Məhkəmə qərarları › İş №2(006)-4567/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4567/2023

04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4567/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, onun iddiası təmin edilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqların ehtiyaclarının qarşılanması üçün aliment qismində ödənilən məbləğ kifayət etmir. Cavabdeh hazırda “SOCAR Metanol” zavodunda operator vəzifəsində işləyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, ikinci dəfə ailə qurmuşdur, uşağı yoxdur, lakin kirayədə qalır. İddiaçının özünün də işlədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında AZ-İİ seriyalı, 021508 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X6 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 06 may 2016-cı il tarixdə verilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı 239801 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş, nikah ləğv olunandan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. Bakı 2 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/2-03594 nömrəli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair (alimentin maaşa yönəldilməsi) mediasiya işi ilə bağlı həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: İddiaçı “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu”nda işləyir, əmək haqqı 810.30 manat təşkil edir. Cavabdeh “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu”nda işləyir, əmək haqqı 1092.33 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2413/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə birgə nikahından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki qətnamə ilə tutulan məbləğin uşağın ehtiyaclarını ödəməyə kifayət etməməsi səbəbindən alimentin sabit pul məbləğində deyil, qazancın müəyyən hissəsi kimi tutulmasını, yəni alimentin tutulma qaydasının dəyişdirilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə ikinci dəfə ailə qurduğunu, uşağının olmadığını, lakin kirayədə yaşadığını, eyni zamanda, iddiaçının özünün də işlədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğin uşağın ehtiyaclarının ödənilməsinə kifayət etməməsi dəlili işin digər diqqətəlayiq halları və tərəflərin maddi vəziyyəti ilə birgə nəzərdən keçirilərək müəyyən edilmişdir ki, əvvəlki qətnamə ilə cavabdehin iddiaçıya 2 uşağa görə aylıq 386 manat sabit pul məbləğində aliment ödəməsinin qət edilməsi mübahisəsizdir. Lakin nəzərə alınmalıdır ki, tərəflərin ilk övladlarının hazırki mülki iş üzrə məhkəmə araşdırmaları dövründə yetkinlik yaşına çatması ilə cavabdehin iddiaçıya faktiki ödəməli olduğu aylıq aliment məbləği 193 manat olacaqdı. Bu isə onun maddi vəziyyətini dəyişdirən hal kimi qiymətləndirilməli, həmçinin, uşağın mənafeyinin üstünlüyü nöqteyinəzərindən əvvəlki qətnamə ilə müəyyən edilmiş 193 manat məbləğin 2023-cü il üzrə uşaqlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumundan (220 manat) az olması nəzərə alınmalıdır. Cavabdehin müntəzəm aylıq qazanca (gəlirə) malik olması alimentin ondan hazırki iddia tələbində göstərilmiş qaydada tutulmasını mümkün edərək, məhkəmənin qənaətinə görə tərəflərin və uşağın maraqlarını pozmur. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan cavabdehin 1092.33 manat məbləğində əmək haqqı alması, həmin məbləğin ¼ hissəsinin aliment kimi tutulmasının onun hər hansı hüququnu pozmaması və qanunauyğun olması, həmçinin, uşağın mənafeyi baxımından ədalətli olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehin “iddiaçının özünün də işləyib əmək haqqı almasına görə tələbin rədd edilməsi” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin “ikinci dəfə ailə qurması və hazırda kirayədə yaşaması səbəbindən iddianın rədd edilməsi” barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, həmin halları təsdiq edən sübutları məhkəməyə vermədiyindən, eyni zamanda, bu dəlillər alimentin tutulma qaydasının dəyişdirilməsi barədə iddia tələbinin rədd edilməsi üçün əsas olmadığından məhkəmə həmin dəlillərin əsassız olduğu qənaətinə gəlir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1, 76.1.1, 76.2-ci maddələrinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 113.2, 113.2.1-ci maddəsinə görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının: 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2413/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2413/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar