Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4477/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə avtomobilinə dəymiş ziyan nəticəsində avtomobilin təmiri üçün çəkilmiş 830 manat, avtomobilin təmir edildiyi və işləmədiyi vaxt ərzində əldən çıxmış fayda 2.550 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.110 manat pulun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29.06.2020-ci il tarixdə idarə etdiyi «Toyota Prius» markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman «Mercedes» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə dəymiş və hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. O, dərhal 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Polisin araşdırması nəticəsində hadisə törədən Cavabdeh1 Yol Polis İdarəsinə gətirilmiş və sonuncu Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Hazırda onun avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Onu da qeyd edir ki, Cavabdeh1 avtomobili etibarnamə ilə idarə etsə də, avtomobilin əsl sahibi Cavabdeh2dır. Qeyd edir ki, hadisə nəticəsində onun avtomobilinin ön qapısı yararsız vəziyyətə düşmüş və qapaq qanadı və arxa qapısı da zədələnmişdir. Avtomobilin ön qapısının alınmasına 300 manat xərcləmiş və digər detalların ön qanadın və arxa qapının dəmirçi işinə görə 200 manat, rəngləmə işinə görə isə 230 manat və ayaqlığın (podnojkanın) təmirinə görə isə 100 manat olmaqla, cəmi 830 manat xərcləmişdir. Cavabdehə avtomobilinin təmiri ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində dəymiş ziyan tam şəkildə ödənilməlidir. Bundan əlavə, o, taksi fəaliyyəti ilə məşğuldur və ailəsinin dolanışığını taksi sürməklə təmin edir. Taksi sürücülüyündən başqa bir fəaliyyəti və qazanc yeri yoxdur. Gündəlik olaraq taksi sürücülüyü ilə 30-40 manat arası gəlir əldə edir. Hesab edir ki, cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyandan başqa hadisə nəticəsində və cavabdehin avtomobilini düzəltdirmək istəməməsi nəticəsində onun işsiz qalmasına görə günlərin hesabı ilə qazancı kompensasiya edilməlidir. Hesab edir ki, 29.06.2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək 102 gün ərzində gündəlik minimum qazancı 25 manat hesablanmaqla 2.550 manat təşkil edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini Cavabdeh2 münasibətdə qəbul etmədi və izahatında bildirdi ki, avtomobilin sahibi tərəfindən qanuna zidd hər hansı hərəkət, yaxud hərəkətsizlik törədilməmişdir. Avtoqəza Cavabdeh2 tərəfindən törədilməmişdir. Qəzanı törədən şəxs bəllidir və tələb həmin şəxsə yönəldilə bilər. Bu səbəbdən, iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin 08 dekabr 2020-ci il tarixli və 27 fevral 2021-ci il tarixli məktubları və s.) görünür ki, Cavabdeh1 «Mercedes Benz» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən, 29.06.2020-ci il tarixdə saat 3.45 radələrində Bakı şəhəri Nəsimi rayonu H.Seyidzadə küçəsində İddiaçı idarə etdiyi «Toyota Prius» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Hadisəni törədərək, yayınmış şəxsin şəxsiyyətini müəyyən etmək üçün tədbirlər görülmüş, «Mercedes Benz» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət sxemi müəyyən edilmiş və 29.06.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış təqsirkar sürücü Cavabdeh1 müəyyən edilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi Bakı Şəhəri BPİ DYPİ tərəfindən müvafiq qaydada sənədləşdirilərək, 29.06.2020-ci il tarixdə iddiaçının idarə etdiyi avtomobili vuraraq hadisə yerindən yayınmış «Mercedes Benz» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığına görə 21.08.2020-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 332.1-ci maddələri üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçıya yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. «Mercedes Benz» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmaqla, sonuncu qanunla müəyyən edilmiş qaydada digər Cavabdeh1 adına həmin avtomobilə dair etibarnamə vermişdir. YNH-nin törədilməsində avtomobil mülkiyyətçisi hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyə yol verməmişdir. «X5»in 10.08.2020-ci il tarixli qüsur aktından görünür ki, «Toyota Prius» markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının dəyəri 300 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 9/6322 saylı rəyindən görünür ki, «Toyota Prius» markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 450 manat müəyyən edilir, o cümlədən: - dəyişilməli hissələrin qiyməti 300 manat, təmir-bərpa işlərinin qiyməti 150 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Cavabdeh1 qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 450 manat maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona daha artıq məbləğdə maddi ziyan vurulmasına, həmçinin taksi fəaliyyəti göstərməklə hər gün qeyd etdiyi məbləğdə gəlir əldə etməsindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 450 manat maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4477/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4477/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver