Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4504/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38.684 ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 10.637 ABŞ dolları, cəmi 49.321 ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mrərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 200 manat, etibarnamənin verilməsi üçün 11.50 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27.08.2015-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmış və Cavabdeh 01.07.2015-ci il tarixdə İddiaçı 54.560 manat məbləğində borc pul aldığını etiraf etmişdir. 25.04.2018-ci il tarixdə 51 saylı Notariat Kontoru tərəfindən İddiaçı xeyrinə Cavabdeh 54.560 ABŞ dolları tutulması barədə icra qeydi verilmişdir. İcra işindən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 03.05.2018-ci il tarixli qərarı ilə 25.04.2018-ci il tarixdə 51 saylı Notariat Kontorunun icra qeydi üzrə icraat başlanılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; - tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. ... İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında və 100004 saylı icra işində görünür ki, 25.04.2018-ci il tarixli icra qeydi üzrə tələbin icrasının mümkün olmamasına dair icra məmurunun tərtib etdiyi akt və ya icra qeydinin qaytarılması barədə qərar mövcud deyil. Əksinə 100004 saylı icra işində olan 21.06.2021-ci il tarixli 8870-100004/2018-5-6 saylı Nəsimi rayon İcra Şöbəsinin məktubundan görünür ki, 25.04.2018-ci il tarixli icra qeydi üzrə qalıq borcun ödənilməsi istiqamətində icra tədbirləri davam etdirilir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbi təmin edildiyi təqdirdə, nəticə etibarı ilə eyni mübahisə üzrə iki icra vərəqəsi möcud olardı, bu isə qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını və icra işini araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ilə bağlı mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4504/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4504/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver