Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4700/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «borcun silinməsi və müvafiq məlumatın verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «borcun silinməsi və müvafiq məlumatın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" BOKT MMC arasımda bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 1.958,28 ABŞ dolları əsas borcun və 1.183,79 ABŞ dolları faiz borcunun silinməsi vəzifəsinin və "xxxx" MMC-yə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" BOKT MMC-dən 09.08.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 10 oktyabr 2014-cü il, 23 oktyabr 2014cü il və 22 yanvar 2015-ci il tarixli Razılaşmalarla illik 18 faizlə 60 ay müddətinə ümumilikdə 38.100 ABŞ dolları kredit almış və kreditin təminatı olaraq X1 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 113 nömrəli mənzili girov qoymuşdur. Krediti vaxtında ödəyirdi, devalivasiyaya qədər. Lakin, devalivasiya ilə bağlı olaraq kreditin qaytarılmasını gecikdirmişdir. Cavabdehin ünvan 2 ünvanında yerləşən ofisində rəhbərliklə uzun danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən götürdüyü kredit üzrə tərəfindən 07 fevral 2017-ci il tarixinədək 9.000 ABŞ dolları ödənildikdən sonra qalıq borcun ondan tələb olunmayacağı qərara alınmışdır. O, 13 dekabr 2016-cı il tarixdə 7.174. ABŞ dolları və 07 fevral 2017-ci il tarixdə 1.826 ABŞ dolları ödəniş etmişdir. Hazırda onun cavabdehə heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq ona cavabdeh tərəfindən 04 mart 2021-ci il tarixli 492 nömrəli məktub da, təqdim edilib. Razılıqlarına əsasən o, üzərinə düşən vəzifəsini tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun adından silməmişdir. Belə ki, əsas borcun ödənilməmiş qalan 1.958,28 ABŞ dolları təşkil edən hissəsinin və 1.183,79 ABŞ dolları faiz borcunun tələb edilməsindən imtina etsələr də, öz sistemlərində və müvafiq olaraq AKB-də onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. Lakin onların razılığına əsasən həmin borclar razılaşdıqları kimi silinməmişdir. O, cavabdehin barışıq razılaşmasının qismən yerinə yetirdiyinə görə məhkəməyə müraciət edir. Cavabdeh barışıq razılaşmasında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun hesabından silməmişdir. Göstərilənlərə və qanunvericilik aktlarının tələbinə görə hesab edir ki, cavabdehlə aralarında bağlanmış barışıq razılaşması üzrə cavabdeh təşkilatda onun hesabında qalan borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı etiraf edərək, hüquqlarını müdafiə etdiyi şirkət tərəfindən verilmiş razılıq məktubunu müdafiə edərək iddiaçıya qarşı qalıq borcla bağlı hər hansı iddia tələblərinin olmadığını və gələcəkdə də belə bir tələblərinin olmayacağını bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan, həmçinin cavabdeh tərəf iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ilə "xxxx" BOKT MMC arasında 09 avqust 2011-ci il tarixdə AZBA-004112 saylı kredit müqaviləsi bağlanmış və BOKT tərəfindən İddiaçı 48 ay müddətinə, illik 14 % dərəcəsi ilə 17.000 ABŞ dolları kredit verilmiş, daha sonra həmin kredit müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixli, BAKU2-3398-11095/1 saylı, 23 oktyabr 2014-cü il tarixli, BAKU2-3398- 11095/2 saylı və 22 yanvar 2015-ci il tarixli, BAKU2-3398-11095/3 saylı razılaşmalara əsasən İddiaçı 60 ay müddətinə, illik 18 % dərəcəsi ilə 38.100 ABŞ dolları kredit verilmişdir. İddiaçı götürdüyü krediti "xxxx" BOKT MMC-yə tam şəkildə ödəmişdir. Bu barədə "xxxx" BOKT MMC tərəfindən 04.03.2021-ci il tarixdə 492/HO-OUT saylı arayış verilmişdir. Lakin iddiaçının borcunun olmamasına dair "xxxx" MMC-yə məlumat verilməmiş, iddiaçının borcunun olmasına dair məlumat reyestrdən çıxarılmamışdır və indiyədək iddiaçının borcu olması göstərilir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının 09 avqust 2011-ci il tarixli AZBA-004112 saylı kredit müqaviləsi üzrə BOKT-yə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 1.958,28 ABŞ dolları əsas və 1.183,79 ABŞ dolları faiz borcunun silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" BOKT MMC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 1.958,28 ABŞ dolları əsas və 1.183,79 ABŞ dolları faiz borcunun silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" BOKT MMC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4700/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4700/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver