Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4506/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2016-cı il təvəllüdlü Əli-zadə Elşən Orxan oğlunun saxlanması üçün onun xeyrinə təyin edilmiş alimentin artırılıb, 193 manat məbləğində müəyyən edilərək, cavabdehdən sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. Bu barədə xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1401 №li aktla qeyd olunmuşdur. Nikaha daxil olduqları vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Əli-zadə Elşən Orxan oğlu adlı övladları vardır. Ailə həyatı qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da, bir müddət sonra münasibətləri pozulmuş, aralarında tez-tez səbəbsiz yerə mübahisələr və anlaşılmazlıqlar yaranmağa başlamışdır. Cavabdehlə artıq uzun müddətdir faktiki olaraq ailə münasibətləri pozulmuşdur. Belə ki, uzun müddətdir ayrı yaşayırlar. Bu səbəbdən nikahın pozulması və uşağın onun yanında qalması tələbi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, birgə nikahdan doğulmuş oğlu Əli-zadə Elşən Orxan oğlu doğulandan bu günə kimi onunla yaşayır və övladlarının saxlanmasında cavadeh iştirak etmədiyi üçün o, cavabdehə qarsı aliment tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(000)-6400/2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh 08 oktyabr 2019-cu il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü Əli-zadə Elşən Orxan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pu məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Lakin Cavabdeh sözügedən qətnamənin könüllü icra etməsində qərəzli şəkildə boyun qaçırır. Belə ki, uşaq böyüdükcə tələbatları çoxalır, o isə bunları təkbaşına təmin edə bilmir. Bu da onun və azyaşlı uşağının maddi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. Həmişə evin başçısı kişi olur, bütün ailənin qayğısına və uşaqların gələcəyinə həmişə ata dayaq olur, lakin bu hadisələr qabağında artıq məsuliyyətləri o daşıyır. Bu ehtiyacların qarşısında vəziyyətin belə çətinləşməsi onun Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair" iddia ərizəsi ilə müraciət etməsinə səbəb olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-6400/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, 22 iyun 2016-cı il təvəllüdlü Əlizadə Elşən Orxan oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.İbadzadə) xx.xx.2022-ci il tarixli, 2(006)-4032/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işin məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə bildirişindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə məhkəmə baxış iclası (hakim A.İbadzadə) xx.xx.2022-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin rəsmi nikahda olmaları, birgə nikahlarından bir övladlarının olması, uşağın hazırda iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı “nikahın pozulması” tələbi ilə məhkəməyə müraciət etmiş və hazırda mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır (hakim A.İbadzadə). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22 iyun 2016-cı il təvəllüdlü Əli-zadə Elşən Orxan oğlunun saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-6400/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22 iyun 2016-cı il təvəllüdlü Əli-zadə Elşən Orxan oğlunun saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-6400/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4506/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4506/2022
20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver