Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4483/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlak bölgüsü" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabhehlə birgə mülkiyyətində olan ünvan 1, mənzil 25-in aralarında bölünərək həmin əmlakdakı payları bərəbar hesab edilməklə, mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları vardır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7484/2017 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, mənzil 25 cavabdehin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Bölünməsini tələb etdikləri daşınmaz əmlak cavabdehin adına olsa da, qanunvericiliyin tələblərinə əsasən onların birgə mülkiyyəti sayılır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, tərəflər 2003-cü ildə nikaha daxil olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, mənzil 25 onların birgə nikahları dövründə – 2011-ci il tarixdə alınmış, 2017-ci il tarixdə isə nikahları pozulmuşdur. Mənzil alınarkən valideynləri də maddi yardım etmişlər. Əgər həmin pulu iddiaçı qaytararsa mənzilin bərabər paylarla bölünməsinə etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci iltarixli, 2(006)-7484/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2003-cü il bağlanmış və Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxxxx 2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1790 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 280631 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2017-ci il tarixdə 399 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********81 №-li məktubundan görünür ki, ünvan 1, mənzil 25 ünvanı Cavabdeh adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onlarin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Adı çəkilən Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx xxxxxxxx 2003-cü il tarixdə birgə nikaha daxil olmuşlar, birlikdə yaşayaraq birgə təsərrüfat aparmışlar, xx xxxxxx 2017-ci il tarixdə isə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlətreyestrində qeydiyyata alınmışdır. Məhkəmə, iddia tələbinin ilk növbədə iddiaçının mübahisəli əmlaklara mülkiyyət hüququnun tanınması hissəsinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən əmlakın birgə nikah dövründə alındığı sübut olunduğundan iddiaçı həmin əmlak üzərində pay hüququnun tanınması ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə, sözügedən daşınmaz əşya üzərində payın hansı qaydada müəyyən edilməsi ilə bağlı qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Yəni qanunda tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmaması halında ümumi birgə mülkiyyətdə olan əmlak üzərində tərəflərin bərabər paylara məxsus olması prezumpsiyası müəyyən edilmişdir. Məhkəmə, qanuni prezumpsiyanı və tərəflər arasında hər hansı ayrı qaydanın olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 25 saylı mənzilinin ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 25 saylı mənzilinin ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4483/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4483/2020
09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver