Məhkəmə qərarları › İş №2(006)-4498/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4498/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4498/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2100 manat pulun və bu pula görə bu günə kimi hesablanmış faizin və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naftalan filialında 2100 manat əmanəti var idi. 2014-cü ilin oktyabr ayının əvvəllərində o "xxxx"ın Naftalan filialına gedib əmanətini götürmək istəyib. Filialın işçisi X6 əmanət kitabçasını alıb ona deyib ki, səhər gəlib pulunu aparar. Səhər filiala gələndə ona deyiblər ki, Allahverdiyev Məmməd uşağını Bakıya aparıb. O, 20-25 dəfə Məmmədlə əlaqə saxlayıb. Məmməd deyib ki, Naftalana qayıdan kimi pulunu verəcək. Bundan sonra onu tapa bilməyib. O, 2014-cü ildən "xxxx"a ərizələrlə müraciət edib. Ona deyiblər ki, məhkəmə qətnamə çıxarsın, pulu verəcəklər. O, filiala Bakıdan gələn nümayəndələrlə görüşmüş, onun şikayətini götürmüşlər. Onun adı "xxxx"ın siyahısında vardır. Əmanət kitabçası Məmməddə qaldığı üçün pulunu ala bilmir. Ona görə də onun bankda olan 2100 manat əmanəti məhkəmə qaydası ilə alınıb ona verilməlidir. Onun bankdan 2100 manat pulu və faizi hesablanıb ona ödənilməsi qət edilməlidir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini artıraraq cavabdehdən 3900 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Bank ilə iddiaçı arasında bank əmanəti müqaviləsi bağlanmamışdır. Bu barədə iddia ərizəsində hər hansı bir məlumat qeyd edilməmiş, iddiaçı bu müqaviləni sübut olaraq təqdim etməmiş və Bank belə bir müqavilənin mövcudluğu barədə heç bir məlumata malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Halbuki, belə bir müqavilənin mövcud olmaması iddiaçının əmanət qoyduğunu iddia etdiyi məbləğin ödənilməsinə görə Bank üçün öhdəlik yaratmır. MM-in 946.1-ci maddəsində qeyd olunur ki, Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Yazılı bank əmanəti müqaviləsini iddiaçı təqdim etməlidir və yalnız belə olan halda verilən Bank əmanəti kitabçasının hüquqi əsası və həmin müqavilə və təqdim olunan əmanət kitabçası əsasında ödənişin Bank tərəfindən həyata keçirilməsi öhdəliyi müəyyənləşdirilə bilər. İddiaçı bank kitabçasını təqdim etməmişdir. Əmanət müqaviləsinin imzalanmasını təsdiq edən sənəd bank kitabçasıdır, buna baxmayaraq iddiaçı bank ilə hüquqi münasibətlərinin yaranmasını müəyyən edən əmanət müqaviləsinin təsdiqi olaraq bank kitabçasını təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 953.1-ci maddəsinən əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-181/2018 saylı, 10 iyul 2018-ci il tarixli hökmündən görünür ki, X6 15 sentyabr 2004-cü ildən 01 may 2012-ci il tarixə kimi olan dövrdə "xxxx" ASC-nin Naftalan filialının nəzarətçi operatoru, 01 may 2012-ci ildən 05 sentyabr 2014-cü il tarixədək olan dövrdə isə həmin filialın kassiri (xəzinədarı) vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əladəqar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 26 fevral 2010-cu il tarixli qərarı ilə təsdiq edlimiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerli struktur bölmlərində çalışan işçilərin nümunəvi vəzifə təlimatına, həmin bankın İdarə Heyətinin 07 mart 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin əmanətləri üzrə əməliyyatların aparılması prosedurlarına, Cəmiyyətin Müşahidə Şurasının 02 oktyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-də fiziki şəxslərin bank əmanəti hesabları üzrə əmanət əməliyyatlarının aparılmasına dair Qaydalara, 15 sentyabr 2004-cü il və 01 may 2012-cİ il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin tələblərinə əsasən müvafiq səlahiyyətlərə malik vəzifəli şəxs olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib müxtəlif şəxslərdən əmanət adı ilə alınmış vəsaitləri vahid niyyətlə ələ keçirmək məqsədilə, həmin filialın baş mühasibi X17 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girib ayrı-ayrı şəxslərin, cəmi 20 şəxsdə ümumilikdə 231871,43 manat məbləğində, yəni külli miqdarda özgə əmlakını ələ keçirib, həmin vəsaitlərin bankda əmanət hesablarında olması görüntüsünü yaratmaq üçün adlarına əmanət kitabçaları və şəxsi hesab vərəqələri tərtib etməklə müəyyən məbləğləri onlara verib, eyni zamanda həmin vəsaitdən ümumilikdə 25317 manatını Vəli Nəcəfovun, Pərviz Hacıyevin və Günay Əhmədovanın adlarına bankın əməliyyat sisteminə daxil edib qalan yekun olaraq 200304,43 (İki yüz min üz yüz dörd) manat vəsaiti Bankın əməliyyat sisteminə daxil etməyərək Həsən Alıyevlə öz aralarında bölüşdürməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə külli miqdarda özgə əmlakım ələ keçirib, həmin qanuna zidd hərəkətləri ilə Hidi Musayev, Pərviz Hacıyev və qeyrilərinin hüquqlarına və qanuni mənafelərinə, eyni zamanda fiziki şəxslərin əmanətlərinin qəbulu və qorunması sahəsində "xxxx" ASC-nın əhali arasında olan nüfuzuna xələl gətirməklə, bununla da hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla - vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (İki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələbinə əsasən əsas və əlavə cəzalan qismən toplamaq yolu ilə X4 qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm olunmuşdur. Hazırki mülki iş üzrə İddiaçı aid hissədə yuxarıda qeyd olunan hökmdən görünür ki, X1 şəhər sakini İddiaçı həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 11,5-13,5 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, adına, guya filialda şəxsi hesabı olması və 3831/25 nömrəli əmanət hesabı açılması barədə orderli KB 007445 nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, güya 19.12.2008-ci il tarixdə «VİP depoziti» üzrə müqavilə tərtib edərək, İddiaçı əmanət qəbulu adı ilə 16.01.2009-cu ildən 23.10.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 3.900 manat məbləğində pulun qəbulu ilə bağlı Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunan məbləğdə vəsaitin, guya 3831/25 nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi KB 007445 nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq etmiş, bankın ofisində aldığı həmin vəsaitlərin bankda əmanət hesablarında olması görüntüsünü yaratmaq üçün adına əmanət kitabçası və şəxsi hesab vərəqəsi tərtib etməklə həmin vəsaitdən 1800 manatını İddiaçı qaytarmışdır. Hökmün 17-ci vərəqəsindən görünür ki, 07 noyabr 2017-ci il tarixli baxış protokolundan X8 adına "xxxx" ASC-nin Naftalan fılialında əmanət hesablarının açılması, əmanət hesablarında əmanət olması barədə sənədlərin aşkar olunmadığı görünmüşdür. Hökmün 19-21-ci vərəqələrindən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının 30 may 2017-ci il tarixli, 11778 nömrəli rəyindən X8 adına tərtib edilmiş 8 ədəd mədaxil orderlərinin kserosurətlərində “Xəzinədar” qrafalarında əks olunmuş imzalar X6 tərəfindən icra olunduğu görünmüşdür. 27.09.2013-cü il tarixli qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naftalan filialında ********** nömrəli hesaba 1020 ABŞ dolları vəsaitin Yusifzadə Səadət tərəfindən mədaxil edilməsi barədə qəbz tərtib olunmuş, xəzinədar qrafasında imza edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naftalan filialının (kod 200565) mədaxil kassası ştampı vurulmuşdur. 29.04.2021-cu il tarixli ödəniş qəbzindən (№**********40) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1099-cu maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. İddiaçının zərərçəkmiş şəxs qismində cəlb edildiyi cinayət işi üzrə müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, İddiaçı gəlir əldə edəcəyini vəd edən və hərəkət edərkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edən Cavabdeh ASC-nin əməkdaşı X3 məsləhətinə əsasən Bankla bank əmanəti müqaviləsini bağlamaq qərarına gəlmişdir. Belə ki, X6 müvafiq səlahiyyətlərə malik vəzifəli şəxs olduğu halda, adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda iddiaçının adına, guya filialda şəxsi hesabı olması və 3831/25 nömrəli əmanət hesabı açılması barədə orderli KB 007445 nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, güya 19.12.2008-ci il tarixdə «VİP depoziti» üzrə müqavilə tərtib edərək, İddiaçı əmanət qəbulu adı ilə 16.01.2009-cu ildən 23.10.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 3.900 manat məbləğində pul qəbul etmiş, ona Bank əməliyyat sistemində (BƏS) faktiki olaraq heç bir əməliyyat aparmayaraq qeyd olunan məbləğdə vəsaitə dair KB 007445 nömrəli əmanət kitabçasını təqdim etmişdir. X6 bankın ofisində aldığı həmin vəsaitlərin bankda əmanət hesablarında olması görüntüsünü yaratmaq üçün qeyd olunan məbləğdən 1800 manatını iddiaçıya qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən qeyd edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-181/2018 saylı, 10 iyul 2018-ci il tarixli hökmü ilə müəyyən edilmiş bu faktların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə X6 bankın əməkdaşı olaraq öz qulluq səlahiyyətlərindən istifadə etməklə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə hərəkət etmiş, bünun nəticəsində iddiaçıya zərər dəymişdir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bildiyindən və hüquqi şəxs (və ya fiziki şəxs) öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından Cavabdeh ASC X3 işəgötürəni kimi onun vurduğu zərərə görə maddi məsuliyyət daşıyır. Cinayət işi üzrə aparılmış araşdırmalardan iddiaçının bank əmanəti müqaviləsini bağlamaq məqsədilə X4 verdyi puldan ona geri 1800 manatın qaytarıldığı müəyyən edildiyindən, Cavabdeh ASC-dən 2100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh ASC-nin bank ilə iddiaçı arasında bank əmanəti müqaviləsinin bağlanmadığı, müqavilə münasibətlərini təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, müqavilənin və bank kitabçasının olmadığı təqdirdə bankın pulun ödənilməsinə dair heç bir öhdəliyi daşımadığı barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iddianın predmeti bank əmanəti müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsi ilə yox, bankın əməkdaşının öz qulluq vəzifələrini icra edərəkən törətdiyi qanunsuz əməllər nəticəsində iddiaçıya dəymiş zərərin tələbi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2100 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manatının 16 manatı məbləğində pul Cavabdeh ASC -dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2100 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 16 manatı məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ1102Bakı şəhəri,A.Məhərrəmov küçəsi 15 Tel: (012) 530-26-99, Faks: 433-00-86 www.nasimicourt.gov.az Elektron ünvan İş № 2(006)-1900/2019 10 aprel 2019-cu il İddiaçı: X5 Siyəzən şəhəri, H.Əliyev küçəsi, bina 29, mənzil 37 Cavabdeh: X9 Bakı şəhəri, Nəsimi rayonu, Əli bəy Hüseynzadə küçəsi 83 Nəsimi Rayon Məhkəməsi 01.04.2019-cu il tarixli, 2(006)-1900/2019 saylı qətnaməni məlumat üçün Sizə göndərir. Qoşma: qətnamə - 05 (beş) vərəq Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar