Məhkəmə qərarları › İş №2(006)-4543/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4543/2021

27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4543/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 134 saylı, 07.06.2016-cı il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment pulunun Cavabdeh alınaraq iddiaçıya verilməsi göstərilmişdir. Hal-hazırda tərəflərin birgə nikahlarından olan övladlarının 10-9 yaşları var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2016 saylı, 07.06.2016-cı il tarixli qətnamədə qeyd olunmuş 240 (iki yüz qırx) manat aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəməmişdir. Uşaqların bütün qayğılarını və ehtiyaclarını tamamilə iddiaçı çəkir. Göstərilənlərə əsasən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 11.04.2011-ci il təvəllüdlü X4 və 15.12.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı qaçqın kimi Almaniya Respublikasında məskunlaşmışdır. Orada onun özü və uşaqlar dövlət təminatındadırlar. O, iddiaçıdan ayrıldıqdan sonra yenidən X11 ilə 2016-ci ildə ailə qurmuşdur. Həmin nikahdan iki uşaqları – 06.07.2017-ci il təvəllüdlü X10 və 30.07.2000-ci il təvəllüdlü X12 doğulmuşlar ki, hazırda o uşaqların və 2 aylıq hamilə həyat yoldaşının maddi təminatını həyata keçirir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 11.05.2011-ci il tarixdə verilmiş AZ-İİ № 643144 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 aprel 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 15.01.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 020035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 dekabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2016 saylı, 07.01.2016-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında 18 mart 2011-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 117 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin 11.04.2011-ci il təvəllüdlü X7 və 15.12.2012ci il təvəllüdlü X8 adlı uşaqların İddiaçı yanında saxlanılması, Cavabdeh 11.04.2011-ci il təvəllüdlü X7 və 15.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 25 avqust 2015-ci il tarixdən başlayaraq hər ay, hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 10.05.2016-cı il tarixdə verilmiş AZ-İİ № 124452 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 2376 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rəhimova soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 03.02.2018-ci il tarixdə verilmiş AZ-İV № 073251 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 iyul 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X9r. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28.08.2020-ci il tarixdə verilmiş AZ-İV № 497753 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 iyul 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X9r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2016 saylı, 07.01.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 18 mart 2011-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 117 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin 11.04.2011-ci il təvəllüdlü X7 və 15.12.2012-ci il təvəllüdlü X8 adlı uşaqların İddiaçı yanında saxlanılması, Cavabdeh 11.04.2011-ci il təvəllüdlü X7 və 15.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 25 avqust 2015-ci il tarixdən başlayaraq hər ay, hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 400 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2016 saylı, 07.01.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş etsə də, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, o, yeni ailə qurmuş və həmin nikahdan iki övladları anadan olmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, 11.04.2011-ci il təvəllüdlü X7 və 15.12.2012-ci il təvəllüdlü X5 da mənafelərini diqqətdən kənar qoymamaq ilə yanaşı cavabdehin ikinci nikahdan da azyaşlı uşaqlarının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə olan halda məhkəmə cavabdehin yenidən ailə qurmasını, övladlarının mənafelərini, onların saxlanmaları üçün cavabdehdən 240 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay, hər uşağa 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin “bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən başlayaraq alimentin hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11.04.2011-ci il təvəllüdlü X4 və 15.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 11.04.2011-ci il təvəllüdlü X4 və 15.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar