Məhkəmə qərarları › İş №2(006)-4450/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4450/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4450/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn öncəki mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binada iki ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması, həmin mənzillərə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «mənzildən istifadə hüququndan məhrum etməyə yönəlmiş hərəkətlərin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüququndan məhrum edilməyə yönələn hərəkətlərin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüququndan məhrum edilməsinə yönələn hərəkətlərin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qadağan edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 13 fevral 2021-ci il tarixli Əvəzləşmə müqaviləsinin qismən etibarsız hesab edilərək, yeni veriləcək 65,0 m2 olan mənzilin onun adına sənədləşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn 13 fevral 2021-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən 136,0 m2 olan mənzilin əvəzinə, yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 (cəmi 145,0 m2) olan 2 ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması və həmin mənzillərə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, anası və atası ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdə yaşamışlar. 2021ci ildə "xxxx" MMC qardaşı ilə müqavilə bağlayaraq ona yeni mənzilin verilməsi barədə razılığa gəlmişlər. Halbuki həmin mənzildə onun qardaşı ilə bərabər istifadə hüququ var, o, mənzil alınandan orada yaşayır, onun başqa yaşayış yeri yoxdur. Mülki Qanunvericiliyin tələblərinə əsasən istifadə hüququ da əmlak hüququ hesab olunur və hər cür qəsdlərdən müdafiə olunur. Amma hal-hazırda mülkiyyətçi olan qardaşı özünün mülkiyyətçi hüquqlarından sui-istifadə edərək, onu istifadə hüququndan məhrumetməyə yönələn hərəkətlərə yol verir. Belə ki, "xxxx" MMC ilə razılaşmaya girib, həmin MTK-ya mənzil satıb, lakin ona heç bir kompensasiya ödəmir, MTK isə evi sökür. Evin söküləcəyi halda ona heç bir kompensasiya ödənilmədiyinə görə o, öz mənzilindən məhrum olacaq və onun başqa yaşayış yeri olmayacaq. Lakin heç kim qanunsuz olaraq mənzilindən məhrum edilə bilməz. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizədə əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı ev atasının mülkiyyətində olmuşdur. Sonradan onların razılığı əsasında Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı ev qardaşı Cavabdeh1 adına özəlləşdirilmiş və onun adına Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən 05 mart 1992-ci il tarixli FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzilin ümumi sahəsi qeydiyyat vəsiqəsində 68,0 m2 göstərilmişdir. Sənədləşmə qardaşı Cavabdeh1 adına getsə də, o, həmin ünvanda qeydiyyatda olmaqla sökülənə qədər həmin ünvanda yaşamışdır. Bu gün də həmin mənzildə pasport qeydiyyatındadır. "xxxx" MMC tərəfindən ölçmə işləri aparılması məqsədi ilə ünvana baxış keçirilən zaman mübahisəli mənzilin sahəsi təxminən 240,0 m2 olmasına baxmayaraq, 136,0 m2 kimi göstərilmişdir. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyi ilə Cavabdeh1 arasında 13 fevral 2021-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən faktiki ümumi sahəsi 136,0 m2 olan mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 olan (cəmi 145,0 m2) 2 ədəd tam təmirli mənzillərin verilməsi, o cümlədən mənzillər Cavabdeh1 təhvil verilənədək hər ay 500 manat kirayə haqqının ödənilməsi barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh1 birləşərək onun hüquqlarının pozulması ilə nəticələnən müqavilə imzalanmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 121 saylı ev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyanın 8 nömrəli 24 dekabr 2001-ci il tarixli protokolundan çıxarışa, forma 2 arayışına, X1, X5, X2, X3, X6, X7 və onun, yəni X4 razılıq ərizələrinə əsasən 05.03.2002-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Yəni onların razılığı əsasında Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 121 saylı ev qardaşı Cavabdeh1 adına özəlləşdirilmiş və onun adına Bakı şəhəri Tİ və MHQİ tərəfindən FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzilin ümumi sahəsi qeydiyyat vəsiqəsində 68,0 m2 göstərilmişdir. Bir daha qeyd edir ki, sənədləşdirmədə qardaşı Cavabdeh1 adına getsə də, o, 04 avqust 1989-cu il tarixdən həmin ünvanda qeydiyyatda olmaqla, sökülənə qədər həmin ünvanda yaşamışdır. Bu barədə 59 saylı MKİS-in 16 sentyabr 2021-ci il tarixli arayışı əlavə olunur. Bu gün də, həmin mənzildə pasport qeydiyyatındadır. Yəni, "xxxx" MMC tərəfindən həmin sahə alınanda artıq onun mülkiyyət hüquqları mövcud idi və bağlanmış əvəzləşdirmə müqaviləsi ilə onun istifadə hüquqları 136,0 m2 olan mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 olan (cəmi 145,0 m2) 2 ədəd tam təmirli mənzillərə tanınmışdır. "xxxx" MMC tərəfindən ölçmə işləri aparılması məqsədi ilə ünvana baxış keçirilən zaman mübahisəli mənzilin sahəsi təxminən 240,0 m2 olmasına baxmayaraq, 136,0 m2 kimi göstərilmişdir. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyi ilə Cavabdeh1 arasında 13 fevral 2021-ci il tarixli əvəzləşmə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən faktiki ümumi sahəsi 136,0 m2 olan mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 olan (cəmi 145,0 m2) 2 ədəd tam təmirli mənzillərin verilməsi, o cümlədən mənzillər Cavabdeh1 təhvil verilənədək hər ay 500 manat kirayə haqqının ödənilməsi barədə öhdəlik götürmüşdür. Ən əsası, Cavabdeh1 51 saylı notariat ofisində verdiyi ərizə ilə qeydiyyatda olduqları və yaşadıqları Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən ev 121, sahəsi 136 m2 tikilinin "xxxx" MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazının və gələcəkdə də heç bir iddiasının olmayacağı, bu tikili ilə bağlı bütün iddialarının məsuliyyətini öz üzərinə götürmüşdür. Lakin bu məsuliyyətdən yayınaraq tikiləcək binadan ona yaşayış yeri vermək fikrində deyil. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddiası əsassızdır. Qardaşının özünə məxsus evi var və qardaşı uzun illərdir ki, özünə məxsus olan evdə yaşayır. Qardaşı həyat yoldaşı ilə münasibətləri pozulub, boşanarkən, 5-10 günlük müvəqqəti olaraq gəlib onun evində qalmış, sonradan çıxıb getmişdir. İddiaçının onun evindən istifadə hüququ yoxdur. 10-15 gün müvəqqəti yaşamaq iddiaçıya onun mülkiyyətində olan mənzildən istifadə hüququnun tanınması və köçürülməsi üçün əsas deyil. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, "xxxx" MMC tərəfindən Cəlil Məmmədquluzadə küçəsində çoxmərtəbəli yaşayış binası inşa ediləcəkdir. Bu səbəblə həmin ərazidə yaşayan mənzil sahibləri MMC tərəfindən müvafiq müqavilələr bağlanmaqla köçürülmüşlər. Bakı şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən 121 saylı fərdi yaşayış evi 05.03.1992-ci il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 məxsus olmuşdur. 13.02.2021-ci il tarixdə "xxxx" MMC ilə mülkiyyətçi Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən yuxarıda sözügedən mənzilin (fərdi yaşayış evinin) əvəzinə biri 80 m2, digəri 65 m2 olan 2 ədəd mənzil ilə əvəz edilmiş, Cavabdeh1 mülkiyyətində olan həmin mənzilin "xxxx" MMC tərəfindən sökülməsinə və yerində yeni yaşayış binasının tikilməsinə razılıq vermişdir. Həmçinin, 13.02.2021-ci il tarixdə Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək sözügedən mənzilin "xxxx" MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazının olmamasını qeyd etmiş və həmin tikili ilə bağlı bütün iddiaların məsuliyyəti öz üzərinə götürmüşdür. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 05 mart 1992-ci il tarixli FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına 48 saylı reyestr kitabında 7328 saylı səhifədə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli, **********10 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 121 saylı ev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 8 nömrəli, 24.12.2001-ci il tarixli protokolundan çıxarışa, forma 2 arayışına, X1, X5, X2, X3, X4, X6, X7 razılıq ərizələrinə əsasən 05.03.2002-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 13 fevral 2021-ci il tarixli müqavilələrdən görünür ki, həmin MMC tərəfindən ərazidə yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan Cavabdeh1 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 136 m2 mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 1 otaqlı 65,0 m2 mənzili və 2 otaqlı 80 m2 mənzili sahibinə verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 notarial qaydada tərtib və təsdiq olunmuş 13.02.2021-ci il tarixli, **********197 saylı ərizəsindən görünür ki, Cavabdeh1 ona məxsus olan və hal-hazırda yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, ev 121, sahəsi 136 kv.m tikilinin "xxxx" MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazı olmadığını, gələcəkdə heç bir iddiasının olmayacağını və bu tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. Müqavilələrdən, həmçinin digər sənədlərdən görünür ki, müqavilə bağlanarkən müqaviləni imzalamağa hüququ olan şəxslər tərəfindən imzalanmış, üçüncü şəxslərin hüquqları pozulmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki Prosessual Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (Cavabdeh1 mülkiyyətində olan, hazırda sökülmüş fərdi yaşayış evindən istifadə hüququnun olmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə qeydiyyata alınması özlüyündə onun həmin mənzilə istifadə hüququnun yaranması anlamını ifadə etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn 13 fevral 2021-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən 136,0 m2 olan mənzilin əvəzinə, yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 (cəmi 145,0 m2) olan 2 ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması və həmin mənzillərə köçürülməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn 13 fevral 2021-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən 136,0 m2 olan mənzilin əvəzinə, yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 (cəmi 145,0 m2) olan 2 ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması və həmin mənzillərə köçürülməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar