Məhkəmə qərarları › İş №2(006)-4669/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4669/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4669/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi qiyməti 3068 manat dəyərində olan qabyuyan və paltaryuyan almışdır. Alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 12 aya bölərək, hər ay üçün 255 manat 67 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 3068 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, 3068 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1 % cərimə ödəməlidir. Müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, biznes fəaliyyətinə 260 manat 08 qəpik məbləğində ziyan vurmuş və həmin pulun da borcludan tutulmalı olduğunu qanunidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 3068 manat əsas, 260 manat 08 qəpik cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı «xxxx» MMC tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 11091790 saylı alqı-satqı müqaviləsindən görünür ki, «xxxx» MMC dəyəri 3068 manat olan “LG” markalı qabyuyan və “Electrolux” markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3068 manat əsas, 260,08 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 11091790 saylı alqı-satqı müqaviləsinə əsasən «xxxx» MMC dəyəri 3068 manat olan “LG” markalı qabyuyan və “Electrolux” markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3068 (üç min altmış səkkiz) manat əsas borc, 260,08 (iki yüz altmış manat,səkkiz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3358,08 (üç min üç yüz əlli səkkiz manat, səkkiz qəpik) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3068 (üç min altmış səkkiz) manat əsas borc, 260,08 (iki yüz altmış manat, səkkiz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3358,08 (üç min üç yüz əlli səkkiz manat, səkkiz qəpik) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov İş № 2(006)-2318/2020 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL xx xxxxx 2020-ci il Bakı şəhəri Hakim Səmədov Rəşid Əfraim oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında tərəflərin iştirakı olmadan, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:45-də başlandı. Hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul etdi. Prosessual hərəkət saat 09:50-də başa çatdı. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol xx xxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Hakim Rəşid Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: (+994 12) 431 44 05 İş № 2(006)-5756/2018 xx.xx.2018-ci il İddiaçı: Məhərrəmli Fəridə Söhrab qızına Bakı şəhəri, M və L Rastrapoviçlər küçəsi, ev 18 Cavabdeh: X2 Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, ev 44, mənzil 44 Nəsimi Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-5756/2018 saylı qətnamənin surətini məlumat üçün Sizə göndərir. Qoşma: qətnamənin surəti Hakim Rəşid Səmədov İş № 2(006)-5756/2018 İCRA VƏRƏQƏSİ xx xxxxxxx 2018ci il NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 Söhrab qızının cavabdeh X2 qarşı «alimentin artırılması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment alınaraq Məhərrəmli Fəridə Söhrab qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə xx xxxxxx 2018-ci il tarixdə qüvvəyə minmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun soyadı, adı, atasının adı, yaşayış yeri, doğulduğu yer və tarix: X4 -xx.xx.1972-ci il, Şərur rayonu Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov, ev 44, mənzil 44 Tələbkarın soyadı, adı, atasının adı: Məhərrəmli Fəridə Söhrab qızı Ünvan: Bakı şəhəri, M.Z.Rastropoviç küçəsi, ev 18 İcra vərəqəsi xx xxxxxx 2018-ci ildə verilmişdir. Hakim: Rəşid Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: (+994 12) 431 44 05 İş № 2(006)-5756/2018 xx xxxxxx 2018-ci il Nəsimi rayon İcra və Probasiya şöbəsinə Nəsimi Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-5756/2018 saylı icra vərəqəsini icra olunması üçün Sizə göndərir. İcra barədə məhkəməyə dərhal məlumat verməyiniz xahiş olunur. Qoşma: icra vərəqəsi - 01 (bir) vərəq Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar