Məhkəmə qərarları › İş №2(006)-4599/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4599/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4599/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında 07.01.2017-ci il tarixdən 18.03.2021-ci il tarixə kimi (30.06.2019-cu il tarixədək illik 5 %, 30.06.2019-cu il tarixdən 18.03.2021-ci il tarixədək illik 19 % dərəcəsi ilə) vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 1.907 manat 65 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 18.03.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 2.297 manat 13 qəpik məbləğində penya olmaqla, cəmi 4.204 manat 78 qəpik pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) "xxxx" ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 ay müddətinə, illik 19 % ödənilməsi şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin ipoteka qoyulması barədə 08.01.2015-ci il tarixli **********33915/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli 2(011)-1319/2018 saylı qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə tutma yönəldilməsi və cavabdehin 08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsi üzrə 8.727 manat 29 qəpik məbləğində əsas borcun, 120 manat məbləğində penyanın, cəmi 8.847 manat 29 qəpik məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən bank tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbləri əldən çıxmış fayda hissəsində 435 manat 13 qəpik məbləğində, penya hissəsində isə 800 manat məbləğində təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında tam şəkildə icra olunmuşdur. Lakin buna baxmayaraq, cavabdehin iddiaçı qarşısında kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15 % (34 % - 19 % = 15 %) dərəcəsi ilə kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı 18.03.2021-ci il tarixədək hesablanmış və ödənilməmiş 2.297 manat 13 qəpik məbləğində penya üzrə borcu qalmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 10.02.2021-ci il tarixli 25 saylı xəbərdarlığın göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.» Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kredtorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Həmçinin Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borcla pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 % ödəməyə borcludur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 ildən artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 22 % təşkil edir. Beləliklə, eyni növlü və oxşar şərtlərlə verilmiş kredit üzrə faiz dərəcəsi kredit müqaviləsində müəyyən edilən faiz dərəcəsindən artıq olduğuna görə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatı dərc elədiyi tarixdən (30.06.2019-cu il) əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək (18.03.2021-ci il) vaxtı keçmiş əsas borc məbləğinə 19 % dərəcəsi ilə zərərin (əldən çıxmış faydanın) əvəzini hesablanmaq hüququna malikdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan «kreditorun digər əsaslarla çıxış edə bilmədiyi təqdirdə gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsinin müəyyən edilməsi» barədə mövqeyinə əsasən isə kreditin qaytarılma müddətinin bitdiyi 07.01.2017ci il tarixdən 30.06.2019-cu il tarixə kimi 5 % dərəcəsi ilə zərər hesablana bilər. Qeyd olunanlara əsasən müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (07.01.2017-ci il) əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək (18.03.2021-ci il) olan dövr üçün zərərin (əldən çıxmış faydanın) əvəzinin məbləği 1.907 manat 65 qəpik təşkil edir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı (kreditor) "xxxx" ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 ay müddətinə, illik 19 % ödənilməsi şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin ipoteka qoyulması barədə 08.01.2015-ci il tarixli **********33915/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli 2(011)-1319/2018 saylı qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə tutma yönəldilməsi və cavabdehin 08.01.2015-ci il tarixli **********33915 saylı kredit müqaviləsi üzrə 8.727 manat 29 qəpik məbləğində əsas borcun, 120 manat məbləğində penyanın, cəmi 8.847 manat 29 qəpik məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən bank tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbləri əldən çıxmış fayda hissəsində 435 manat 13 qəpik məbləğində, penya hissəsində isə 800 manat məbləğində təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında tam şəkildə icra olunmuşdur. Hazırda iddiaçı tərəf vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 1.907 manat 65 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın), həmçinin hesablanmış dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir. Mübahisənin həll edilməsi üçün tətbiq edilməli maddi hüquq normalarından göründüyü kimi, iddia vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 1.907 manat 65 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın) tutulmasına dair hissədə əsaslıdır. Çünki, Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatından bəlli olduğu kimi, məhkəmə qətnaməsi mövcud olduğundan, kredit müqaviləsinin müddəti 07.01.2017-ci il tarixdə bitdiyindən və borc məbləği yalnız 18.03.2021-ci il tarixdə ödənildiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh yuxarıda qeyd edilən pul vəsaitini ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əldən çıxmış fayda qismində 1.907 manat 65 qəpik pul vəsaiti, 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əldən çıxmış faydanın tutulması ilə yanaşı, 100 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əldən çıxmış fayda qismində 1.907 manat 65 qəpik pul vəsaiti, 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar