Məhkəmə qərarları › İş №2(006)-447/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-447/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-447/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdə səhər saat 09:30 radələrində Bakı şəhəri, M.Araz küçəsi ilə Atatürk prospekti istiqamətində hərəkət edərkən, idarə etdiyi “Wolkswagen Passat” markalı, **-XO- *** dövlət nömrə nişanlı avtomaşını ilə iddiaçıya məxsus “FORD EDGE” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomaşını piyada keçidi “zebra” nın qabağında arxa tərəfindən vurmaqla maddi ziyan vurmuşdur. Hadisə zamanı hadisə yerinə gəlib özünü cavabdehin yoldaşı kimi təqdim edən şəxs bütün məsələlərə görə ona zəng etməyini, xanımını narahat etməməyi xahiş etdi. Hadisə yerinə Nərimanov rayon DYPX-nin əməkdaşları cəlb olunmuşlar. Nərimanov rayon DYP İdarəsində hər ikisinin izahatları alındıqdan sonra hadisəni törədən Cavabdeh avtomobilə vurduğu maddi ziyanın miqdarını dəqiqləşdirmək üçün İddiaçı “FNC MOTORS” FORD Mərkəzindən qüsur aktı çıxartdırmışdır. Mərkəzin ixtisaslaşmış mütəxəsislərin avtotexniki baxışından sonra avtomobilin əvvəlki vəziyyətə bərpa etmək üçün 940 (doqquz yüz qırx) manat vəsait ödənilməsi barədə müvafiq akt tərtib edilmişdir. Məbləği bilən Cavabdeh yoldaşı bildirmişdir ki, məbləği icbari sığorta ödəyəcək (cavabdehin “xxxx” ASC ilə icbari sığorta müqaviləsi var) . Amma təəssüf ki, cavabdehin sığortası iddiaçını təmirə lazım olan məbləğdən təxminən yeddi dəfə az məbləğ təklif etdi. Məhkəməyə müraciət edəcəyini bildirəndə məbləği bir qədər artırdılar, amma yenə təklif tələb ediləndən dəfələrlə az idi. Heç nəyin dəyişməyəcəyini anlayanda iddiaçı cavabdehin yoldaşına bildirdi ki, məhkəməyə müraciət etməkdən başqa yolu qalmayıb. Bundan sonra özünü cavabdehin qardaşı kimi təqdim edən şəxs iddiaçıya zəng vurub söhbətin sonunda bildirdi ki, gedib məhkəməyə müraciət etsin. Razılaşma əldə edilmədiyindən, iddiaçı hal-hazıradək avtomobili zədələnmiş vəziyyətdə idarə etməli olur, toqquşma nəticəsində arxa aşağı buferdə iki dəlik əmələ gəlmiş, avtomobilin səssusdurucunun qazanı əzilmişdir, borusu onun daxilinə yerimişdir. Bakı şəhəri Nərimanov rayon DYPŞ TP ******* nömrəli qərarı ilə E.E.X1 Məcəlləsinin 327.1 -ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən cavabdeh xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh iddiaçının xeyrinə 940 (doqquz yüz qırx) manat maddi ziyan və 30 (otuz) manat məhkəmə xərci, ümumilikdə isə 970 (doqquz yüz yetmiş) manat pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” ASC-nin əlavə cavabdeh qismində işə cəlb edilməsini, 940 (doqquz yüz qırx) manat maddi ziyan və 30 (otuz) manat məhkəmə xərci, ümumilikdə isə 970 (doqquz yüz yetmiş) manat pul məbləğinin hər iki cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Wolkswagen Passat” markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “FNC Motors" tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “FORD EDGE” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 940 manat ziyan dəymişdir. Həmçinin, işdə olan “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli, H/07-PLS №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “FORD EDGE” markalı, **- VT-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləği 975 manat müəyyən edilir. Ekspert tətqiqatının dəyəri 200 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 940 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, “FORD EDGE” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləği 975 manat məbləğində müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, vurulmuş ziyanın əvəzi iddia ərizəsində göstərilən məbləğdə (940 manat) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə təmin edilməməlidir. Belə ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman onun “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” ASC-dən vurulmuş maddi ziyana görə 940 (doqquz yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 970 (doqquz yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «xxxx» MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq «xxxx» MMC-nin “xxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən vurulmuş maddi ziyana görə 940 (doqquz yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 970 (doqquz yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh münasibətdə təmin edilməsin. «xxxx» MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq «xxxx» MMC-nin “xxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar