yaranan öhdəliklərə xitam verilsin və müqavilə ləğv edilsin. İddiaçı həmin müqavilə üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılsın və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-yə həvalə edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4411/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4411/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver