Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4674/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun olmamasının müəyyən olunması və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” KB ASC-nin əməliyyat sisteminin çıxarışında qeyd olunmuş 749.91 USD borcun olmamasının müəyyən olunması və borclu olmamağı barədə qeydin aparılmasının “xxxx” KB ASC-nin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə “xxxx” KB ASC-nin Neftçilər Filialı arasında xx.xx.2014-cu il tarixli kredit müqaviləsi imzalanmışdır və həmin kredit müqaviləsinə əsasən iddiaçı 5 illik müddətə 7500 ABŞ Dolları məbləğində kredit götümüşdür. Sonradan “xxxx” KB ASC tərəfindən pul tələbi barədə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə 6756.57 ABŞ dolları pul vəsaitinin iddiaçıdan alınaraq “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli 2(005)-2341/2015 nömrəli İcra sənədi icra olunması üçün onun əmək fəaliyyəti ilə məşğul olduğu DİN-in DNM üzrə ƏPT-yə göndərilmişdir. Dekabr 2015-ci il tarixdən mart 2018-ci il tarixə qədər hər ay iddiaçının əmək haqqından 254.411 manat, aprel 2018-ci il tarixdən fevral 2019-cu il tarixə qədər hər ay əmək haqqından 264.40 manat, cəmi 10.031,60 manat pul vəsaiti tutularaq “xxxx” KB ASC-nin hesabına ödənilmişdir. Bildiyimiz kimi, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 cu il tarixli Fərmanı qəbul edilmişdir. 2019-cu ilin iyun ayında iddiaçı banka gedərək ona təyin edilmiş kompensasiya ilə əlaqədar məlumat aldıqda bildirilmişdir ki, təyin edilmiş kompensasiya iddiaçının banka olan borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı 2020-ci il tarixdə “xxxx” KB ASC-nin Neftçilər filialına müraciət edərək banka heç bir borcunun olmaması barədə rəsmi məlumat almaq istədikdə məlum olmuşdur ki, “xxxx” KB ASC ilə bağlanmış xx.xx.2014-cu il tarixli kredit müqaviləsinə əsasən təyin edilmiş kompensasiya banka olan kredit borcuna yönəlsə də, bu günə qədər sistemdə borc hələ də qalmaqdadır. Sonra iddiaçı Mərkəzi Banka və xxxx ASC-yə rəsmi qaydada müraciət edərək xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə aşağıdakı məlumatların (təsdiqlə) təsdiqedici sənədlərlə birlikdə rəsmi qaydada ona təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Onunla “xxxx” KB ASC-nin Neftçilər filialı arasında imzalanmış xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə fevral 2019-cu il tarixə iddiaçının “xxxx” KB ASC-yə olan qalıq borcu nə qədər təşkil edirdi? Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 cu il tarixli Fərmanına əsasən iddiaçı ilə “xxxx” KB ASC-nin Neftçilər filialı arasında imzalanmış xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya hesablanmış kompensasiya nə qədər təşkil edir? xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış kompensasiyanın nə qədər hissəsi iddiaçının “xxxx” KB ASC-yə olan borcunun ödənilməsinə yönəldilmişdir? xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış kompensasiyanın nə qədər hissəsi hansı tarixdə və hansı qaydada iddiaçıya təqdim edilmişdir? Lakin “xxxx” KB ASC tərəfindən bu günə qədər müraciətə cavab verilməmişdir. Mərkəzi Bank isə iddiaçının ünvanladığı müraciətə xx xxxx 2020-ci il tarixli cavab məktubu göndərərək göstərir ki, müraciətinizə cavab verilməsi üçün banka yönləndirilmişdir. Həmin məktubda müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanından yararlanacaq şəxslər problemli kredit məlumatlarının sorğulanması xidmətindən (https:// pk.cbar.az/az.kompensasiya#) istifadə etməklə ona hesablanmış kompensasiya məbləği və restruktruzasiya edilməsi təklif olunan kreditlər barədə məlumat əldə edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 cu il tarixli Fərmanından yararlanacaq şəxslər problemli kredit məlumatlarının sorğulanması xidmətinə (https:// p k. c b a r, az/az. ko m p e n s a s i v a#) daxil olduqda məlum olmuşdur ki, iddiaçı ilə “xxxx” KB ASC arasında imzalanmış kredit müqaviləsinə görə xx xxxx 2019-cu il tarixə əsas kredit borcu 873.29 manat təşkil edirdi. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 cu il tarixli Fərmanına əsasən “xxxx” ASC ilə iddiaçı arasında imzalanmış kredit müqaviləsinə görə təyin edilmiş kompensasiyanın 873.29 manatı kredit borcunun ödənilməsinə yönəldilmiş, qalıq borcu 0 manat təşkil edir, 1073.16 manat isə borcun ödənildikdən sonra artıq qalan kompensasiya iddiaçıya ödənilməli idi. İddiaçı yenidən “xxxx” KB ASC-yə rəsmi qaydada müraciət edərək sistemdə qalmış 873.29 manat borcun silinməsini xahiş etmişdir. Lakin bu günə qədər iddiaçıya cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki 2019-cu ilin iyul ayında iddiaçı ofisdə olan zaman şifahi qaydada ona bildirilmişdir ki, banka olan borcu tam ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən birinci devalivasiya ilə əlaqədar 2168,57 manat, ikinci devalivasiya ilə əlaqədar isə 5204,56 manat olmaqla, cəmi 7373,13 manat kompensasiya hesablanaraq ödənilmişdir. Kompensasiya məbləğinin 5925,23 manat hissəsi iddiaçının manatla olan iki kredit müqaviləsi üzrə kredit borclarının ödənilməsinə (gecikdirilməsi 360 gündən cox olan borcların ödənilməsinə) yönəldilmişdir. İddiaçının dollarla olan kredit borcu isə açıq qalmışdır. Yəni, kompensasiya məbləği iddiaçının dollarla olan borcuna yönəldilməmişdir. Belə ki, “xxxx” ASC ilə İddiaçı arasında imzalanmış 2824nkNFT/14 saylı kredit müqaviləsinə görə iddiaçının 749.91 ABŞ dolları borcu qalmaqda davam edir. Mərkəzi Kredit Reyestrində aktiv kreditinin olmaması o demək deyil ki, borcu yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan problemli kreditlərin kompensasiyası barədə məlumatdan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya məbləği 7373,13 manat, borcların ödənilməsinə yönəldilən hissə 5925,23 manat, vətəndaşa çatan hissə isə 1447,90 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 2824nkNFT/14 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 749.91 ABŞ dolları borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumatın verilməsi tapşırılmış, Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxx 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.3-cü bəndinə görə, Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Göründüyü kimi, kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Həmin kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə “xxxx” KB ASC arasında bağlanmış kredit müqavilələrinə əsasən iddiaçıya həm milli, həm də xarici valyutada olmaqla kreditlər verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya xarici valyutada olan kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi kimi 7373,13 manat kompensasiya məbləği hesablanmış, həmin məbləğin 5925,23 manatı iddiaçının borclarının ödənilməsinə yönəldilmiş və 1447,90 manat isə ona çatan hissə kimi müəyyən edilmişdir. Hazırda iddiaçı “xxxx” KB ASC-nin əməliyyat sisteminin çıxarışında qeyd olunmuş 749.91 USD borcun olmamasının müəyyən olunması və borclu olmamağı barədə qeydin aparılmasının “xxxx” KB ASC-nin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bildirir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulduğundan kompensasiya məbləği iddiaçının bankla bağladığı xx.xx.2014-cü il tarixli, 2824nkNFT/14 saylı kredit müqaviləsi üzrə borcuna deyil, ödənişi 360 gündən çox gecikdirilmiş digər kredit borclarına yönəldilmiş, artıq qalan kompensasiya məbləğinin isə iddiaçıya çatan hissə kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ayrılmış kompensasiyanın onun cavabdehə olan borcunun ödənilməsinə yönəldilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və iddiaçının hazırda “xxxx” KB ASC-yə 749.91 ABŞ dolları borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun olmamasının müəyyən olunması və s." tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun olmamasının müəyyən olunması və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4674/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4674/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver