Məhkəmə qərarları › İş №2(006)-4433/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4433/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4433/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-703/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində və uşağın xəstəliyi ilə əlaqədar əlavə 100 manat müavinətin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə faktiki nikaha daxil olmuşlar. Onların 31 yanvar 2019-cu il təvəllüdlü X7 adlı bir uşaqları anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 31 yanvar 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 50 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda ödənilən aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və uşağın problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 1.000 manat məbləğdən çox xərci çıxır ki, bu məbləğ də cavabdeh tərəfindən ödənilməlidir. Övladının maddi təminatı ilə yanaşı hər ay əlavə xərclər də çıxır ki, o, bu xərcləri də ödəmək məcburiyyətində qalır. Onu da qeyd edir ki, övladı ürək-qüsurlu xəstəsidir. Bu səbəblə də daimi olaraq müalicə ilə əlaqədar olaraq onun hər ay müayinə və müalicəsinə 200 manatdan artıq xərci çıxır. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də uşaqların saxlanması üçün Cavabdeh tutulan alimentm miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ünvanlamış olduğu etiraz ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ona qarşı “alimentin artırılması barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 361353 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə doğulmuş X4 atası hesab edilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı, 254607 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında adı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-703/2023 saylı məhkəmə qətnaməsinə əsasən (hakim A.Q.İbadzadə) İddiaçı ona qarşı "aliment tələbinə dair" iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi (1/4) miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmək istəyir ki, o, X3 ilə rəsmi nikahda olmuş və bu nikahdan xx.xx.2001-ci il təvəllüdlü X8, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşlar. X2 xx.xx.2015-ci il tarixdə 35 yaşında vəfat etmişdir. Uşaqları azyaşlı olduğundan onlara normal həyat yaşatmaq üçün İddiaçı ilə dini nikaha girərək birlikdə yaşamış və xx.xx.2019-cu il tarixdə qızları X7 doğulmuşdur. İddiaçı onlarla yaşamaq istəməmiş və ondan ayrılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Müəllimlər İnstitutunun xx.xx.2023-cü il tarixli M/78 saylı arayışından göründüyü kimi, böyük oğlu X8 X5 təsviri incəsənət müəllimliyi ixtisası üzrə əyani şöbənin İİ kurs tələbəsidir. O, Naxçıvan Muxtar Respublikasında kirayədə yaşayış və gündəlik tələbatları ilə birlikdə aylıq 1.000 manata yaxın pul xərcləyir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********023 savlı “Vətəndaşın müddətli hərbi xidmətə göndərilməsinə dair” elektron arayışdan göründüyü kimi, ikinci oğlu X10 xx.xx.2023-cü il tarixdə müddəti hərbi xidmətə göndərilmişdir. Onun da lazımi məsrəflərini ödəmək onun üstündədir. Üçüncü oğlu X9 isə azyaşlıdır, məktəbə gedir və onun məktəb ləvazimatları, gündəlik tələbatlarını da o ödəyir. X12 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İİ nömrəli arayışından göründüyü kimi, o, xəstədir, əməliyyat olunmuşdur, əmək fəaliyyətinə tam yararlı deyildir. İddiaçı isə Masazırda "111" adlı marketdə işləyir və əmək haqqı alır. Azyaşlı qızının saxlanılması üçün iddiaçıya hazıra qədər hər ay rəsmi və qeyri-rəsmi qaydada alimenti tam məbləğdə ödəmişdir. Sol diz oynağı protezdir, sağ diz oynağını 3-cü dərəcəli qonartroz, ürək çatışmamazlığı, yüksək təzyiq və xolestrindən əziyyət çəkir. Hazırda dizindən əməliyyat olunmuşdur və stasionar müalicə alır. Göründüyü kimi, vəziyyəti yaxşı deyil və bütün ailənin maddi tələbatlarını ödəmək onun boynundadır. Göstərilənlərlə bir daha təsdiq olunur ki, maddi durumunun həddindən aıtıq ağır olduğu, öhdəsində daha iki yetkinlik yaşına çatmış və bir azyaşlı uşaq olduğundan tələb olunan 220 manat məbləğində alimenti ödəmək imkanı yoxdur. Bu səbəblərdən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi (1/4) miqdarında alimentin tutulması qanunauyğun və ədalətlidir. Həmçinin İddiaçı övladları xx.xx.2019-cu il təvəllüdlü X4 ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyini və buna görə əlavə 100 manat müavinətin tutulmasını xahiş etmişdir. Bildirir ki, X4 heç bir xəstəliyi yoxdur, tamamilə sağlamdır. Həmçinin o, 3 yaşını tamamlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(006)-703/2023 saylı məhkəmə qətnaməsinə əsasən kəsilmiş 50 manat sabit pul məbləğində aliment ləğv edilməlidir. Sonda iddia ərizəsini qəbul etmədiyini bildirdi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-703/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 50 manat pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikah münasibətlərində olması, bu münasibətlərindən 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Avrasiya Hospitalın “ambulator, stasionar xəstənin tibbi kartası”ndan ******* №li çıxarışdan görünür ki, Cavabdeh sol diz oynağının qonartrozu diaqnozu qoyulmuş və xx.xx.2022-ci il tarixdə spinal anesteziya altında xəstəyə sol diz oynağının protezləşməsi əməliyyatı icra olunmuşdur. "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023cü il tarixli, 41 №li arayışından görünür ki, arayışda idarənin işçisi Cavabdeh xx.xx.2022-ci il tarixdən xəstə olması səbəbilə işə çıxmadığı bildirilmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərin görünür ki, Cavabdeh öncəki nikahından xx.xx.2001-ci il təvəllüdlü X8, xx.xx.2003-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişlər. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01863 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirmək barədə razılıq əldə etməmişlər . “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində çalışmaqla, aylıq əmək haqqısı 400 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı adına bağlanmış əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia alimentin dəyişdirilməsi (artırılması) hissəsində təmin edilməklə, azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aylıq alimentin miqdarı 220 manat məbləğində müəyyən edilməlidir. Lakin iddia digər hissədə, yəni əlavə xərclərin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh öncədən də nikahda olmuş və bu nikahından üç övladı dünyaya gəlmişdir. Onlardan ikisi yetkinlik yaşlarına çatmış olsalar da, xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatmamış və hazırda atası Cavabdeh himayəsindədir. Eyni zamanda işdə olan bir sıra tibbi sənədlərlə müəyyən edilmişdir ki, cavabdehə sol diz oynağının protezləşməsi əməliyyatı icra olunmuş və sonuncunun səhhətində başqa problemlər də aşkar olunmuşdur. Bundan əlavə iddiaçı tərəfindən tibbi sənədlər (ultrasəs, kardioqramma müayinəsinin nəticələri və s.) təqdim edilərək, azyaşlının səhhətində problemlərin olduğu bildirilsə də, həmin sənədlərlə tərəflərin birgə münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 xəstə olub-olmamasını və yaxud hər hansı bir xəstəlikdən əziyyət çəkməsini müəyyən etmək mümkün olmamışdır. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə onu da qeyd edir ki, Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Beləliklə də uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-703/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-703/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar