Məhkəmə qərarları › İş №2(006)-455/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-455/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-455/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini, Cavabdeh ASC ilə bağladığı xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli, eləcə də xx xxxxx 2016-cı il, 2016-AK-3 nömrəli kredit müqavilələri üzrə vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə yeni güzəştli kredit müqaviləsinin bağlanması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə bağladığı xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli kredit müqaviləsi ilə ona 36 ay müddətinə illik 10% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin eyni bankla onun arasında xx xxxxx 2016-cı il tarixində, 2016-AK-3 nömrə ilə bir başqa kredit müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsi ilə ona 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(075)-826/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASCnin ona qarşı iddia tələbləri təmin edilərək, ondan 7499,98 manat əsas borc, 545,72 manat faiz borcu, 0,40 manat məbləğində komissiya haqqı və 62,51 manat məbləğində qət edilmişdir. Eyni zamanda Şəki regional ASAN xidmət mərkəzi notariat ofisinin 20367 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmiş və ondan 2838,92 manat əsas borc və 1250,87 manat faiz borcu məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutulması istiqamətində icra hərəkətləri başladılmışdır. Cavabdeh ASC ilə bağladığı xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli, həmçinin xx xxxxx 2016-cı il tarixli, 2016-AK-3 nömrəli kredit müqavilələri üzrə vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi ilə bağlı banka etdiyi çoxsaylı müraciətləri nəticəsiz qalmışdır. Hər dəfəsində aldığı əlaqəsiz və məsələnin həllinə yönəlik olmayan cavablarla hazırda çarəsiz, çıxılmaz vəziyyətə düşmüşdür. Buna görə də məcbur olub məhkəməyə müraciət edir. Qeyd edir ki, o, krediti xx.xx.2016-cı il tarixində götürmüşdür. Lakin maddi vəziyyətində yaranmış problemlərlə əlaqədar olaraq, götürdüyü kredit məbləğlərini xx.xx.2017-ci il tarixindən etibarən ödəyə bilməmişdir. Maddi vəziyyətində yaranan çətinliklə əlaqədar banka olan borcu 1095 (bir min doxsan beş) - gün olmaqla, 3 (üç) il müddətindən artıq ödənilməmiş qalır. Kredit məbləğindən ən son ödənişi xx.xx.2017-ci il tarixində olmuşdur və hal-hazırda banka olan qalıq borc məbləği 7499,98 (yeddi min dörd yüz doxsan doqquz manat 98 qəpik) manat təşkil edir. Digər xx xxxxx 2016-cı il tarixli, 2016-AK-3-nömrəli müqavilə üzrə isə bugünədək 161,08 manat ödəniş etmişdir. Kredit məbləğindən ən son ödənişi xx.xx.2017-ci il tarixində olmuşdur. Hazırda əsas borcu 2838,92 manat təşkil edir. Burdan da məlum olur ki, AR Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanının 8.6cı bəndində nəzərdə tutulan hal onun kreditini də əhatə edir, (“vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən həmin Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.”). Lakin bu barədə dəfələrlə banka müraciət etsə də, bank qərəzli olaraq onun kredit borcunun ödənişini restrukturizasiya etməyi rədd etmişdir. Hesab edir ki, bankın bu əməli qanuna uyğun deyil və onun kredit öhdəliyinə yenidən baxılmalı, ödənişləri daha yüngül şərtlərlə tənzimlənməlidir. Yuxarıda qeyd olunanlara əsasən, iddiasının təmin edilməsini, Cavabdeh ASC ilə bağladığı xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli, eləcə də xx xxxxx 2016cı il, 2016-AK-3 nömrəli kredit müqavilələri üzrə vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə yeni güzəştli kredit müqaviləsinin bağlanması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli və xx xxxxx 2016-cı il tarixli, 2016-AK-3 nömrəli kredit müqavilələri barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-826/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 7499.58 manat əsas borc, 545,72 manat faiz borcu, 0,40 manat məbləğində komissiya haqqı və 62,51 manat cərimə borcu olmaqla, cəmi 8108,61 manat borc və ərizə ilə bağlı ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun ondan alınaraq iddiaçı Cavabdeh ASC-yə verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Şəki rayonu icra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 20367 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh ASC-yə xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 1 nömrəli kredit hesabına dair kreditin qalıq məbləği üzrə 7459,98 manat, faiz məbləği üzrə 568,23 manat məbləğində borcu vardır. Əsas borcun gecikdirildiyi günlərin sayı 0-dır. “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh ASC-yə xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 2838,92 manat, faiz məbləği üzrə 1514,63 manat məbləğində borcu vardır. Əsas borcun gecikdirildiyi günlərin sayı 220-dir. Araşdırılmış iş materiallarından göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-826/2018 saylı qətnaməsinə əsasən İddiaçı 7499.58 manat əsas borc, 545,72 manat faiz borcu, 0,40 manat məbləğində komissiya haqqı və 62,51 manat cərimə borcu olmaqla, cəmi 8108,61 manat borc və ərizə ilə bağlı ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun ondan alınaraq Cavabdeh ASC-yə verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunvericilkdə nəzərdə tutulmuş qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər iddiaçıya göndərilmişdir. İş materiallarından həmçinin İddiaçı icra sənədində göstərilən tələbi könüllü olaraq icra etmədiyi müəyyən edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən cavabdeh məhkəməyə müraciət etmiş, vaxtında icra edilməmiş öhdəlik üzrə yaranmış borcun İddiaçı tutulmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı hər iki müqavilə üzrə ödənişlərin 360 gündən çox gecikdirildiyi məhkəmə tərəfindən müəyyən edilmiş, cavabdeh tərəf isə bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh tərəfindən iddiaçının tərəf olduğu kredit müqavilələri üzrə məlumatlar düzgün ötürülməmiş, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş günlərin sayına dair məlumatın olmadığı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş günlərin sayı 180- 360 civarında olduğu müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə bank iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə ödənişlərin 360 gündən artıq gecikdirildiyi barədə "xxxx" MMCyə məlumat verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsinə əngəl yaratmışdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə X1 ********** saylı, xx xxxx 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.4-cü bəndinə əsasən vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclardır. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Fərmanın tələblərinə görə kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli və xx xxxxx 2016-cı il tarixli, 2016-AK-3 nömrəli kredit müqavilələri barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli və xx xxxxx 2016-cı il tarixli, 2016-AK-3 nömrəli kredit müqavilələri barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul Cavabdeh ASCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar