Məhkəmə qərarları › İş №2(006)-4473/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4473/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4473/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı Mir-X1 iştirakı ilə, İddiaçı Mir-X1 cavabdeh Əmanətlərin Sığortalanması Fondu və QSC "BANK STANDARD" KB-yə (Ləğv prosesindədir) qarşı qalıq kredit borclarının iddia müddəti bitdiyindən silinməsi və Mərkəzi Kredit reyestrində məlumatların ötürülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Mir-X1 cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və QSC "BANK STANDARD" KB-yə (Ləğv prosesindədir) qarşı qalıq kredit borclarının iddia müddəti bitdiyindən silinməsi və Mərkəzi Kredit reyestrində məlumatların ötürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, QSC “Bank Standard” KB-dən xx.xx.2013-cü il tarixdə 1xx/xx/46389/13/1 saylı kredit müqaviləsinə əsasən kredit götürüb. Maliyyə durumunun pisləşdiyindən kreditin ödənişində dayanmalar olmuş və Ləğv prosesində olan QSC “Bank Standard" KB “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair” tələbi üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən narazı qalmış tərəf, yəni Ləğv prosesində olan QSC “Bank Standard” KB apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi öz növbəsində şikayəti araşdırmış və iş üzrə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi 2( 103)-8334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə şikayəti təmin etməmiş, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1314/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsini qüvvədə saxlamışdır. Yenidən narazı qalan tərəf, Ləğv prosesində olan QSC “Bank Standard” KB yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2( 102)-2806/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Hal-hazırda, yəni 28 iyul 2025-ci il tarixli Azərbaycan Kredit Bürosunun çıxarışına əsasən QSC “Bank Standard” KB ilə bağlanılmış 1xx/xx/46389/13/1 saylı, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 4,749.55 (dörd min yeddi yüz qırx doqquz manat 55 qəpik) manat əsas borc, 7,135.38 (yeddi min yüz otuz beş manat 38 qəpik) manat faiz borcu, ümumilikdə cəmi 11,884.93 (on bir min səkkiz yüz səksən dörd manat 93 qəpik) manat qalıq borc göstərilmişdir. Əlavə olaraq QSC “Bank Standard” KB ilə bağlanılmış **********2151 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 997.70 (doqquz yüz doxsan yeddi manat 70 qəpik) manat əsas borc; 1,569.71 (bir min beş yüz altmış doqquz manat 71 qəpik) faiz borcu, ümumilikdə cəmi 2,567.41 (iki min beş yüz altmış doqquz manat 41 qəpik) manat qalıq borc göstərildiyini bildirərək qeyd olunanları nəzərə alaraq, 28 iyul 2025-ci il tarixli Azərbaycan Kredit Bürosunun çıxarışa əsasən QSC “Bank Standard” KB ilə bağlanılmış 1xx/xx/46389/13/1 saylı, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 4,749.55 (dörd min yeddi yüz qırx doqquz manat 55 qəpik) manat əsas borc, 7,135.38 (yeddi min yüz otuz beş manat 38 qəpik) manat faiz borcu, ümumilikdə cəmi 11,884.93 (on bir min səkkiz yüz səksən dörd manat 93 qəpik) manat və QSC “Bank Standard” KB ilə bağlanılmış **********2151 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 997.70 (doqquz yüz doxsan yeddi manat 70 qəpik) manat əsas borc; 1,569.71 (bir min beş yüz altmış doqquz manat 71 qəpik) faiz borcu, ümumilikdə cəmi 2,567.41 (iki min beş yüz altmış doqquz manat 41 qəpik) manat göstərilən kredit qalıqlarının kreditlərin iddia müddəti bitdiyindən silinməsinə və Mərkəzi Kredit Reyestrində məlumatların ötürülməsi üçün qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə verilən izahatlar: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondu və QSC "BANK STANDARD" KB-nın (Ləğv prosesindədir) nümayəndəsi X3 iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində görünür ki, Ləğv prosesində olan QSC “Bank Standard" KB-ı cavabdeh Mir-X4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair” tələbi üzrə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsini 2 (103)-8334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan QSC “Bank Standard" KB-nın verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan, Ali Məhkəmənin 2( 102)-2806/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsini 2 (103)-8334/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan QSC “Bank Standard" KB-nın kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosunun xx.xx.2025 ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı, Ləğv prosesində olan QSC “Bank Standard" KB-a sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə olmaqla, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 997.70 manat, faiz məbləği 156.71 manat, sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə olmaqla, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4749.55 manat, faiz məbləği 7135.38 manat olduğunu göstərir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 383. İddia müddəti bitdikdən sonra vəzifənin icrası Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15 fevral 2023-cü il-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı: Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. 11 fevral 2022-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı: İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz...... Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

Məhkəmənin mövqeyi:. Məhkəmə iş materialları araşdıraraq, hesab edir ki, iddia təmin edilə bilməz. Beləki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 383-cü maddəsinin məzmunundan görünür ki, tərəf əgər iddia müddəti keçdikdən sonra öz öhdəliyini bilmədən icra etdiyi hallarda onu geri tələb edə bilməz. Yəni, iddia müddətinin keçməsi tərəfi öhdəlikdən azad etmir və tələb hüququnun özünü aradan qaldırmır.Sadəcə iddia müddətinin keçməsi ilə kreditor öhdəliyin borcludan məcburi qaydada icrasını tələb etmək imkanını itirir. Eyni yanaşma, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüququ mövqeyə uyğun gəlir. Yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin qərarlarında, iddia müddəti ilə kəsici müddət arasında fərqlər qeyd olunur, iddia müddətinin keçməsinin tələb hüququna xitam verilməsinə səbəb olmadığı vurğulanır. Kəsici müddət isə əksinə, tələb hüququnun özünü aradan qaldırır. Hazırkı iş üzrə iddiaçı borcunun olduğunu etiraf edir-bu işin mübahisəsiz halıdır. Sadəcə iddia müddətinin keçdiyinə görə həmin borcların Mərkəzi Kredit Reyestrindən silinməsini məhkəmədən xahiş edir.Buna səbəb olaraq, kreditlə bağlı müraciət edərkən, həmin borcların görünməsinin ona çətinlik yaratdığını bildirir. Məhkəmə qeyd edir ki, borcun silinməsi ilə bağlı iddia o halda əsaslı ola bilər ki, tərəf belə bir borcunun olmadığını, borcun ona qanunsuz olaraq hesablandığını bildirmiş olsun və bu işin halları ilə sübuta yetirilsin. Əks halda, yalnız iddia müddətinin keçməsi, tərəfin borcunun-icra etmədiyi öhdəliyinin silinməsinə əsas verə bilməz. Beləliklə, kreditor həmin borcları tələb edərkən iddiaçının iddia müddətinin keçdiyinə istinad edərək öhdəliyin icrasından imtina etmək hüququnun mövcudluğu bu öhdəliyin xitamına, həmcinin borcun silinməsinə səbəb ola bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Mir-X1 Əmanətlərin Sığortalanması Fondu və QSC "BANK STANDARD" KB-yə (Ləğv prosesindədir) qarşı qalıq kredit borclarının iddia müddəti bitdiyindən silinməsi və Mərkəzi Kredit reyestrində məlumatların ötürülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və QSC "BANK STANDARD" KB-yə (Ləğv prosesindədir) qarşı qalıq kredit borclarının iddia müddəti bitdiyindən silinməsi və Mərkəzi Kredit reyestrində məlumatların ötürülməsi tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar