Məhkəmə qərarları › İş №2(006)-4479/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4479/2023

04.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4479/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin QMB Şöbəsinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin QMB Şöbəsinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş iddia ərizəsinin “xahiş etdi” adlı hissəsində iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 127 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun tanınması xahiş edilmişdir. Lakin iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı sözügedən mənzilə daimi olaraq qeydiyyata alınmasını tələb edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin inzibati xarakterli münasibətlərə aid olması, habelə tələbin məhz inzibati orqana qarşı irəli sürülməsi hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı mənzilə qeydiyyata alınması tələbi ilə bağlı müvafiq inzibati orqana müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı mənzilə qeydiyyata alınması ilə bağlı müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6328/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin QMB Şöbəsinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o, inzibati quruma qarşı iddia tələbi ilə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar