Məhkəmə qərarları › İş №2(006)-46/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-46/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-46/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Topçubaşov Azər Müqəddəs oğlunun iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Topçubaşov Azər Müqəddəs oğluna qarşı “işçinin əmək fəaliyyəti zamanı vurduğu ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdeh Topçubaşov Azər Müqəddəs oğluna qarşı “işçinin əmək fəaliyyəti zamanı vurduğu ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Topçubaşov Azər Müqəddəs oğlu tərəfindən əmək fəaliyyəti zamanı qəsd və ya ehtiyatsızlıq səbəbindən İddiaçı Firmasına vurduğu 5.000 manat maddi ziyanın və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı Firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Firması iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Firması Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi – 14/2 km ünvanda fəaliyyət göstərir. Firmada administrator kimi fəaliyyət göstərən cavabdeh Topçubaşov Azər Müqəddəs oğlu iş yerində əmək fəaliyyəti zamanı barda yerləşdirilmiş oniks və tökmə mərmərdən hazırlanmış önlüyü 12 iyul 2021-ci il tarixdə qəsdən və ya ehtiyatsızlıqdan sındırmış və məlumat vermədən işdən getmişdir. Bu barədə müvafiq xidmət sahələrinin izahatları alınmış, akt tərtib olunmuş və işdən müvəqqəti kənarlaşdırılması barədə müvafiq əmr verilmişdir. Bu günə kimi iş yerinə gəlməmiş və bu barədə hər hansı məlumat belə verməmişdir. Dəfələrlə onun işlətdiyi mobil telefona zəng olunsa da cavab verməmişdir. Belə olan halda ərazi üzrə polis bölməsinə müraciət olunmuşdur. Polis bölməsində cavabdehin izahatı alınmaqla mübahisənin mülki xarakterli olduğundan, məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Topçubaşov Azər Müqəddəs oğlu maddi məsul şəxs kimi öhdəsində olan mal-materialları təhvil vermədiyinə görə də məsuliyyət daşıyır. Onun bu qəsd və ya səhlənkarlıq nəticəsində vurduğu ziyanin dəyəri 5.000 manat civarındadır. Hesab edirlər ki, Topçubaşov Azər Müqəddəs oğlu iş yerində törətdiyi qanunazidd hərəkəti nəticəsində işəgötürənə xeyli miqdarda ziyan vurduğu üçün qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin bu tələbləri pozulmuşdur. Bu səbəbdən mediatora müraciət olunmuş və ilkin sessiyada razılıq əldə olunmadığından məhkəməyə müraciət olunması qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və daxil olmuş ekspert rəyinə etiraz etmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Topçubaşov Azər Müqəddəs oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçıya ziyan vurduğu doğrudur. Lakin iddia ərizəsində ondan tələb edilən məbləğ şişirdilmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyinə isə hər hansı bir etirazı yoxdur. Göstərilənlərə əsasən qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında əmək və maddi məsuliyyətlə bağlı məqamları təsbit edən müqavilə münasibətləri olmuşdur. İddiaçı Firması ilə Topçubaşov Azər Müqəddəs oğlu arasında bağlanmış xx.xx.2021ci il tarixli əmək müqaviləsindən görünür ki, Topçubaşov Azər Müqəddəs oğlu 3 aylıq sınaq müddəti tətbiq edilməklə administrator vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında həmçinin tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdehin işə qəbul olunması barədə müvafiq əmr verilmişdir (xx.xx.2021-ci il tarixli 444 saylı). İşəgötürənin xx.xx.2021-ci il tarixli 556-K saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Əmrdə Topçubaşov (Orucov) Azər Müqəddəs oğlunun icra və əmək intizamının pozduğu qeyd edilmişdir. İşəgötürənin xx.xx.2021-ci il tarixli 632/Z saylı “şirkətə vurulan maddi ziyanın ödənilməsi barədə” əmri ilə xx.xx.2021-ci il tarixində administrator Topçubaşov (Orucov) Azər Müqəddəs oğlu tərəfindən öhdəliyində olan “Sunrise bar” restoranı ərazisindəki hovuzun kənarında quraşdırılmış bar mərmərinin onun tərəfindən sındırılması, icra və əmək intizamını pozaraq iş yerini rəhbərliyə məlumat vermədən tərk etməsi, xəbərdarlıqlara qulaq asmaması, izahat verməsi üçün şirkətə geri qayıtmaması səbəbləri nəzərə alınaraq şirkətə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə Topçubaşov (Orucov) Azər Müqəddəs oğlundan geri alınaraq şirkətə qaytarılması üçün bütün prosedurların hüquqi müstəvidə həyata keçirilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6117 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 14/2 ünvanında yerləşən İddiaçı Firmasına aid “Sunrise bar” adlı restoranda hovuzun kənarında quraşdırılmış bar masasının mərməri (ominis) yararsız vəziyyətə salınması (qırılması) nəticəsində İddiaçı Firmasına hazırki bazar qiymətinə uyğun olaraq 1.630 manat məbləğində ziyanın dəydiyi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. - 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; - 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi bağlanılması yolu ilə əmək münasibətləri yaranmışdır. Əmək müqaviləsinə əsasən işçi (cavabdeh) müqavilə ilə öz üzərinə müəyyən vəzifələri icra etməyi öhdəliyi götürsə də, öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbilə işəgötürənə (iddiaçıya) maddi ziyan vurulmasına səbəb olmuş və nəticə etibarı ilə işəgötürən qarşısında maddi məsuliyyəti yaranmışdır. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və məhkəməyə iddiaçıya dəymiş ziyanın məbləğini müəyyən edən xx.xx.2022-ci il tarixli 10/6117 saylı ekspert rəyi daxil olmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı xx.xx.2022-ci il tarixli 10/6117 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəməyə daxil olmuş ekspert rəyi tərəflərin narazılıqlarına səbəb olmamış, əksinə hər iki tərəf ekspert rəyi ilə müəyyən edilmiş məbləğə etirazlarının olmadığını bildirmişlər. Göründüyü kimi, cavabdeh iddiaçıya 1.630 manat maddi ziyan vurmuşdur, həmin ziyan həddində iddiaçı qarşısında maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 1.630 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,38 manatı cavabdeh Topçubaşov Azər Müqəddəs oğlundan alınaraq İddiaçı Firmasına ödənilməlidir. Ekspertiza xərci olan 100 manat cavabdeh Topçubaşov Azər Müqəddəs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf ona yuxarıda qeyd olunan zərər həddindən daha artıq real maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş ziyana görə 1.630 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,38 manatı cavabdeh Topçubaşov Azər Müqəddəs oğlundan alınaraq İddiaçı Firmasına ödənilsin. Ekspertiza xərci olan 100 manat cavabdeh Topçubaşov Azər Müqəddəs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar