Məhkəmə qərarları › İş №2(006)-4508/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4508/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4508/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun növbəlik qaydasında ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun növbəlik qaydasında ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASCnin Gəncə filialı arasında bağlanmış kredit müqaviləsi üzrə borcunun növbəlilik qaydasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialından 2019-cu ilin avqust ayında 6.500 manat kredit borcu götürmüşdür. Həmin vaxtdan bu günə kimi hər ay əmək haqqından 186 manat 99 qəpik pul tutularaq ödənilməmiş 4.858 manat məbləğində borcu qalmışdır. O, Gəncə şəhəri "xxxx" MMC-də aparatçı işləyir və aylıq əmək haqqı 452 manatdır. Bildirir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2015-ci il tarixli qətnaməsi əsasında o, sabiq həyat yoldaşına uşaqlarının saxlanılması üçün 320 manat məbləğində aliment ödəyir. Həmin məbləğ icra vərəqəsi əsasında onun əmək haqqına yönəldilmişdir. Bundan başqa, onun "xxxx" KB ASC-yə, «Kontakt Home» marketinə və "xxxx" KB ASC-nin Albalı kart xidməti üzrə də borcu vardır. Buna baxmayaraq, ödəmə cədvəlinə uyğun olaraq cavabdeh banka borcunu ödəyə bilmədiyinə görə, bank hər ay onun əmək haqqından 186 manat 99 qəpik pul tutur. Bankın heç bir sənəd olmadan onun əmək haqqından bu qədər pul tutması qanuni deyildir. O, dəfələrlə vəziyyətinin çətinliyi barədə banka məlumat verib xahiş etmişdir ki, onun aliment ödəməsini, başqa borclarının olmasını nəzərə alıb borcunun növbəlik qaydasında ödənilməsini təmin etsin. Belə ki, cavabdeh bank onun əmək haqqından pul tutandan sonra ona pul qalmır. O, bankla kredit müqaviləsi bağlayarkən boşanmamışdır. Həyat yoldaşının əmək haqqı ilə birlikdə borcu ödəməyi nəzərdə tutmuşlar. Lakin hazırda nikahları pozulmuşdur və o, aliment verməyə məcbur olmuşdur. Bank onun düşdüyü ağır vəziyyəti nəzərə alıb güzəştə gedə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan "xxxx" ASC və İddiaçı arasında bağlanılmış 04.04.2019-cu il tarixli müqavilənin təsdiq edilmiş surətinin 4.1.2-ci yarımbəndindən görünür ki, kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin Borc alanının Borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək borc verənin hüquqlarına daxildir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıdan aliment tutulmağa başlanması onunla bank arasında kredit müqaviləsi bağlanmamışdan xeyli öncəyə təsadüf edir. Sadəcə olaraq tutulan alimentin məbləği Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(044)-1060/2021 saylı qətnaməsinə əsasən artırılaraq, hər uşağa görə tutulan alimentin məbləği 160 manata, cəmi 320 manata çatdırılmışdır. İddiaçı bankla müqavilə bağlayarkən, artıq onun üzərində alimentin ödənilməsinə dair öhdəlik mövcud idi. İddiaçı Mülki Məcəllənin 458-ci maddəsinə istinad edərək, öhdəliyi öz təqsirindən asılı olmayaraq icra etmədiyini, yaxud lazımınca icra etmədiyini bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı öhdəliyini öz təqsirindən asılı olaraq lazımınca icra etməmişdir. Həyat yoldaşı ilə birlikdə işləyib, kredit borcunu ödəyəcəkləri barədə bildirdikləri isə həqiqətə uyğun deyil, çünki, kredit götürülən andan xeyli öncədən iddiaçıdan həyat yoldaşının xeyrinə aliment tutulurdu və belə olan halda, aliment alan şəxsin öz əmək haqqı ilə həyat yoldaşının (aliment ödəyən şəxsin) öhdəliklərinin icrasına köməklik göstərəcəyi qeyri-mümkündür, ağlabatan deyil. Digər bir tərəfdən, iddiaçının qeyd etdiklərindən görünür ki, bank iddiaçıdan hər ay adekvat həddə - 186 manat 99 qəpik vəsait tutur. Bu zaman bank ilk öncə öz maraqlarından çıxış etsə də, tutulan məbləği hesablayarkən borclunun da vəziyyətini nəzərə almışdır. Bank hər ay tutulması mümkün olan məbləğ həddini aşmamışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun növbəlik qaydasında ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun növbəlik qaydasında ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar