Məhkəmə qərarları › İş №2(006)-4481/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4481/2021

17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4481/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Masallı Rayon Məhkəməsinin iş № 2(050)-649/2016 saylı, 13.06.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş, daha sonra Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1395/2016 saylı, 04.08.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 01.02.2008-ci il təvəllüdlü X1 və 29.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ahiment miqdarı cavabdehin rəsmi qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa görə ayda 55 manat sabit məbləğində müəyyən edilmiş qətnamə elan edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən bu günə kimi ayda 2 uşağa cəmi 100 manat aliment məbləğində pul ödənilir. Bu da uşaqların nəinki normal xərclərini, heç yaşayış minimum həddini belə təmin etmir, bu səbəbdən alimentin artırılması və hər uşaq üçün 300 manat, toplam 600 manat aliment məbləğinin müəyyən edilməsi mütləq və zəruridir. Cavabdeh dermotoloq həkimdir və özəl klinikaların birində fəaliyyət göstərir. Bundan əlavə digər gəlirləri mövcuddur. Göstərilənlərə əsasən, Cavabdeh 01.02.2008-ci il təvəllüdlü X1 və 29.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay 300 (üç yüz) manat olmaqla, toplam 600 (altı yüz) manat sabit pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirməsi barədə ərizə verərək, Şirvan Apellyasiya Məhkəməsinin 04.08.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin hissəvi hissəsində dəyişdirilərək, 01.02.2008-ci il təvəllüdlü X3 və 29.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün nəzərdə tutulmuş 55 manat artırılaraq, onlar yetkinlik yaşlarına çatana kimi hər biri üçün 300 manat, toplam 600 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, Cavabdeh evdə olmadığından bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-649/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh X4 ilə bağlanmış 22 fevral 2007-ci il tarixli 16 saylı nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1395/2016 saylı, 04 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(050)-646/2016 saylı qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək Cavabdeh 01.02.2008-ci il təvəllüdlü X1 və 29.03.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa görə ayda 55 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi əsasında uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarı Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa görə ayda 55 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və hər ay, hər uşaq üçün 300 manat sabit pul məbləğinin Cavabdeh tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı hər uşağa görə aylıq sabit pul məbləğində 300 (üç yüz) manat pulun tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin alimentin tutulması qaydasının dəyişdirilməsi hissəsi ilə bağlı qeyd edir ki, uşağın mənafeyi üçün tutulan aliment tələbi davam edən münasibət olduğundan cavabdehdən tutulan hissəvi alimentin dəyişdirilərək yalnız sabit pul məbləğində tutulması qanuna zidd olmamaqla üşağın üstün mənafeyinə xidmət edir. Eyni zamanda nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması hər iki valideynin vəzifəsidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 01.02.2008-ci il təvəllüdlü X3 və 29.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul miqdarında müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 01.02.2008-ci il təvəllüdlü X3 və 29.03.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1395/2016 saylı, 04 avqust 2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit məbləğ olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar