Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4470/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit reyestrindən borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit reyestrindən borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Səbail filialı ilə onun arasında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə qalıq qalmış borcun ödənilməsi onun öhdəliyi olmadığı üçün həmin borcun cavabdeh "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının kredit reyestrindən onun adından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" ASC-nin Səbail filialı ilə aralarında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə «BMW 728» markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alğı-satqı yolu ilə alınması üçün "xxxx" ASC-nin Səbail filialı ilə kredit müqaviləsi bağlayaraq 15.500 ABŞ dolları məbləğində kredit əldə etmiş, həmçinin həmin tarixli girov müqaviləsinə əsasən sözügedən avtomaşını götürülmüş kreditin qaytarılması zəmanəti kimi bank qarşısında girovla yüklü etmişdir. Avtomaşını əldə edib təxminən 2-3 ay idarə etdikdən və aylıq ödənişləri ödədikdən sonra, sözügedən avtomobilin oğurluq olması, başqa nömrə və başqa rənglə digər bankda girovda da olması ona bəlli olmuşdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılmış və istintaq aparılmışdır. Aparılmış istintaq zamanı o, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, avtomaşın alınan zaman onun tərəfindən ilkin ödəniş olaraq verilmiş 4.000 ABŞ dollarına münasibətdə istintaq orqanı onu zərərçəkən qismində tanımışdır. Həmçinin, həmin iş üzrə "xxxx" ASC-nin Səbail filialı da zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun avtomaşını aldığı şəxs X6 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmiş və təqsirləndirilən şəxs X2 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli A № 0594 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə eyni zamanda mülki iddialar təmin edilmiş, avtomaşını ona satmış X3 milli pul məzənnəsi ilə onun xeyrinə 4.000 ABŞ dolları, "xxxx" ASC-nin Səbail filialının xeyrinə 12.847 ABŞ dollarının tutulması, cinayət işi üzrə maddi sübut hesab edilən və həmin vaxt DYP-nin «Siqnal» idarəsinin dayanacağında saxlanılan «BMW 728» markalı, Ban VVBAÇE21000 DJ47726, mühərrik 51200969 olan avtomaşın və BMCMİ-də saxlanılan «Mercedes Bens 320» markalı Ban WDB 2200651A023560, mühərrik **********2386 olan avtomaşınlar məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin vasitəsilə hərrac yolu ilə satılıb alınan pulların mülki iddiaların ödənilməsinə yönəldilməsinə hökm edilmişdir. Təqsirləndirilən tərəfindən həmin hökmdən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-ci il tarixli 4k-60/06 N-li qərarı ilə təmin edilməmiş, Ağır Cinayətlər məhkəməsinin və Apellyasiya məhkəməsinin hökm və qərarı Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qısaca olaraq sadalananlardan da göründüyü kimi "xxxx" ASC-nin Səbail filialı ilə onun arasında bağlanılmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası onun iradəsindən kənar təsir nəticəsində mümkün olmamışdır. Ona və "xxxx" ASC-nin Səbail filialına dəymiş maddi ziyanın girov qismində bank qarşısında yüklü edilmiş avtomobilin və R.Rzayevə məxsus digər daşınar əmlakın satılaraq onlara vurulmuş ziyanların ödənilməsi barədə bütün məhkəmə instansiyalarının hökm və qərarları vardır. Qeyd edir ki, bankla onun arasında bağlanmış müqavilələrin müddəti bitmiş, hökmə əsasən onun bank qarşısında öhdəliyi aradan qalxmış, həmin öhdəlik ona və digər şəxslərə qarşı cinayət törətmiş Rəmşan Rzayevin üzərində qalmışdır. Lakin, buna baxmayaraq təxminən 20 ildir ki, onun bank qarşısında öhdəliyi olmadığı halda adı kredit reyestrində borclu kimi göstərilir, 20 ildir ki, bank adının həmin reyestrdən borclu kimi çıxarılması üçün heç bir tədbir görmür. Bununla bağlı olaraq o, 2024-cü ilin aprel ayında "xxxx"-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət edərək adının kredit reyestrindən borclular siyahısından çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Lakin, Bank ərizəsini təmin etməmiş, başdan sovdu heç bir qanuna istinad edilməyən bir cümlədən ibarət cavab yazaraq qeyd etdi ki, «ərizəsində göstərilənlərin icra edilməsi məqsədəuyğun deyil». Hesab edir ki, bu qeyri-hüquqi mövqedir, məhkəmə tərəfindən kredit öhdəliyi üzrə iddia ona münasibətdə deyil, təqsirləndirilən şəxs Rəmşan Rzayevə münasibətdə təmin edilib, hətta bank ona qarşı sözügedən müqavilə üzrə pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası üzrə icraata xitam verilmişdir ki, artıq bu iş üzrə qüvvədə olan məhkəmə hökmü vardır. Belə olan halda, bankın onun adının borclular siyahısından çıxarmaması ilə bağlı hərəkətsizliyi qanunsuzdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyul 2005-ci il tarixli A-№ 0594 saylı hökmündən görünür ki, Rzayev Rəmşan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona həmin məhkəmənin 7 dekabr 2004-cü il tarixli hökmü ilə 2 il 6 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanın 24 fevral 2005-ci il tarixdə R.Rzayev tutulduğuna görə çəkilməmiş 2 il 2 ay 17 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək onun üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; R.M.Rzayevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 24 fevral 2005-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin edilməsi, R.M.Rzayevdən milli pul məzənnəsi ilə M.Rəhimovun xeyrinə 11.000 ABŞ dolları, O.Sikarevskinin xeyrinə 4.000 ABŞ dolları, E.Zahidovun xeyrinə 22.100 ABŞ dolları, İddiaçı xeyrinə 4.000 ABŞ dolları, "xxxx" ASC-nin Səbail filialına 12.847 ABŞ dolları, «Standard» bankının xeyrinə 32.672 ABŞ dolları, «Azər-Asiya» Sığorta şirkətinin xeyrinə 15.305 ABŞ dollarının tutulması, maddi sübut olan - DYP-nin «Siqnal» idarəsinin dayanacağında və DİN BMCQMİ-də saxlanılan avtomobillərin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin vasitəsi ilə hərrac yolu ilə satılıb alınan pulların yuxarıda qeyd olunan mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və İnzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarından görünür ki, məhkumun müdafiəçisi və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyul 2005-ci il tarixli A-№ 0594 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli 4k-60/06 saylı qərarından görünür ki, vəkil A.Z.Əliyevin kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və İnzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Səbail filialının cavabdeh İddiaçı qarşı tələbin girov əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin olunaraq İddiaçı 11973 ABŞ dolları əsas, 874 ABŞ dolları faiz borcu, cəmi 12847 ABŞ dolları məbləğində pulun ödənilən günü manata olan məzənnəsi ilə tutularaq "xxxx" ASC-nin Səbail filialına ödənilməsi, həmin məbləğin İddiaçı tərəfindən ipotekaya qoyulmuş BMW-728 minik markalı, tip-sedan, buraxılış ili – 1998, mühərrik 30561826, şassi WBAGE 210** DJ ***26, tünd göy rəngli avtomaşına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunan məbləğin borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC qarşısında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, "xxxx" ASC ilə onun arasında bağlanması göstərilən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə aktiv borcunun olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, iddiaçı qeyd olunan məsələ ilə əlaqədar istər cavabdehə, istərsə də, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsə də, onun haqlı müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçının yuxarıda adı qeyd olunan reyestrdə "xxxx" ASC qarşısında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Halbuki, qanunvericiliyin tələblərinə görə öhdəliyin yaranması üçün başlıca əsas kimi müqavilə çıxış edir. Tərəflər arasında müqavilə olmadığı halda, iddiaçının bağlamadığı müqavilə üzrə borclu kimi göstərilməsi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı adına "xxxx" ASC-nin Səbail Filialında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosu MMCyə məlumat verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına "xxxx" ASC-nin Səbail Filialında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4470/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4470/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver