Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4627/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağa aylıq 300 manat sabit pul məbləğində alimentin və mediasiyaya ödədiyi 60 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X2 anadan olmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixi qətnaməsi ilə aralarında olan nikah pozularaq uşaq üçün hər ay 87 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona veriməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahlarından doğulmuş övladının saxlanması üçün müəyyən edilən alimenti ödəməsinə baxmayaraq, əlavə heç bir maddi kömək göstərmir. Belə ki| halhazırda baş vermiş qiymət artımları, uşaqların böyüməsi, təhsil qayğıları və s. səbəblərdən məhkəmə qətnaməsində qeyd olunmuş 87 manat aliment məbləği, uşağın tələbatının ödənilməsinə yetmir. Uşağın orta məktəbdə təhsil aldığını, eyni zamanda onun sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyimin və s. kimi yaşayış məsrəfləri yetərincə artması hazırki alimentlə böyüməsinə imkan vermir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın səhhəti, təhsili cavabdehi ümumiyyətlə maraqlandırmır. Belə olan halda isə uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək və izahatında bildirdi ki, o, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimenti mütəmadi olaraq ödəyir. Aliment ödənilməsində icra məmuruna və iddiaçıya hər hansı çətinlik yaratmamışdır. Birinci ailəsi dağılandan sonra ikinci dəfə ailə qurmuşdur və daha iki övladı doğulmuşdur. O, öz ailəsinə və ikinci nikahdan olan övladlara da baxmağa borcludur. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(032)-481/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında X3 tərəfindən bağlanmış 13 may 2011-ci il tarixli 249 saylı nikahın pozulması, trəflərin birgə nikahından 06 mart 2012-ci il tarixdə doğulmuş X2 adlı bir nəfər uşaq İddiaçı yanında qalması, 06 mart 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 87 manat sabit pul məbləğində aliment 02 iyul 2012-ci il tarixdən başlayaraq tutulub İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, bu nikahdan 1 övladlarının olması, nikah pozulandan sonra uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 11 saylı Mediasiya Təşkilatının 07 oktyabr 2023-cü il tarixli MŞB/11/2023- 01784 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(032)-481/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, cavabdeh iddiaçı ilə nikahları pozulandan sonra ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı doğulmuşdur. Cavabdeh hazırda işləmir və hər hansı bir gəlir yeri yoxdur. O, birinci nikahdan doğulmuş övladına aliment ödəməklə yanaşı, ikinci dəfə qurduğu ailəsinə baxmalı, ikinci nikahdan doğulan övladlarının qayğılarını da həll etməli, məsrəflərini qarşılamalıdır. Məhkəmə mübahisəyə baxarkən, tərəflərin hər birinin maraqlarını nəzərə almalı və ədalətli qətnamə qəbul etməlidir. Bu səbəbdən, iddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(032)-481/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4627/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4627/2023
30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver