Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4507/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «Azərbaycan Kredit Bürosuna müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «qaytarılmaması razılaşdırılmış borcun silinməsi və Azərbaycan Kredit Bürosuna müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adında qalan 53 979,73 (əlli üç inin doqquz yüz yetmiş doqquz) ABŞ dolları faiz borcun öz sistemlərindən silinməsi və Azərbaycan Kredit Bürosuna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli BAKU1-30486-12248 saylı kredit müqaviləsinin tərkib hissəsi olan 22 dekabr 2015ci il tarixli BAKU1-30486-12248 saylı Razılaşma ilə ona 200 000 (iki yüz min) ABŞ dolları kredit verilmiş və kredit öhdəliyinin icrasını təmin etmək üçün X1 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 336.2 kv.m təşkil edən bağ evi və onun fəaliyyətini təmin edən 0.10 ha torpaq sahəsi İpotekaya qoyulmuşdur. Cavabdehlə əldə edilmiş razılığa əsəsən 170 000 (yüz yetmiş min) ABŞ dolları 31.05.2021-ci il tarixindək qaytarılacağı halda, qalıq borc barədə məhkəmədə iddia qaldınlmayacağı və ipoteka predmetinin azad edilməsi vəd edilmişdir. O, üzərinə düşən öhdəliyi, yəni 170 000 ABŞ dolları ödəmək vəzifəsini icra etmişdir. Lakin, cavabdeh 22 dekabr 2015-ci il tarixli BAKU1-30486-12248 saylı Razılaşma üzrə qalıq borcla bağlı heç bir iddia və tələbinin olmaması barədə 25.05.2021-ci il tarixdə 1440 saylı məktubla birtərəfli qaydada yazılı öhdəlik götürsə də, onu icra etməmiş, pul borcunu onun adından silməmişdir. Belə ki, AKB-də göstərilən faiz borcunun ödənilməmiş qalıq 53970.73 (əlli üç min doqquz yüz yetmiş doqquz) ABŞ dolları borcun ödənilməsi tələbindən imtina etsə də, öz sistemində və müvafiq olaraq AKB-də onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. Lakin onların razılığına əsasən həmin borclar razılşadıqları kimi silinməmişdir. O, cavabdehin barışıq razılaşmasını qismən yerinə yetirdiyinə görə məhkəməyə müraciət edir. Yuxanda göstərdiyi kimi, cavabdeh barışıq razılaşmasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, pul borcunu onun hesabından silməmişdir. Göstərilənlərə və yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbinə görə hesab edir ki, cavabdehlə aralarında bağlanmış barışıq razılaşması üzrə cavabdeh təşkilatda onun hesabında qalan borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 22.12.2015-ci il tarixli BAKU1-30486- 12248 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə, tərkib hissəsi olan müvafiq Razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “Borcalan”a 500.000 ABŞ dolları məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 22.12.2015-ci tarixli BAKU1-30486- 12248 saylı kredit xətti müqaviləsi üzrə 22.12.2015-ci il tarixli BAKU1-30486-12248 saylı razılaşmadan görünür ki, BOKT “borc alan”a illik 12,5 dərəcəsi ilə 60 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. BAKU1-30486-12248 saylı razılaşmaya dəyişiklik edilməsinə dair 31.03.2017-ci il tarixli sazişdən görünür ki, həmin razılaşmanın 3 saylı bölməsinə əlavələr edilməsi və aşağdakı redaksiyada verilməsi qeyd edilmişdir: “kredit alan” bu razılaşma ilə verilən kredit üzrə əsas borc və/və ya faiz borcunu ödəniş cədvəlində göstərilən konkret ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirildikdə, “22.12.2015-ci il” tarixli BAKU1-30486-12248 saylı razılaşma ilə verilmiş 200.000 ABŞ dolları məbləğində kreditinin ödənilməmiş qalıq əsas borc məbləği 15% olmaqla hesablanacaqdır. İddiaçı tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış 25.05.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ödənilməməsi razılaşdırılmış borcun silinməsi və Azərbaycan Kredit Bürosuna müvafiq məlumatın verilməsi barədə müraciət etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış 25.05.2021-ci il tarixli məktubdan görünür ki, "TBC Kredit” Bank Olmayan Kredit X2 Cəmiyyətinin müştərisi İddiaçı oglu 22.12:2015-ci il tarixli BAKU1-30486- 12248 saylı Kredit Müqaviləsi və onun əsasında bağlanmış (22.12.2015-ci il tarixli BAKU1-30486-12248) saylı Razılaşmaya əsasən ikinciyə illik 12.5%-lə, 6(1 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit vermişdir. X6 oglu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün onun "TBC Kredit” BOKT MMC qarşısında borcu yaranmışdır. "xxxx" BOKT MMC bildirir ki, 22.12.2015 -ci il tarixli BAKU 1-30486- 12248 saylı Kredit Müqaviləsi və onun əsasında bağlanmış (22.12.2015-ci il tarixli BAKU 1-30486-12248) saylı Razılaşmaya əsasən verilmiş kredit üzrə qalıq borcla bağlı heç bir iddia və tələb yoxdıır və gələcəkdə də irəli sürməyəcəkdir. "xxxx" MMC-dən 31.05.2021-ci il tarixli SF-8756 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 22.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə kreditin qalıq məbləği üzrə 53979,73 USD, o cümlədən faiz məbləği üzrə 0,00 USD məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında 22.12.2015-ci tarixli BAKU1-30486-12248 saylı kredit müqaviləsinə əsasən 22.12.2015-ci il tarixli BAKU1-30486-12248 saylı razılaşma bağlanmış, razılaşmaya görə "xxxx" Bank Olmayan Kredit Təşkilatı İddiaçı müvafiq məbləğdə pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. İddiaçı 22.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə borcunun olmaması işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından göründüyü kimi cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumat verilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh qalıq borcu tələb etməkdən imtina etməklə faktiki olaraq iddiaçı tərəfindən öhdəliyin icrası kimi təklif edilmiş natamam hərəkəti qəbul etmiş və kreditor kimi həmin hərəkəti öhdəliyin lazımınca icrası kimi təsdiq etmişdir. Bu hal iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə borca dair iddia tələblərinin olmamasını əks etdirən məktubla təsdiq edilir. Lakin cavabdeh "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə, Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edildiyi kimi, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətlərindən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsini daşımasına baxmayaraq, "xxxx" MMC-yə iddiaçının 22.12.2015-ci il tarixli, BAKU1-30486-12248 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağladığı 22.12.2015-ci il tarixli BAKU1-30486- 12248 saylı kredit müqaviləsi və həmin müqaviləyə əsasən imzalanmış razılaşmalar üzrə borcunun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi və bu məlumatın öz bank sisteminə daxil edilməsi vəzifəsi "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 22.12.2015-ci il tarixli, BAKU1-30486-12248 saylı kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış razılaşmalar üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və bu məlumatın öz bank sisteminə daxil edilməsi vəzifəsi "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4507/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4507/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver