Məhkəmə qərarları › İş №2(006)-4497/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4497/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4497/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı «kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı «kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzfəsinin Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 26.07.2013-cü il tarixdə "xxxx" ASC-dən 5.600 ABŞ dolları kredit götürmüşdür. Kredit götürərkən 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 0,78 manat olmuşdur. Bankın ödəniş cədvəli üzrə faiz məbləğlərini baş vermiş birinci devalivasiya zamanı 1 ABŞ dollarının 1,05 manata, ikinci devalivasiya zamanı isə 1 ABŞ dollarının 1,55 – 1,70 manata nisbətində daha yüksək faizlə ödəyərək kreditini bağlamışdır. Nəticədə isə real zərərə məruz qalmışdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Bankın hesabına artıq ödədiyi faiz məbləğləri özünə qaytarılmalı olduğu halda, onun adı portalda çıxmamış və ona heç bır vəsait ödənilməmişdir. Odur ki, o, 17.12.2019-cu il tarixdə ərizə ilə ƏSF-yə müraciət edərək, 26.07.2013-cü il tarixdə "xxxx" ASC-dən 5.600 ABŞ dolları pul götürdüyünü, devalivasiyadan sonra borcu tam bağladığını, amma buna baxmayaraq adının portalda çıxmadığını, Gürcüstan vətəndaşı olduğu və krediti DYİ000**** nömrəli vəsiqə ilə aldığı, həmin sənədi isə zaman keçdiyi üçün təhvil verdiyi və nüsxəsini tapa bilmədiyi, bu səbəbdən də pasportu və hazırkı aktiv DYİ sənədini təqdim etdiyini bildirmiş və bu məsələ ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. Lakin, ərizəsi cavablandırılmamışdır. Bununla belə, dəfələrlə sosial şəbəkələrdə elan edilirdi ki, adı çıxmayanlar narahat olmasın, tezliklə yeni siyahı olacaq və adı olmayanlar orada əks olunacadır. Lakin hər dəfə potalı izlədikdə «yoxlanılmayıb» sözünü görmüşdür. Görəndə ki, adı portalda əks olunmur və müraciətləri öz həllini tapmır, o, dəfələrlə yazılı və şifahi müraciət etməyə, 906 qaynar xəttinə zəng etməyə başlamışdır. Amma yenə də onun müraciətləri cavabsız qalmışdır. Halbu ki, müraciəti 30 gün müddətində cavablandırılmalı idi. Hal-hazırda da portalı daim izləyir, ancaq hər dəfə «yoxlanılmayıb» sözü görür. Odur ki, 09.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün, ona bu məsələ ilə bağlı köməklik edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının 21 aprel 2021-ci il tarixli 26-05451-2022 saylı məktubu ilə ona kompensasiyanın hesablanmasından imtina edilmişdir. İmtinaya səbəb kimi, kredit təşkilatı tərəfindən təqdim olunmuş məlumatlarla Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditin onun adına olmasının müəyyən edilməsinin mümkün olmaması, qeyd olunun kreditin onun adına olmasını müəyyənləşdirmək səbəbi ilə əlaqədar ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (fond) sorğu göndərildiyi, müvafiq kredit üzrə sənədlər istənildiyi, lakin Fond tərəfindən qeyd edilən sənədlərin əsllərinin arxivdə mövcud olmadığı bilirilmişdir. Hesab edir ki, ondan aslı olmayan səbəblərə görə ona kompensasiya hesablanmasından və ödənilməsindən imtina edilməsi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə zidd olmaqla, qanunsuz və əsassızdır. «Mərkəzləşdirilmiş kredit reyestri haqqında» Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu qaydalara uyğun olaraq Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün müəyyənləşdirilmələrinə görə banklar məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdeh tərəf kredit müqaviləsinin mövcudluğuna baxmayaraq müvafiq məlumatı «Mərkəzləşdirilmiş kredit reyestri haqqında» qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmişdir. Halbu ki, banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğetmə prosesində olan banklar, fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti haqqında MKR-yə məlumat verməlidirlər. Beləliklə, Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu onunla kredit müqaviləsindən irəli gələn öhtəlik hüquq münasibətlərində olduğu barədə müvafiq təşkilata məlumat verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhtəliklərin icrasını pozacaq hərəkətlərinə yol verməmək vəzifəsinə əməl etməmiş, bunula da onun müvafiq maliyyə itkisinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbləri baxımından və sənədlərin əslinin təşkilatın arxivində olmaması səbəbindən kredit müqaviləsinin əsli və surəti əlavə edilməmişdir. Fond tərəfindən kredit müqaviləsi məhkəməyə təqdim edildikdə və ya müqavilənin tarixi və nömrəsi barədə məhkəməyə məlumat verildikdə, iddia ərizəsinə dəqiqləşmə veriləcəkdir. Nəzərə alınması xahiş olunmuşdur. İddiaçı X3 məhkəməyə teleqram vuraraq, səhhəti uzaq yol getməyə imkan vermədiyindən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş və məhəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, X3 ilə Cavabdeh ASC (hazırda ləğv prosesindədir) arasında 26 iyul 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı bankdan 5.600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, iddiaçı ilə bank arasında bağlanmış həmin kredit müqaviləsi barədə məlumat müvafiq kredit reyestrinə daxil edilməmişdir. Halbuki, «Mərkəzləşdirilmiş kredit reyestri haqqında» Qaydaların 6-cı maddəsinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Bu Qaydaların qüvvəyə mindiyi tarixdən banklarla borcalanlar arasında bağlanılan bütün kredit müqavilələrində borcalanın öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırılması üçün yazılı formada MKR-ə müraciət etmək hüququnun olması barədə müddəa əks edilməlidir. Bu Qaydaların tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar. İddiaçı bankın ləğvedicisinə, həmçinin Mərkəzi Banka müraciət etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 21 aprel 2021-ci il tarixli 26-05451-2021 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmışdır. Kredit təşkilatı tərəfindən təqdim olunmuş məlumatlarla Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditin iddiaçının adına olmasının müəyyən edilməsinin mümkün olmaması, qeyd olunun kreditin iddiaçının adına olmasını müəyyənləşdirmək səbəbi ilə əlaqədar ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (fond) sorğu göndərilmiş, müvafiq kredit üzrə sənədlər istənilmiş, lakin Fond tərəfindən qeyd edilən sənədlərin əsllərinin arxivdə mövcud olmadığı bilirilmişdir. Bu səbəbdən, iddiaçıya müvafiq kompensasiyanın hesablanmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasları zamanı cavabdehə dəfələrlə iddiaçı ilə bağlanmış kredit dosyesinin təqdim olunmağı təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan başqa iş materiallarında olan hesab üzrə əməliyyatlara dair məlumatdan görünür ki, 25.08.2015-ci il tarixə iddiaçının cavabdeh qarşısında qalıq borcu mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X3 ilə Cavabdeh ASC arasında bağlanmış 26.07.2013-cü il tarixli, 5.600 ABŞ dolları məbləğində kredit verilməsi ilə bağlı kredit müqaviləsi bağlanması və həmin öhdəliyə xitam verildiyi müəyyən edilməli, bu barədə məlumatların LPO Cavabdeh ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalı və ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X3 ilə Cavabdeh ASC arasında bağlanmış 26.07.2013-cü il tarixli, 5.600 ABŞ dolları məbləğində kredit verilməsi ilə bağlı kredit müqaviləsi bağlanması və həmin öhdəliyə xitam verildiyi müəyyən edilməli, bu barədə məlumatların LPO Cavabdeh ASCnin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar