Məhkəmə qərarları › İş №2(006)-4453/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4453/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4453/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh2" ASC-yə qarşı "əsassız borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və Ləğv prosesində olan "Cavabdeh2" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh2" ASC tərəfindən adına əsassız olaraq hesablanmış 4941 ABŞ dolları borcun silinməsi və tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq X1 cavabdehlər sırasından çıxarılması, xx xxxxxx 2010-cu il tarixdə 610 saylı kredit müqaviləsinin 4941 ABŞ dollar borcunun Cavabdeh2 ASC tərəfindən silinməsi və borcun olmaması barədə Cavabdeh2 ASC-nin Azərbaycan Kredit Bürosuna məlumat verməsi və oradan silinməsinin Cavabdeh2 ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında İddiaçıiddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "Cavabdeh2" ASC Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsinə xitam verilməsi, xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ondan iddiaçının xeyrinə 2818 ABŞ dolları əsas borc, 2123 ABŞ dolları faiz borcu, cəmi 4941 ABŞ dolları borcu, habelə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(004)-1611/2014 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamənin qəbul olunmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh "Cavabdeh2" ASC tərəfindən onun adına olan həmin əsassız borc silinməmişdir və cavabdeh borcu silməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-1611/14 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 ASCnin cavabdeh İddiaçı qarşı xx xxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 2818ABŞ dolları əsas borc, 2123 ABŞ dolları faiz borcu, cəmi 4941 ABŞ dolları borcun, habelə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "Cavabdeh2" ASC öncədən İddiaçı qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsinə xitam verilməsi, xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı öz xeyrinə 2818 ABŞ dolları əsas borc, 2123 ABŞ dolları faiz borcu, cəmi 4941 ABŞ dolları borcu, habelə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı İddiaçı sözügedən kredit müqaviləsini imzalamadığı, tərəflər arasında heç bir müqavilənin bağlanmadığı və beləliklə də hər hansı öhdəlik münasibətinin yaranmadığı müəyyən edilmiş, göstərilənlərə əsasən iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından hazırki iş üzrə İddiaçı Ləğv prosesində olan "Cavabdeh2" ASC-yə xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsi üzrə borcunun olmaması işin mübahisələndirilməyən halı hesab olunur. Göründüyü kimi, İddiaçı cavabdeh qarşısında hər hansı borc öhdəliyinin olmaması faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, həmin borc iddiaçının adına qalmaqda davam edir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından sonuncunun pozulmuş hüquqları və qanunla qorunan mənafelərinin real bərpasının təmin olunması baxımından iddia tələbi təmin olunmalı, xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsi üzrə İddiaçı ləğv prosesində olan "Cavabdeh2" ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi ləğv prosesində olan "Cavabdeh2" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxx 2010-cu il tarixli, 610 saylı kredit müqaviləsi üzrə İddiaçı ləğv prosesində olan "Cavabdeh2" ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi ləğv prosesində olan "Cavabdeh2" ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar