Məhkəmə qərarları › İş №2(006)-4608/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4608/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4608/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ödəməli olduğu 38.300 (otuz səkkiz min üç yüz) manat, müqavilənin rəsmiləşdirilməsi üçün ödənilən 76.60 (yetmiş altı manat altmış qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 206 (iki yüz altı) manat olmaqla, ümumilikdə 38.582,6 (otuz səkkiz min beş yüz səksən iki manat altmış qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh oğluna 38.300 (otuz səkkiz min üç yüz) manat məbləğində borc pul vermiş və borcun verilməsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunun xüsusi notariusu X1 iştirakı ilə 3M-525 nömrəli reyestr qeydi ilə rəsmişləşdirilmişdir. Müqavilənin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən 76.60 (yetmiş altı manat altmış qəpik) manat dövlət rüsumu da ödənilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borcalan” borcunu xx.xx.2023-cü il tarixinədək “Borcverən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9-cu bəndinə əsasən “tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur”. Kredit müqaviləsinin icrasından xeyli müddət keçsə də, cavabdeh borclu olduğu məbləğdən heç bir ödəniş etməmiş və buna heç bir cəhd göstərməmişdir. İddiaçı cavabdehdən bir neçə dəfə pulunu tələb etməsinə baxmayaraq, o, müxtəlif bəhanələr uyduraraq iddiaçıdan borca götürdüyü pulu qaytarmaqdan yayınmışdır. Son vaxtlar isə cavabdeh iddiaçıdan gizlənir və onun çağırışlarına cavab vermir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş 3M-525 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz olmaqla 38.300 manat 00 qəpik (otuz səkkiz min üç yüz manat sıfır qəpik) məbləğində pulu borc vermiş, borc alan Cavabdeh isə krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli orderdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 38.300 manat 00 qəpik (otuz səkkiz min üç yüz manat sıfır qəpik) məbləğində pul Bakı şəhəri 50 saylı notariat ofisinin köçürülmüşdür; xx.xx.2023-cü il tarixli qəbzdən və orderdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təsdiq edilməsi üçün 76.60 (yetmiş altı manat altmış qəpik) manat dövlət rüsumu Bakı şəhəri 50 saylı notariat ofisinin hesabına köçürülmüşdür; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 206 (iki yüz altı) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixədək faizsiz qaytarmaq şərtilə Cavabdeh oğluna 38.300 manat məbləğində borc vermiş, müqavilənin təsdiq edilməsi xərclərinin borcalan tərəfindən çəkilməsi müqavilədə göstərilsə də, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbz və orderə əsasən müəyyən edilir ki, 76.60 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi borcun, notarius və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə borc pul vermiş, lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmiş, kredit müqaviləsində göstərilən müddətdə borcu geri qaytarmamışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “borcun qaytarılması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin “müqavilənin təsdiq edilməsi üçün çəkilmiş notariat xərcinin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında olan müqavilədə həmin müqavilənin təsdiq edilməsi xərcinin borcalan tərəfindən çəkilməsi müəyyən edilsə də, xərc onun tərəfindən deyil, iddiaçı tərəfindən çəkildiyindən, bu məqsədlə ödənilmiş 76,60 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur, çünki işin həllin üçün əlavə araşdırmaya ehtiyac qalmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1-740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə “dövlət rüsumunun cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 206 (iki yüz altı) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 38.376,60 (otuz səkkiz min üç yüz yetmiş altı manat altmış qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 206 (iki yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 38.376,60 (otuz səkkiz min üç yüz yetmiş altı manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 206 (iki yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar