Məhkəmə qərarları › İş №2(006)-4450/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4450/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4450/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 07 mart 2024-cü ildə Yasamal rayonu, ATS-in arxasında yerləşən “Voltage” avtomobil təmir servisində şəxsi avtomobili olan “Toyota Prius” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini baxış və 4 hissəsinin təmirindən, servisdə isə yağın dəyişdikdən sonra 19 nömrəli X1 nisyə 18.000 manata razılaşma yolu ilə sadə vəkalətnamə ilə sənədləşdirdilər. Cavabdehlə ayda 750 manat verməklə vəkalətnamədəki hüququ bitən tarixə kimi o, cavabdeh isə 2 ay ərzində avtomobilin sahibi kürəkəni ilə müqavilə bağlamalı idi. Cavabdeh 40 gündən sonra avtomobilini 6 tərəfdən vurulmuş və vurmaqla 4-5 yerdən cırılmış, çxol-üzlüyünün oğurlandığını bildirmişdir. Ona 2400 manat ziyan vurulub. Axırıncı qəzanın 210 manatını (qabaq buferin yamamasın və rənglənməsinə) dövlət sığortası tam ödəmişdir. Göstərilənlərə əsasən, İddiaçı dəymiş 2400 manat maddi ziyan və məhkəməyə ödənilən 44 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, qohumuna məxsus avtomobili o, ümumi etibarnamə ilə idarə edirdi. Avtomobilə aid bütün hüquqlar onda idi. O, yaşlı və xəstə olduğundan avtomobili satmaq istəyirdi. xx.xx.2024-cü il tarixdə o, yasda olarkən cavabdehin dayısıqızı onu cavabdehlə tanış etdi. Cavabdeh avtomobili almaq istədiyini ona bildirdi. Aralarında gəlinən razılığa əsasən o, avtomobili 15 min manata ona satdı. Bu zaman avtomobil servisdən keçirildi və maşında olan bütün qüsurlar onun vəsaiti hesabına aradan qaldırıldı. Həmçinin, cavabdeh ona bildirdi ki, atası xəstəxanadadır və 15 min manatı hazırda ödəməyə maddi imkanı çatmır. Əgər pulun hissə-hissə ödəməyinə razı olarsa, o, hissə-hissə 18 min manat ödəniş edəcəkdir. O da bununla razılaşdı. Bir müddət sonra ona satdığı avtomobil markasının qiymətinin düşməsini bildirdi. O da 15000 maat pulun 2 min manatını ona güzəşt etdiyini bildirdi. Halbuki, avtomobilin qiyməti düşərkən artıq avtomobil cavabdehin istifadəsində idi. Onların aralarında qiymət razılaşması bundan öncə olmuşdur. Avtomobilin qiymətinin düşməsi isə 2024-cü ilin mart ayına təsadüf edir. Hansı ki, AR Prezidenti bununla bağlı qərar vermişdir. Qiymət düşməsi isə təxminən 3 min manat civari bir məbləğ etmişdir. Bir müddət sonra yenidən müraciət edərək bu dəfə də avtomobilin batereyalarının xarab olduğunu bildirdi. Həmin qüsuru da öz vəsaiti hesabına aradan qaldırdı. Bir müddət sonra isə cavabdeh həmin avtomobillə yol qəzası keçirdi və avtomobilə xeyli miqdarda ziyan dəydi və avtomobili tam yararsız formada geri qaytararaq ödənişi etməkdən boyun qaçırdı. Əlavə olaraq, avtomobilin təmiri üçün verilmiş sığorta ödənişi avtomobilin ön hissəsinin təmir olunması ilə əlaqədar verilmişdir. Halbuki, avtomobil cavabdeh tərəfindən tam yararsız vəziyyətə salınmış, nəinki ön, həmçinin yan, arxa və alt hissələrinə də vuruqlar olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, avtomobilin mülkiyyətçisi R.Quliyevdir, lakin avtomobillə bağlı onun tərəfindən ona etibarnamə verilmişdir. Avtomobili daha sonra 3-cü bir şəxsə satarkən alıcını o tapmış və bütün danışıqları o həyata keçirmişdir. Avtomobilin satılması ilə bağlı pulu da o almışdır. Lakin həmin vaxt mülkiyyətçinin ona verdiyi etibarnamənin müddətinin bitməsinə 2 gün qaldığından bütün sənədləşdirmə işləri mülkiyyətçi ilə aparılmışdır. Əliyev Emil avtomobili alan şəxsdir. Daha sonra E.Əliyev avtomobili R.Həsənova satmışdır. Maşına vurulmuş ziyanın ödənilməsini mülkiyyətçi R.Quliyev ondan tələb etməmişdir. Avtomobil ona qəzalı vəziyyətdə qaytarıldıqdan sonra o, 1700 manat məbləğində təmir işləri gördürdü, lakin tam təmir etdirmədi. 240 manat məbləği hissəsində avtomobili satdığı adam təmir etdirdi və yerdə qalan təmir xərci kimi isə 460 manat ona ödəniləcək alğı-satqı məbləğindən çıxdı. Bununla bağlı sübutları yoxdur. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olurdu. Bununla bağlı şirkət maşınını icarəyə götürmüşdü. Lakin daha sonra həmin maşını qaytardı. Dayıqızı onu iddiaçı ilə tanış etdi. O, iddiaçıdan maşın almaq niyyətində olmamışdır. O, avtomobili icarəyə götürmək istəmiş və bununla bağlı iddiaçıya müraciət etmişdir. İddiaçı ilə aralarında gəlinən razılığa əsasən o, avtomobil üçün ona hər gün 25 manat ödəniş etməli idi. Bütün təmir xərclərini isə iddiaçı qarşılamalı, o sadəcə yağını dəyişməli idi. Daha sonra maşını servisdən keçirdilər və bütün qüsurlar aradan qaldırıldı. Bir müddət sonra isə avtomobilin batereyası sıradan çıxdı. İddiaçı bununla bağlı ona 100 manat pul verdi. Yerdə qalan hissəsini isə özü qarşıladı və batereyalarını dəyişdi. Daha sonra isə yol-nəqliyyat hadisəsi baş verdi və onun idarə etdiyi avtomobili digər bir avtomobil vurdu. Bunda onun heç bir təqsiri olmamışdır. Buna görə bütün ziyanı sığorta qarşılamış və sığorta məbləğini iddiaçıya ödəmişdir. Daha sonra o, maşının bütün cərimələrini ödəmiş və maşını iddiaçıya geri qaytarmışdır. O, iddiaçının avtomobilini 4 ay etibarnamə əsasında idarə etmiş və bu müddətdə onun bütün icarə haqlarını iddiaçıya ödəmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 oğlunun mülkiyyətində olan “Toyota Prius (Hibrid)” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında İddiaçı verilmiş və onun istifadəsində olduğu zaman iddiaçı həmin avtomobili Cavabdeh (iddiaçının bildirdiyinə görə alqı-satqı müqaviləsi əsasında avtomobili cavabdehə satmışdır) istifadə edilməsi üçün vermiş, daha sonra həmin avtomobil iddiaçıya geri qaytarılmışdır. Avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobildə bir sıra nöqsanlar aşkarlanmış, həmçinin yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı avtomobilin cavabdehdə olduğu müddətdə avtomobilə dəyən maddi ziyanın və həmçinin, hazırki iddianın qaldırılması üçün ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə avtomobili iddiaçıdan icarəyə götürdüyünü və icarə haqqını vaxtında ödədiyini, avtomobillə bağlı yaranmış xərcləri isə özü ödədiyini və daha sonra avtomobili iddiaçıya geri qaytardığını bildirərək iddianın rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 7.Müki işin materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X8 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi İddiaçı tərəfindən Cavabdeh 07 mart 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək etibar edilmişdir. 8.Mülki işin materiallarında olan Yasamal rayon Pİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul edilən 17 iyun 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 10.Mülki işin materiallarında olan 07 dekabr 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil satıcı X3 tərəfindən alıcı X5 10.000 manat məbləğində satılmışdır. 11.Mülki işin materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 25 avqust 2024-cü il tarixli Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən X9 1 il müddətinə, yəni 25 avqust 2025-ci il tarixədək etibar edilmişdir. 12.Mülki işin materiallarında olan 12 sentyabr 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil satıcı X8 tərəfindən alıcı X2 9.000 manat satılmışdır. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçirilərək MF15225730 nömrəli elektron talon tərtib edilmişdir. 14.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, AZ240424003 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əlikram X12 məxsus bank hesabına 210 manat məbləğində pul vəsaiti ödənilmişdir. 15.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Cavabdeh tərəfindən ünvanlanan 25 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ünvanlayaraq etibarnamə ilə idarə etdiyi **-FD-*** qeydiyyat nişanlı avtomobil ilə **-BM-*** nömrəli avtomobil ilə toqquşmuşdur. **-FD-*** nömrəli avtomobili xx.xx.2024-cü ildə baş verən hadisənin qüsur aktının, qiymətləndirmənin, foto şəkillərinin təqdim edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 17.Məhkəmə iddia tələbinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Toyota Prius (Hibrid)” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə 2.400 manat məbləğində maddi ziyan dəyməsini iddia etsə də, bu faktı iddiaçı tərəf sübuta yetirə bilməmiş, həmçinin iddianı təsdiq edə biləcək hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Təkcə avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə arxa hissəsinə ziyan dəyməsi faktı məhkəmə tərəfindən aşkar edilsə də, həmin hissəyə münasibətdə məhkəmə qeyd edir ki, bu halda isə dəymiş maddi ziyanla bağlı və yaxud da ümumiyyətlə avtomobilə iddiaçının iddia etdiyi həddə maddi ziyan dəyməsi faktı müəyyən edilmiş olsa idi belə, bu zaman da hazırki iddia tələbini irəli sürmək üçün iddiaçının müvafiq subyektiv hüququ olmamış olacaqdı. 18.Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun iddia qaldırmaq hüququ olduğu zaman yol verilə bilər. 19.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 21.İş üzrə araşdırılan hallardan göründüyü kimi “Toyota Prius (Hibrid)” minik markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı istifadəsinə avtomobilin əsl mülkiyyətçisi X8 tərəfindən etibarnamə əsasında verilmişdir. Bundan sonra həmin avtomobil iddiaçı tərəfindən isə etibarnamə əsasında Cavabdeh verilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, avtomobil alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, hətta hazırki iş üzrə iddiaçı tərəfindən də yox, mülkiyyətçinin başqa şəxsə verdiyi etibarnamə əsasında (X11 tərəfindən X2) satılmışdır və bu halda da dəymiş ziyanı tələb etmək hüququ mülkiyyətçinin üzərinə düşmüş olacaqdı. Məhkəmə qeyd edir ki, iddiaçı o halda hazırki tələbi irəli sürmüş ola bilərdi ki, avtomobil onun faktiki sahibliyində olmuş və ona maddi ziyan dəymiş olardı. Hazırki vəziyyətdə avtomobilə həqiqətən də maddi ziyan dəyməsi faktı müəyyən edilmiş olsa idi belə, bu zaman maddi ziyan tələbini avtomobilin faktiki sahibliyində olduğu şəxs, yəni Cavabdeh irəli sürə bilərdi və yaxud da avtomobil həmin vəziyyətdə iddiaçıya və daha sonra da mülkiyyətçiyə qaytarılmışdırsa, artıq bu zaman mülkiyyətçinin iddiaçı və ya cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmış olardı. 22.Beləliklə də, iddia tələbi üzrə ilk öncə avtomobilin Cavabdeh faktiki istifadəsində olduğu müddətdə avtomobilə iddia edildiyi həddə maddi ziyan dəyməsi faktı aşkar edilməmiş, aşkar edilmiş olsa idi belə, avtomobil əsl mülkiyyətçi tərəfindən üçüncü şəxsə verilən etibarnamə əsasında başqa şəxsə satıldığından İddiaçı birbaşa hazırki iddia tələbini irəli sürmək hüququ yaranmamışdır. Yəni zənn etsək ki, ortada bir zərər mövcuddur. Lakin bu zərər kimə dəymişdir deyə düşünsək, bu halda real zərər mülkiyyətçiyə dəymişdir. Çünki hazırda sözügedən nəqliyyat vasitəsi iddiaçının sahibliyində deyildir və mülkiyyətçiyə qaytarılmaqla elə sonuncunun iradəsi ilə digər şəxsə satılmışdır. Bir növ pul tutulacağı halda həmin pulun sonraki aqibəti necə olacaqdır?!, kimə qaytarılacaqdır məbləğ?! (ki, həmin zərərin mülkiyyətçi tərəfindən tələb edilməsi yoxdur). Odur ki, hazırda iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ olmadığından, iddia tələbi maddi ziyan dəyməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 23.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb ilkin tələblə bağlı olduğundan və tələb əsas hissədə (maddi ziyanın ödənilməsi hissəsində) rədd edildiyindən prosessual qənaət prinsipi nəzərə alınmaqla həmin hissədə də tələb əsassız hesab edilməklə rədd edilməlidir. 24.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Həmin Məcəllənin 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 28.Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 29.Sözügedən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar