Məhkəmə qərarları › İş №2(006)-4444/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4444/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4444/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında 10.06.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 25.05.2021-ci il tarixinə olan əsas borcu 1654,93 AZN, faiz borcu 211,83 AZN təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. 10.06.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdeh kredit müqaviləsində nəzərədə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 1866,76 AZN təşkil edir, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1654,93 AZN əsas, 211,83 AZN faiz, cəmi 1866,76 AZN borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə illik 23% dərəcəsi olmaq şərti ilə, 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 10.06.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 25.05.2021-ci il tarixə banka 1654,93 AZN əsas, 211,83 AZN faiz, cəmi 1866,76 AZN borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 10.06.2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 23% olmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 1654,93 AZN əsas, 211,83 AZN faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30,40 AZN məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.06.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə yaranmış 1654,93 AZN (bir min altı yüz əlli dörd manat, doxsan üç qəpik) əsas, 211,83 AZN (iki yüz on bir manat, səksən üç qəpik) faiz, cəmi 1866,76 AZN (bir min səkkiz yüz altmış altı manat, yetmiş altı qəpik), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.06.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə yaranmış 1654,93 AZN (bir min altı yüz əlli dörd manat, doxsan üç qəpik) əsas, 211,83 AZN (iki yüz on bir manat, səksən üç qəpik) faiz, cəmi 1866,76 AZN (bir min səkkiz yüz altmış altı manat, yetmiş altı qəpik), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar