Məhkəmə qərarları › İş №2(006)-449/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-449/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-449/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə 28 yanvar 2014-cü il tarixli, ******* nömrəli Standart əmanət hesabı müqaviləsi üzrə yerləşdirilən və sığortalanmış hesab edilmiş əmanət üzrə 3200 manat əmanət faizi və gecikdirilmiş hər gün üçün uçot dərəcəsinə uyğun olaraq 5162 manat, cəmi 8362 manat məbləğ və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ləğv prosesində olan "xxxx" ASCnin “Universal” filialı ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, ******* nömrəli standart əmanət hesabı haqqında müqaviləyə əsasən həmin filialda 12 ay müddətinə, illik 10% dərəcəsi ilə 18.000 manat məbləğində əmanət yerləşdirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 01 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "xxxx" ASC-nin bank lisenziyası ləğv edilib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1(81)-1541/20160 qərarı ilə "xxxx" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Göründüyü kimi bankın maliyyə çətinliyi səbəbi ilə kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətində olmaması rəsmi olaraq lisenziyanın ləğvi barədə qərarda da öz təsdiqini tapmışdır. Sığorta hadisəsi baş verdikdən sonra iddiaçı öz əmanətini almaq üçün müəyyən edilmiş agent banka yaxınlaşarkən onun əmanətinin sığortalanmış hesab edilmədiyini və ona kompensasiya ödənilməyəcəyi bildirilmişdir. Əmanətlərin Sığortalanması Fonduna yaxınlaşdıqdan sonra da nəticə dəyişməmişdir. Bununla əlaqədar olaraq tərəflərindən əmanətin sığortalanmış hesab edilməsi və iddiaçıya əmanət məbləği həddində kompensasiya ödənilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsilə əmanətin sığortalı hesab olunması və iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, kimsə onun adından saxta imza edərək həmin əmanət məbləğini götürmüşdür. Məhkəmə tərəfindən bununla əlaqədar olaraq xüsusi qərardad qəbul edilmiş və aidiyyəti üzrə göndərmişdir. Göründüyü kimi, iddiaçının əmanəti sığortalı hesab edilsə də, cavabdeh qətnamədə nəzərdə tutulan əmanət məbləğini, həmçinin həmin əmanətlər üzrə hesablanmış faizləri də ödəməkdən imtina edərək sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Halbuki, məxaric qəbzindəki imzanın iddiaçıya məxsus olmaması ekspertiza rəyi ilə təsdiq edilmişdir. Cavabdehin yazılı olaraq da məhkəməyə təqdim etdiyi məktubda əmanət üzrə kompensasiyanın ödənilməməsi səbəbi olaraq yalnız həmin məbləğin guya əmanətçi tərəfindən bankın lisenziyası ləğv edilməmişdən götürülməsi olmuşdur. Yəni, əmanətin sığortalanmamış hesab edilməməsi üçün başqa əsas gətirilməmişdir. Bu halda qarşı tərəfin apellyasiya şikayəti verməsi qanuni olaraq mümkün olsa da, işin mahiyyəti olaraq təəccüb doğurur və suallar yaradır. xx.xx.2021-ci il tarixli qətnamədən də göründüyü kimi tələbləri yalnız əmanət məbləği üzrə olmuşdur. İddia tələbləri əmanət üzrə ödənilməli olan faiz məbləğini və əmanət üzrə kompensasiyasının vaxtında ödənmədiyi üçün cərimə məbləğlərini əhatə etməmişdir. Əmanət bankda yerləşdirildiyi vaxtdan bankın lisenziyası ləğv edildiyi tarixə qədər əmanət üzrə iddiaçıya 3200 manat məbləğində normal əmanət faizi ödənilməli idi. Həmçinin, müraciətlərinə laqeyd yanaşan və hazırda üzə çıxan həqiqəti vaxtında müəyyən etməyən Əmanətlərin Sığortalanması Fondundan gecikdirilən hər gün üçün 5% məbləğində cərimə olaraq Mərkəzi Bankın hazırki uçot dərəcəsinə uyğun olaraq 5162 manat faiz ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinı etiraz edərək izahatında bildirdi ki, iddia tələbi üzrə icraata xitam verilməli, bankın hərəkətsizliyi tərəfə izah edilməli və aidiyyəti məhkəməyə yönəldilməlidir. Belə ki, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti o cümlədən, əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Bu Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. İddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin unutmaq olmaz ki, Fond kompensasiya ödənişini Əmanətlərin Sığortalanması haqqında qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Qanunun 28.3-ci maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Və ərizə verilməsi qaydası isə Qanunun 28.2ci maddəsi ilə tənzimlənir. Maddəyə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Banklar haqqında Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə əsasən depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Qanunun 77.2-ci maddəsinə əsasən Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, Fond mühasibat uçotu sənədlərin əks edilən formada məbləği qəbul edir. Bankda sığorta hadisəsi baş verdikdən sonra "xxxx" ASC-yə ləğvedici təyin edilmiş Fond mühasibat uçotu sənədlərində, hesabatlarda iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanəti mövcudluğunu aşkar etmədiyindən kompensasiya ödənişinin edilməsindən imtina edilmiş, həmçinin İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. AR MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığorta sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bank öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçi əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Hesab edir ki, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə zərər səbəbindən baş verdiyindən və ləğv prosesində olan banka Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tövsiyyə olunmalıdır. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna “pul” tələbinə dair 2(006)-449/2022 saylı işi üzrə iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarıını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli, ******* №-li “Standart əmanət (depozit) hesabı haqqında ” Müqavilənin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 18.000 manat məbləğində pul vəsaitini qəbul etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər (illik 10% dərəcəsi ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 müddətinə bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən, əmanət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığortalanır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiya ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləğinin qorunan əmanət hesab edilməsi, əmanət üzrə kompensasiya olaraq 18.000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 18.030 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına isə əsasən, xx.xx.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizə və xx.xx.2014-cü il tarixli məxaric orderinin tərtib edilməsi ilə əlaqədar LPO "xxxx" ASC-nin əməkdaşlarının, habelə digər şəxslərin əməllərinin araşdırması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi və bu məqsədlə qərardadın surətinin Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1692/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10380/21 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-249/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, daha sonra həmin qətnamədən də kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1692/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə isə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10380/21 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir; 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir; 949-cu maddəsinə əsasən, bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir; 950-ci maddəsinə əsasən, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1.1-ci maddəsinə əsasən, əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir; 2.1.9-cu maddəsinə əsasən, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir; 26.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 10%-lə qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiya ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləğinin qorunan əmanət hesab edilməsi, əmanət üzrə kompensasiya olaraq 18.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı əmanətin banka yerləşdirildiyi vaxtdan bankın lisenziyası ləğv edildiyi tarixə qədər, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə qədər əmanət üzrə iddiaçıya 3.200 manat məbləğində əmanət faizi və gecikdirilən hər gün üçün 5% məbləğində cərimə olaraq (Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq) 5162 manat faiz məbləği, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəməyə yazılı etiraz təqdim edərək, işin aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələbin banka qarşı olmalı olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız ("xxxx" ASC-yə 28 yanvar 2014-cü il tarixli, ******* nömrəli Standart əmanət hesabı müqaviləsi üzrə yerləşdirilən və sığortalanmış hesab edilmiş əmanət üzrə 3200 (üç min iki yüz) manat faiz məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı xeyrinə ödənilməsi) hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “...gecikdirilmiş hər gün üçün uçot dərəcəsinə uyğun olaraq 5162 manat...” tutulması hissəsində əsassızdır. Belə ki, İddiaçı tərəfindən qeyd edilən məbləğlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-yə 28 yanvar 2014-cü il tarixli, ******* nömrəli Standart əmanət hesabı müqaviləsi üzrə yerləşdirilən və sığortalanmış hesab edilmiş əmanət üzrə 3200 (üç min iki yüz) manat faiz məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-yə 28 yanvar 2014-cü il tarixli, ******* nömrəli Standart əmanət hesabı müqaviləsi üzrə yerləşdirilən və sığortalanmış hesab edilmiş əmanət üzrə 3200 (üç min iki yüz) manat faiz məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar