Məhkəmə qərarları › İş №2(006)-460/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-460/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-460/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il 26 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Bakı şəhəri 1 saylı” filialından illik 7 faizlə 100.000 manat məbləğində kredit limiti verilmişdir. 26 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən 60 ay müddətinə, 90000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 17-dək Cavabdeh kredit müqaviləsi üzrə banka 7746,91 manat əsas, 210,51 manat faiz və 30.07.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 51,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8008,77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-in xeyrinə 2016-cı il 26 iyul tarixli kredit müqaviləsi üzrə 7746,91 manat əsas borc, 210,51 manat faiz borcu və 30.07.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8008,77 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 2016-cı il 26 iyul tarixli əsas və əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 7746,91 manat əsas borc, 210,51 manat faiz borcu və 30.07.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8008,77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Cavabdeh mülkiyyətində olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra müəyyən edildi ki, Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış l-KTKDX-l-0-79-16-saylı əsas kredit müqaviləsi, l-KTKDX-1-0-79- 16 saylı əlavə kredit müqaviləsi üzrə “YELO BANK" ASC-yə kredit borcu yoxdur. Ona görə də həmin müqavilələrin və bu kredit müqavilələri üzrə öhdəliklərin təminat üsulu olan ipoteka müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddia qaldırılması zəruridir. Cavabdeh dəfələrlə qeyd olunan kredit müqavilələrinin göstərilən şərtlərinə müvafiq olaraq borcalan olaraq öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə hesabatı, məlumatı özündə əks etdirən sənədlərin (cari, ssuda (kredit), faiz və dəbbə (cərimə) hesablarından çıxarışların) ona təqdim edilməsini kreditorudan tələb etmiş, lakin tələbi təmin edilməmişdir. Cavabdeh cari ilin əvvəlində kredit borcunu tam bağlamaq məqsədi ilə ödəniş etdiyi zamanlar kredit hesabı üzrə çıxarışın verilməsinin "xxxx" ASC-nin H.Əliyev Sarayının yanında, Şəmsi Bədəlbəyli küçəsində yerləşən filialının əməkdaşına bildirmişdir. Cavabdeh ödənişləri yaxın adamları, əsasən oğlu vasitəsi ilə etdirirdi. Bu sənədləri almaq üçün 2021-ci il yanvar və fevral aylarında ödəniş edərək "xxxx" ASC-nin H.Əliyev Sarayının yanında, Şəmsi Bədəlbəyli küçəsində yerləşən filialından verilməsini filialın əməkdaşından xahiş etmişdir. Bir dəfə deyiblər ki, növbəti dəfə gələndə hazırlayarlar, növbəti dəfə filiala gedişində də kredit hesabı üzrə çıxarışı ala bilməmişdir. Hətta sonuncu dəfə sənəd almaq üçün 30 dəqiqədən artıq gözlədikdən sonra bu məzmunlu rəsmi müraciətini filialın əməliyyatçısına və kredit işçisinə, eyni zamanda, yaşına görə "Covid-19" epidemiyasına yüksək riskli olmağını, qapalı mühitdə gözləmək məhdudiyyətini xatırlatsa da, onlar buna əhəmiyyət verməmişlər. Bütün hallarda, bir qayda olaraq borc öhdəliyinin icra vəziyyəti icra edilmədikdə və lazımı qaydada icra edilmədikdə kreditor kredit üzrə ödənişlərin hesabatını borcalana rəsmi qaydada (şəxsən mümkün olmasa, poçt vasitəsi ilə) xəbərdarlıqla təqdim etməlidir. Cavabdeh hesabatına görə "xxxx" ASC-yə kredit borcu qalmamışdır. Ona görə də 2021-ci ilin may ayından sonra ödənişi dayandırmışdır. Cavabdeh öz hesabatına görə borcunun olmaması, kreditorun kredit üzrə hesabat sənədlərini təqdim etməməsi və müştəriyə yuxarıda qeyd olunan kobud saymamazlıq etməsi onda əminlik yaratdı ki, banka borcu qalmamışdır. Hətta kreditorun müqavilə şərtinə və normativ tələblərə əməl etməməklə kobud saymamazlıq etməsi şübhə yaratdı ki, hesabat üzrə sənədləri verməməklə ödənişlərin tələb olunan hesabatlardan artıq məbəğdə ödənişin olmasına görə gizlədilir. Kreditorun müqavilə şərtinə və normativ tələblərə əməl etməməsi, müştəri xidmətində istehlakçıya qarşı kobud pozuntulara və korporativ etikanı kobud pozulmasına yol verilməsi halları bu sahənin xidmət tələbatlarını təcrübə və bilik imkanlarına görə mükəmməl bilən adam kimi həddindən artıq heysiyyətinə toxunmaqla ciddi mənəvi sarsıntı və əsəb-psixoloji gərginlik yaratmaqla səhhətinə ciddi zərər vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış əsas kredit müqaviləsi l-KTKDX-l-0-79-16-saylı, əlavə kredit müqaviləsi l-KTKDX-1-0-79- 16 saylı müqavilərinin və bu kredit müqavilələri üzrə öhdəliklərin təminat üsulu olan Cavabdeh məxsus Quba rayonu, Qəçres yolu ünvanında yerləşən fərdi yaşayış evinin üzərindən yüklülüyün götürülməsi və ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" ASC-nin əməkdaşlarını qanunazidd və kobud hərəkətləri ilə dəymiş mənəvi ziyana görə "xxxx" ASC-dən Cavabdeh xeyrinə 10000 manatın və 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin nümayəndəsi X3 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" İKB-nin “1 saylı” filialı ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 saylı əsas kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 7 faizlə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarındakı "xxxx" İKB-nin “1 saylı” filialı ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 (Ə1) saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh Bankdan 60 ay müddətinə, illik 7 faizlə 90.000 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin qiyməti 190.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyul 2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış 17.09.2021-ci il tarixli, KBD15690 №-li məktubun surətindən görünür ki, bank Cavabdeh məxsus olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşin materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 17.09.2021-ci il tarixinə Banka 7746,91 manat əsas borcu, 210,51 manat faiz borcu, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 51,35 manat borcu, cəmi 8008,77 manat borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanına göndərilmiş 06.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Həmçinin, işdə olan "xxxx" MMC-nin 0031 saylı, 27 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə Hesabatından görünür ki, Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 175.000 (bir yüz yetmiş beş min) manat təşkil etmişdir. Qiymətləndirmə xidmətinin dəyəri 500 (beş yüz) manat təşkil etmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 9/10 №-li 14.01.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 26 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) borcu, əsas borc üzrə 7553,60 manat, faiz borcu üzrə 86,66 manat, 17 sentyabr 2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) borcu, əsas borc üzrə 7553,60 manat, faiz borcu üzrə 140,16 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" İKB-nin “1 saylı” filialı ilə Cavabdeh arasında bağlanmış 26.07.2016-cı il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 7 faizlə 100.000 manat məbləğində kredit limiti verilmişdir. 26 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən 60 ay müddətinə, 90.000 manat məbləğində kredit götürmüş, bağlanmış kredit müqaviləsinin təminatı kimi tərəflər arasında ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh məxsus olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, banka olan borcunu tam şəkildə qaytarmamışdır. Hazırda cavabdehin banka 7746,91 manat əsas, 210,51 manat faiz və 30.07.2021-ci il tarixdən 17.09.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8008,77 manat məbləğində borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 175.000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Bundan əlavə, ilkin iddianın Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evində Cavabdeh istifadə hüququna xitam verilməsi və evin Banka təhvil verilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, bu cür tələblə yalnız əmlakın mülkiyyətçi çıxış edə bilər. İddiaçı ASC isə qeyd olunan daşınmaz əmlaka münasibətdə ipotekasaxlayandır. Qarşılıqlı iddia ərizəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğuna görə, onun təmin olunmasına heç bir əsas olmadığına görə rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə ekspert rəylərini əsas götürərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 7553,60 (yeddi min beş yüz əlli üç manat, altmış qəpik) manat əsas borcu, 86,66 (səksən altı manat, altmış altı qəpik) manat faiz borcu, 30.07.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,35 (əlli bir manat, otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7691,61 (yeddi min altı yüz doxsan bir manat, altmış bir qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh məxsus Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, evin ilkin satış qiyməti 175.000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evinin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu ödənilməli, satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla, ev boşaldılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 7553,60 (yeddi min beş yüz əlli üç manat, altmış qəpik) manat əsas borcu, 86,66 (səksən altı manat, altmış altı qəpik) manat faiz borcu, 30.07.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,35 (əlli bir manat, otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7691,61 (yeddi min altı yüz doxsan bir manat, altmış bir qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş Cavabdeh məxsus Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Evin ilkin satış qiyməti 175.000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilsin. Fərdi yaşayış evinin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh ən geci bir ay ərzində həmin evdən çıxarılsın və ev boşaldılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC, Kod 505141, Müxbir hesab AZ82NABZ********************, VÖEN **********, H/Hesab AZ12PAHA40060AZNHC**********, S.W.İ.F.T. PAHAAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar