Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4472/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi, həmin borcun cavabdehin əməliyyat sistemindən silinməsi və bu barədə kredit reyestrində qeydin aparılmasının cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə və Cavabdeh3 MMC-yə qarşı «müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi, borcun iddiaçıya aid olmamasının müəyyən edilməsi, həmin borcun cavabdehlərin əməliyyat sistemindən silinməsi, onun cavabdehlərə borcunun olmamasının müəyyən edilməsi və bu barədə kredit reyestrində qeydin aparılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə bağlanmış 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilərək, onun əsasında yaranmış borcun ona, yəni İddiaçı aid olmadığının müəyyən edilərək, həmin borcun cavabdehlərin əməliyyat sistemindən silinməsi, onun cavabdehlərə borcunun olmamasının müəyyən edilməklə, bu barədə qeydin Cavabdeh3 MMC-nin kredit reyestrində aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 7.648 manat 50 qəpik (2.877 manat 65 qəpik əsas borc və 4.770 manat 85 qəpik faiz) borcun olmamasının müəyyən edilərək, həmin borcun cavabdehlərin əməliyyat sistemindən silinməsi və borclu olmadığı barədə qeydin Cavabdeh3 MMC-nin kredit reyestrində aparılmasının cavabdehlərin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda ləğv prosesində olan Cavabdeh1 ASC-nin «Binəqədi» filialı ilə guya onunla, yəni İddiaçı arasında bağlanmış 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi özlüyündə əhəmiyyətsiz əqd olduğundan onun əsasında yaranmış kredit borcu cavabdehin əməliyyat sistemindən silinməli, onun cavabdehə borcunun olmaması müəyyən edilməklə bu barədə qeydin Cavabdeh3 MMCnin kredit reyestrində aparılması təmin edilməlidir. Belə ki, Cavabdeh3 MMC-nin çıxarışında «Borcalanın aktiv öhdəlikləri» hissəsində əks olunmuş Cavabdeh1 ASC ilə bağlanmış 30.11.2012-ci il tarixli kredit müqaviləsi ümumiyyətlə onun tərəfindən imzalanmamış və kredit verilən zaman o, fiziki olaraq cavabdehin inzibati binasında olmamışdır. Qeyd olunanları əsas götürərək, hesab edir ki, 30.11.2012-ci il tarixli kredit müqaviləsi onun tərəfindən imza edilmədiyindən məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi qiymətləndirilərək, onun əsasında yaranmış borcun ona aid olmadığı müəyyən edilməli və «Azərbaycan Kredit Bürosunun» kredit reyestrində buna dair qeydlər aparılmalıdır. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə bağlanmış 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi əhəmiyyətsiz əqd hesab edilərək onun əsasında yaranmış borcun ona, yəni İddiaçı aid olmadığı müəyyən edilərək, həmin borcun cavabdehin əməliyyat sistemindən silinməsi, onun cavabdeh qarşısında borcunun olmaması müəyyən edilməklə bu barədə qeydin Cavabdeh3 MMC-nin kredit reyestrində aparılması barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış 01.08.2018-ci il tarixli 2(004)-5625/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı «30.11.2012-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış borcun tutulması» tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, onun cavabdehə borcu mövcud deyil. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının məhkəmə qaydasında öhdəliyi yoxdur. Bununla bağlı qətnamə qəbul edilmişdir. Lakin bankın öz maraqlarına uyğun olaraq silinmə aparılmır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(004)-5625/2018 saylı qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı və X2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, kredit məbləğinin İddiaçı verilməsini təsdiq edən ciddi hesabat sənədi olan kassa məxaric orderi yoxdur. Digər tərəfdən tələb iddia müddəti ötürülməklə verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli 2(103)- 11242/2018 saylı qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(004)-5625/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamədən ƏSF tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 25.10.2019-cu il tarixli 2(103)-11242/2018 saylı qərardadı ilə geri qaytarılmışdır. Qərardad kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi və onun bərpa olunmasına dair ərizə verilməməsi ilə əsaslandırılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 02.12.2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkilin orderinin ona əlavə olunmaması, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, şikayətin verildiyi məhkəmənin adının və ünvanının göstərilməməsi ilə əsaslandırılmışdır. ƏSF apellyasiya instansiyası məhkəməsinin 02.12.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(102)-1997/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.12.2019-cu il tarixli 2(103)-11242/2018 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC qarşısında 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırki mülki işə baxan məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Göründüyü kimi, iddiaçıya kredit müqaviləsi üzrə real olaraq kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi mövcud olmamaqla yanaşı, sadalanan maddi hüquq normaları baxımından iddiaçının hazırkı iddiasında qeyd edilən kredit müqaviləsi üzrə müddət keçmiş, tələb qüvvəsini itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə qeyd olunmuş 7.648 manat 50 qəpik (2.877 manat 65 qəpik əsas borc və 4.770 manat 85 qəpik faiz) borcun olmaması müəyyən edilməli, həmin borc cavabdehlərin əməliyyat sistemindən silinməli və İddiaçı 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə qeydin Cavabdeh3 MMC-nin kredit reyestrində aparılması cavabdehlər LPO Cavabdeh1 ASC-nin, həmin bankın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə qeyd olunmuş 7.648 manat 50 qəpik (2.877 manat 65 qəpik əsas borc və 4.770 manat 85 qəpik faiz) borcun olmaması müəyyən edilsin. Həmin borc cavabdehlərin əməliyyat sistemindən silinsin. İddiaçı 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə qeydin Cavabdeh3 MMC-nin kredit reyestrində aparılması cavabdehlər LPO Cavabdeh1 ASC-nin, həmin bankın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4472/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4472/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver