Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4593/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 59.000 (əlli doqquz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlərlə 10.11.2020-ci il tarixdə aralarında bağlanılmış alqı-satqı barədə yazıb razılaşmaya görə ünvan 1 ünvanında yerləşən 120 kv.m-lik evini ona satmaq niyyəti ilə əvvəlcədən ondan 59.000 manat pul almışlar. Razılaşmaya görə cavabdehlər evin sənədlərində olan problemi 25 dekabr 2020-ci il tarixinə kimi həll edib evi ona təhvil verməli idilər. Lakin bu günə kimi onlar nə pulu qaytarır, nə də ki evi təhvil verirlər. O dəfələrlə onlardan pulu və ya evi tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək öhdəliklərini icra etmirlər. Belə olan halda pozulmuş hüquqlarının bərpası və pulun cavabdehlərdən məcburi qaydada alınması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehlər özləri də iddia tələbində haqlı olduğunu etiraf etmək məcburiyyətindədirlər. Belə ki, alqı-satqı niyyəti ilə bağlanmış yazılı razılaşmada olan imzalar cavabdehlərə məxsusdur və qəbzin məzmununda yazılmış sözlər də onların iradə efadəsidir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10.11.2020-ci il tarixdə aralarında bağlanılmış alqı-satqı barədə yazıb razılaşmadan görünür ki, ünvan 2 ünvanənda yerləşən 120 kv.m-lik evini ona satmaq niyyəti ilə əvvəlcədən ondan 59.000 manat pul almışlar. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ünvan 2 ünvanında yerləşən 120 kv.m-lik evini satib və evin sənədlərin düzəldilməsi üçün İddiaçı 10.11.2020ci il tarixdə 25.12.2020-ci il tarixədək qaytarmaq şərti ilə 59.000 manat məbləğində pul almış, bununla bağlı aralarında alqı-satqımüqaviləsi imzalanmışdır. Həmin məbləğin 25.12.2020-ci il tarixədək qaytarılmasını vəd etsələrdə, bu günədək iddiaçıya qaytarmamışlar. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 59.000 (əlli doqquz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 59.000 (əlli doqquz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4593/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4593/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver