Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-444/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il aprel ayının tarixinə düşən təqaüd pulunun - 421 (dörd yüz iyirmi bir) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-nin hesabından onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını, ona vurulmuş mənəvi ziyana görə 842 (səkkiz yüz qırx iki) manat məbləğində kompensasiyanın ödənilməsinə dair qətnamədə qeyd edilməsini, bütün məhkəmə xərclərinin, dövlət rüsumunun və sairə xərclərin cavabdehin hesabından iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixində saat 14:00 radələrində təqaüd pulunu almaq məqsədilə Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən, cavabdehə məxsus olan bankomata yaxınlaşıb, təqaüd kartını həmin bankomata daxil edib, əməliyyat edərək hesabda olan 421 (dörd yüz iyirmi bir) manat vəsaiti çıxartmaq istəmişdir. Lakin bankomatın ekranında iddiaçının mobil telefon nömrəsinin daxil edilməsi əlavə tələbi üçün o, istifadəsində olan (050) 510-66-53 saylı mobil telefon nömrəsini bankomata daxil etdikdən dərhal sonra bankomat sönmüşdür. İddiaçı bankomatın söndüyünü görüb, biraz kənara çəkilib 2-3 dəqiqə gözləsə də, pulunu ala bilməmişdir. İddiaçıdan sonra gözləyən bir şəxs də həmin bankomata yaxınlaşıb, onun düymələrini basdıqdan sonra bankomatın işləmədiyini görüb çıxıb getmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə kartı başqa bir bankomata daxil edərək hesabında 0.62 (altmış iki qəpik) manat pulun qaldığını gördükdən sonra xx.xx.2021-ci il tarixdə cavabdeh bankın Xətai filialına müraciət etmişdir. Müraciət əsasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan təqaüd kartından 421 (dörd yüz iyirmi bir) manat pul vəsaiti Yasamal rayonu ərazisində yerləşən bankomatdan gecə saat 00:00 radələrində naməlum şəxs tərəfindən çıxarılmışdır. İddiaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə rəsmi şəkildə ərizə ilə müraciət edilmiş, ona bu günə qədər heç bir cavab verilməmişdir. İddiaçı cavabdehin təqsiri ucbatından təqaüd vəsaitindən məhrum olmuşdur. Çünki cavabdeh banka məxsus bankomatın proqramına cəmləşdirilmiş əlavə tələbləri nəticəsində iddiaçı həmin gün pul vəsaitini ala bilməmiş və həmin gecə pul vəsaiti naməlum şəxs tərəfindən mənimsənilmişdir. Həmin dövrdə iddiaçı ailə üzvləri ilə birlikdə “COVİD-19” virusuna yoluxmuş, lakin təqaüd vəsaitindən məhrum olduğundan dərman preparatlarının qəbulunu gecikdirmişdir. Beləliklə, iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə çox gec, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının qanuni tələbini rədd edərək iradlar bildirilmişdir. Cavabdehin iradlarına əsasən müraciətə düzəliş edərək, təkrarən xx.xx.2022-ci il tarixli ərizə ilə ona müraciət olunmuş, lakin cavabdeh tərəfindən bu günə qədər heç bir rəsmi cavab verilməmişdir. Beləliklə, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı hüquq-mühafizə orqanlarına, hətta prezidentin aparatına müraciət etsə də, heç bir müsbət cavab almamışdır. İddiaçıya tövsiyə edilmişdir ki, aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etsin. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki hazırlıq iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə uzun illərdir ki, dostluq münasibətlərindədir. İddiaçı 2021-ci ilin aprel ayında ona zəng edərək, başına gələn hadisəni danışmışdır. O da iddiaçıya hüquqi cəhətdən köməklik göstərərək, etibarnamə əsasında əvvəlcə cavabdehə müraciət etmiş, lakin cavabdeh 4 ay sonra cavab məktubu ünvanlayaraq etibarnamənin əslinin təqdim edilməli olduğunu bildirmişdir. Daha sonra isə yenidən müraciət etsələr də, onlara hər hansı bir cavab gəlməmişdir. Sonradan onlar hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Lakin edilmiş müraciət əsasında Nəsimi RPİ-nin 22ci PŞ tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildiyi üçün onlar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddia ərizəsinə əlavəni iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan hesabdan çıxarış sənədindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 2:03:31-də İddiaçı məxsus 412722______4459 nömrəli kartdan “F.Hall.Naz - 2” adlı bankomat vasitəsilə 421.00 manat məbləğində pul məxaric edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı kartının balansı 421.62 AZN təşkil edir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı kartının balansı 0.62 AZN təşkil edir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Yasamal rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, 2021-ci il aprel tarixli 421 manat pensiyasının qaytarılmasına köməklik göstərilməsini və pensiyasını mənimsəyən şəxsin axtarış edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında başlanılmış araşdırma zamanı yaranmış təhqiqat zərurəti ilə əlaqədar "xxxx"na məxsus “Fövqəladə Hallar Nazirliyi-2” adlı bakomat aparatının hansı ünvanda yerləşməsi ilə bağlı məlumatın təqdim edilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, İddiaçı Yasamal rayon prokurorluğuna ünvanladığı müraciət əsasında toplanmış materialın aidiyyəti üzrə Nəsimi RPİ-nə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və məlumat üçün İddiaçı göndərilməsi qərara alınmış, habelə ona qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin "xxxx"nın Təhlükəsizlik Departamentinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı “Beynəlxalq Bank”a məxsus təqaüd kartının hesabında olan 421 manat pulun çıxarılması barədə videogörüntünün göndərilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Hüquq Departamentinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, qanunverciliyin bank sirri ilə əlaqədar olan normalarının nəzərə alınması xahiş edilmiş və bank sirri təşkil edən məlumat və sənədlərin verilməsi üçün banka məhkəmə qərarının və ya şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması məqsədi ilə olduqda isə əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarının təqdim edilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Məhkəmənin qərarı olmadan əməliyyat axtarış tədbiri hesab olunan texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasının mümkünlüyü barədə bankın AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladığı müraciətə İdarə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 005- 7913-1221 saylı cavab məktubunun surəti məlumat üçün təqdim edilmişdir. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin "xxxx"nın Təhlükəsizlik Departamentinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vətəndaş İddiaçı ərizə ilə müraciət edərək, Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən “Beynəlxalq Bank”a məxsus bankomata təqaüd kartını daxil edərək hesabdan 421 manat pulu çıxarmaq istəyərkən bankomatın söndüyünü bildirmişdir. “Beynəlxalq Bank”dan vətəndaşa təqdim edilmiş çıxarışda xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus təqaüd katından 421 manat pul vəsaitinin Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən ATM CCS,F.HALL.NAZ-2 saylı bankomatdan çıxarıldığı qeyd olunmuşdur. Odur ki, İddiaçı məxsus təqaüd katından 421 manat pulun çıxarıldığı Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən ATM CCS,F.HALL.NAZ-2 saylı bankomatın xx.xx.2021-ci il tarixdə nasaz və ya işlək vəziyyətdə olması barədə məlumat verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, gələcəkdə əməli törətmiş şəxsin şəxsiyyəti və yerinin müəyyən edilməsi məqsədilə qərarın surətinin 22-ci PŞ-nin aidiyyəti əməkdaşına verilməsi, gələcəkdə əməli törətmiş şəxs müəyyən edilib izahatı alınarsa, əməlində cinayət tərkibli xüsusatlar müəyyən edilərsə, o zaman qəbul edilmiş qərarın ləğv edilərək materialın əlavə araşdırmaya verilməsi üçün prokurorluq qarşısında vəsatət verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna və maraqlı tərəfə göndərilməsi qərara alınmış, qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Hüquq Departamentinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən ATM CCS,F.HALL.NAZ-2 saylı bankomat xx.xx.2021-ci il tarixdə işlək vəziyyətdə olub və heç bir texniki problem qeydə alınmayıb. Mülki işin materiallarında olan İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2021-ci il aprel tarixinə düşən təqaüd pulu – 421 manat pul vəsaitinin ödənilməsini tələb edilmiş, əks təqdirdə bu məsələnin məhkəmə yolu ilə, yəni İddiaçı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə həll olunacağını bildirilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən X6 ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin müştəriləri haqqında bütün məlumatlar bank sirrini təşkil etdiyi üçün məhkəmə qərarı və ya etibarnamə (əsli və ya müvafiq qaydada notariusda təsdiqlənmiş surəti) olmadan hər hansı bir sənədin üçüncü şəxslərə təqdim olunması, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin tələbləri baxımından qeyrimümkündür. Bank sirrini təşkil edən məlumatların yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilməsinin nəzərə alınması xahiş edilmişdir. Mülki işin materiallarında olan İddiaçı nümayəndəsi X7 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli təkrar ərizədən görünür ki, o, 2021-ci il aprel tarixinə düşən təqaüd pulu – 421 manat pul vəsaitinin, dəymiş maddi və mənəvi ziyan olan əlavə 842 manat pulun ödənilməsini tələb etmiş, əks təqdirdə bu məsələnin məhkəmə yolu ilə həll olunacağını bildirmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X3 ərizədə qeyd etdikləri ilə bağlı hər hansı bir qanun pozuntusu ilə bağlı iddia olduğu halda məsələnin daha ətraflı və obyektiv araşdırılması üçün müvafiq hüquq-mühafizə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Qanunverciliyin bank sirrinə aid olan normalarının nəzərə alınması xahiş edilmiş və fotogörüntülərin hazırlanması üçün banka əməliyyat-axtarış fəaliyyətini həyata keçirən hüquq-mühafizə orqanları tərəfindən məhkəmə qərarının təqdim edilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Daxili Nəzarət Departamenti tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə, (276698) nömrəli qaimə ilə ünvan 8 ünvanında qeydiyyatda olan X6 məktub göndərilmişdir. Kuryer göstərilən ünvana getmiş, lakin qeyd olunan ünvanda belə bir şəxs tapılmadığına görə məktubun çatdırılması mümkün olmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, eyni məsələ ilə bağlı İddiaçı şikayəti əsasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsində təhqiqat araşdırması aparılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 16 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsaslılığının yoxlanılması üçün Bakı şəhəri Nəsimi rayon prokuroruna göndərilmişdir. Nəticəsi barədə prokurorluq orqanı tərəfindən İddiaçı məlumat veriləcəyi bildirilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-xx.xx.2022-ci il tarixlərini əhatə edən İddiaçı məxsus olan hesabdan çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixində “Fövqəladə Hallar Nazirliyi-2” adlı bakomatdan 421.00 manat məbləğində pul çıxarılmış, balans 0.62 manat təşkil etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş bankomatın kamerası vasitəsilə qeydə alınmış fotoşəkillərdən və onların üzərində qeyd edilmiş hərəkət sxemlərindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 13:58:44-də **********294459 nömrəli kart daxil edilmiş (card **********294459 inserted), 13:59:01-də PİN daxil edilmiş (PİN entered), 14:00:18-də **********294459 nömrəli kart götürülmüş (card **********294459 taken), 14:00:26-da **********294459 nömrəli kart daxil edilmiş (card **********294459 inserted), 14:00:47-də PİN daxil edilmiş (PİN entered), 14:02:12-də PİN daxil edilmiş (PİN entered), 14:03:39-da **********294459 nömrəli kart götürülmüş (card **********294459 taken), 14:03:46-da nağd pul təmin edilmiş (cash dispensed), 14:03:50-də nağd pul təqdim edilmiş (cash presented), 14:03:57-də nağd pul götürülmüşdür (cash taken). 13:58:43-də əməliyyat başlamış (transaction start) və 14:04:00-da əməliyyat başa çatmışdır (transaction end). Əməliyyat nəticəsində 421.00 AZN nağd pul bankomatdan məxaric edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı pensiyasını cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş **********294459 nömrəli kart vasitəsilə alır. xx.xx.2021-ci il tarixdə saat 13:58-də iddiaçı həmin kartda olan 421 manat məbləğində pensiya vəsaitini məxaric etmək məqsədilə cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən “ATM CCS,F.HALL.NAZ-2” saylı “Fövqəladə Hallar Nazirliyi-2” adlı bankomata yaxınlaşaraq, kartı bankomata daxil etmiş, sonra çıxarmış və sonra yenidən saat 14:00-da kartı bankomata daxil etmiş və müvafiq şifrəni yığmış, 14:03-də kartı geri götürmüşdür. Bankomat tərəfindən 14:03-də 421 manat məbləğində nağd pul vəsaitinin təqdim edilməsinə baxmayaraq, iddiaçı həmin vaxt bankomatın işlək vəziyyətdə olmadığını və qəfildən söndüyünü iddia edir. Qeyd olunan bankomatın həmin vaxt işlək vəziyyətdə olması və texniki nasazlığının olmaması iş materiallarında olan mötəbər sübutlar əsasında müəyyən edildiyindən işin mübahisəsiz halını təşkil edir. Lakin təqdim edilən pul vəsaitinin iddiaçı, yoxsa başqa bir şəxs (növbədə gözləyən növbəti adam) tərəfindən götürülməsi işin mübahisəli halını təşkil edir. Belə ki, iddiaçı bankomatın söndüyünü hesab edərək kənara çəkildikdən sonra növbədə duran növbəti şəxs bankomatın təqdim etdiyi pul vəsaitini almış ola bilər (fotoşəkillərdən naməlum şəxsin növbə gözləməsi müəyyən edilmişdir). Bu səbəbdən də nağd pul vəsaitinin iddiaçı tərəfindən götürülübgötürülməməsi məsələsi mübahisəlidir. Hazırda iddiaçı bankomatın işlək olmaması səbəbindən 421 manat məbləğində olan pensiya vəsaitindən məhrum olduğunu bildirərək iddia edir ki, bankın təqsiri ucbatından ona maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iddia tələbinin “2021-ci il aprel ayının tarixinə düşən təqaüd pulunun - 421 (dörd yüz iyirmi bir) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-nin hesabından iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bankomatda olan nasazlığa görə 421 manat məbləğində pensiya vəsaitindən məhrum olduğunu və bunun cavabdehin təqsiri ucbatından olduğunu iddia etsə də, iddiasını təsdiq edəcək əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edilmişdir ki, qeyd edilən bankomat həmin vaxt işlək vəziyyətdə olmuş və iddiaçı bankomata yaxınlaşdığı vaxtdan 6 dəqiqə ərzində nağd pul təqdim edilmişdir. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, 13:58-də əməliyyat başlamış və 14:04-də müvəffəqiyyətlə başa çatmışdır (successfully completed), hətta pin daxil edildikdən 1 dəqiqə sonra nağd pul təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıya maddi ziyanın dəyib-dəyməməsi mübahisəli hesab edilir. Əgər iddiaçıya maddi ziyan dəymişsə, onun cavabdehin təqsiri nəticəsində olmaması müəyyən edildiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 842 (səkkiz yüz qırx iki) manat məbləğində kompensasiyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ilk öncə iddiaçıya ziyan dəyməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, əlavə olaraq isə ona mənəvi ziyan dəyməsini təsdiq edən mötəbər sübutları təqdim etmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “bütün məhkəmə xərclərinin, dövlət rüsumunun və sairə xərclərin cavabdehin hesabından iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən bütün məhkəmə xərcləri və dövlət rüsumu iddiaçının özünə aid edilməli, “və sairə xərclər”ə gəldikdə isə həmin xərclərə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən və təyinatı müəyyən edilmədiyindən, tələb bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-444/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-444/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver