Məhkəmə qərarları › İş №2(006)-4594/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4594/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4594/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqavilədən gələn öhdəliyin icra edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilədən gələn öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2007, dövlət qeydiyyat nişanı ** KR ***, ban nömrəsi YTDKB20U777680353, markası «Toyota», rəngi boz qızılı metallik, tipi xeçbek, modeli Prius (Hibrid) markalı minik nəqliyyat vasitəsinin Cavabdeh alınaraq ona qaytarılması, 2.800 manat (2.200 manat müqavilə üzrə ödənilməli olan məbləğ + 600 manat cərimə) pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində xüsusi notarius X1 iştirakı ilə onunla cavabdeh arasında özünə məxsus olan buraxılış ili 2007, dövlət qeydiyyat nişanı ** KR ***, ban nömrəsi YTDKB20U777680353, markası «Toyota», rəngi boz qızılı metallik, tipi xeçbek, modeli Prius (Hibrid) markalı minik nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair nisyə alğısatqı müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə (2.1-ci bənd) nəqliyyat vasitəsi 16.040 manata qiymətləndirilmiş, cavabdeh tərəfindən bankda olan depozit hesabına 80 manat ödənildikdən sonra (2.2-ci bənd) qalan 15.690 manat pul məbləğinin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq 28 ay müddətində, yəni xx.xx.2026-cı il tarixədək hər ay 570 manat pulu bankda olan depozit hesabına ödənilməsi barədə razılığa gəlmişlər (2.3-cü bənd). Müqavilənin şərtlərinə görə cavabdeh (alıcı) müqavilə müddəti başa çatdıqdan, öhdəliklər yerinə yetirildikdən sonra nəqliyyat vasitəsinə mülkiyyət hüququ əldə edə bilər. Lakin cavabdeh müqvilənin şərtlərini kobud surətdə pozmaqla müqavilədən irəli gələn öhdəliklərə əməl etməmişdir. Belə ki, müqavilənin bağlandığı vaxtdan doqquz ay keçir və bu müddət ərzində cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməmiş və hal-hazıradək cavabdehin ona 2.200 manat pul borcu yaranmışdır. Son bir neçə ay isə ümumiyyətlə ödəniş edilməmişdir. Cavabdeh müqavilə şərtlərini yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınır, boyun qaçırır və son vaxtlar isə telefon zənglərinə ümumiyyətlə cavab vermir. Müqavilənin şərtlərinə görə (5.3-cü bənd) ödəniş 45 gün gecikdirildiyi və ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsi alıcıdan geri alınır və həmin müddətə qədər olan ödənişlər geri qaytarılmır. Bundan başqa, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətdə onun törətdiyi inzibati xətalara görə 600 manat cərimə ödənilməlidir. Cavabdeh tərəfindən ümumilikdə ona 2.800 manat ziyan vurulmuşdur. Hesab edir ki, Cavabdeh tərəfindən ona vurulmuş ziyan ödənilməlidir. Ona məxsus olan, buraxılış ili 2007, dövlət qeydiyyat nişanı ** KR ***, ban nömrəsi YTDKB20U777680353, markası «Toyota», rəngi boz qızılı metallik, tipi xeçbek, modeli Prius (Hibrid) markalı minik nəqliyyat vasitəsi və 2.800 manat məbləğində vurduğu maddi ziyan ona qaytarılmalıdır. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, buraxılış ili 2007, dövlət qeydiyyat nişanı ** KR ***, ban nömrəsi YTDKB20U777680353, markası «Toyota», rəngi boz qızılı metallik, tipi xeçbek, modeli Prius (Hibrid) markalı minik nəqliyyat vasitəsinin Cavabdeh alınaraq ona qaytarılması, 2.919 manat (2.319 manat müqavilə üzrə ödənilməli olan məbləğ + 600 manat cərimə) pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-1436 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş BB seriyalı 203340 saylı avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, 2007-ci il buraxılışlı, Toyota markalı Prius (Hibrid) modelli, ** KE *** dövlət qeydiyyat nişanlı, boz qızılı metallik rəngli avtomobilin sahibi İddiaçıdur. 19 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış alğısatqı müqaviləsindən görünür ki, İddiaçı 2007-ci il buraxılışlı, Toyota markalı Prius (Hibrid) modelli, ** KE *** dövlət qeydiyyat nişanlı, boz qızılı metallik rəngli avtomobili dəyərini hissə-hissə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin şərtlərinə görə, nəqliyyat vasitəsi 16.040 manata qiymətləndirilmişdir. Cavabdeh iddiaçının depozit hesabına 80 manat pul vəsaiti ödədikdən sonra qalan 15.690 manatı xx.xx.2023-cü il tarixdən başlayaraq 28 ay müddətində - xx.xx.2026-cı il tarixədək hər ay 570 manat olmaqla bankda olan depozit hesabına ödəməli idi. Cavabdeh müqavilə müddəti başa çatdıqdan, öhdəliklər yerinə yetirildikdən sonra nəqliyyat vasitəsinə mülkiyyət hüququ əldə etməli idi. Müqavilənin 5.3-cü bəndinə əsasən ödəniş 45 gün gecikdirildiyi və ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsinin alıcıdan geri alınması və həmin müddətə qədər olan ödənişlərin geri qaytarılmayacağı barədə razılığa gəlinmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokollardan göründüyü kimi, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxslər X4, X2, Cavabdeh tərəfindən müxtəlif tarixlərdə İXM-nin müxtəlif maddələri ilə müəyyən edilmiş inzibati xətalara yol vermiş və müxtəlif məbləğlərdə cərimə olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İşin faktiki hallarından və yuxarıda sadalanan maddi hüquq normalarından görünür ki, tərəflər arasında mahiyyət etibarı ilə lizinq müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı özünə məxsus olan avtomobili dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh müqavilə üzrə ödənişləri tam və vaxtında icra edəcəyi halda, avtomobil onun mülkiyyətinə keçməli idi. Müqavilədə qeyd olunmuşdur ki, əgər müqavilə şərtləri cavabdeh tərəfindən pozularsa, həm əmlak geri qaytarılmalıdır. Eləcə də, həmin dövrədək cavabdeh tərəfindən iddiaçıya ödənilən məbləğlər geri qaytarılmamalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri məhz cavabdeh tərəfindən pozulmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən dövrədək cavabdehin müqavilə üzrə ödəməli olduğu məbləğ 2.319 manat təşkil edir. Belə ki, müqavilə şərtlərinə nəzərə yetirdikdə müəyyən etmək olur ki, cavabdeh tərəfindən ödənilməli olan aylıq ödənişin məbləği 510 manat təşkil etmişdir. Lakin müqavilə şərtlərinə əməl edilmədiyiniə görə Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və nəticədə nəqliyyat vasitəsinin 9 ay ərzində cavabdehin faktiki istifadəsində olmasına baxmayaraq, cavabdeh əmlakdan istifadə etdiyi aylar ərzində ödənişləri tam şəkildə yerinə yetirməmişdir. Bununla da cavabdeh 9 ay ərzində aylıq 510 manat olmaqla, ümumilikdə 5130 manat ödəniş etməli olduğu halda, həmin məbləğin bir hissəsini 2811 manatı ödəyərək, iddiaçı qarşısında 2319 manat məbləğində icra etmədiyi öhdəliyi mövcuddur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, avtomobil iddiaçıya qaytarılmalı və 2.319 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində 19 oktyabr 2023-cü il tarixdə bağlanmış 3M-1436 reyestr saylı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilə ləğv edilməli; 2007-ci il buraxılışlı, Toyota markalı Prius (Hibrid) modelli, xetçbek tipli, ** KE *** dövlət qeydiyyat nişanlı, boz qızılı metallik rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı; tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan, lakin ödənilməmiş 2.319 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı avtomobilinin cavabdehin istifadəsində olan vaxt cavabdehin özü və digər şəxslər tərəfindən törədilən inzibati xətalara görə 600 manat ödəniş etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində 19 oktyabr 2023cü il tarixdə bağlanmış 3M-1436 reyestr saylı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilə ləğv edilsin. 2007-ci il buraxılışlı, Toyota markalı Prius (Hibrid) modelli, xetçbek tipli, ** KE *** dövlət qeydiyyat nişanlı, boz qızılı metallik rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan, lakin ödənilməmiş 2.319 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar