Məhkəmə qərarları › İş №2(006)-4712/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4712/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4712/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh Mühəmmədoviçə qarşı «kredit, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh (vərəsə) Cavabdeh Mühəmmədoviçə qarşı «kredit, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1725,51 (bir min yeddi yüz iyirmi beş manat, əlli bir qəpik) manat əsas, 6,95 (altı manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1732,46 (bir min yeddi yüz otuz iki manat, qırx altı qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndan tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 10.04.2018-ci il tarixli, kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 29 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit müqaviləsi üzrə 11.06.2021-ci il tarixə “Unibank“ KB ASC-yə 1725,51 (bir min yeddi yüz iyirmi beş manat, əlli bir qəpik) manat əsas, 6,95 (altı manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1732,46 (bir min yeddi yüz otuz iki manat, qırx altı qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında) heç bir fayda verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini tələb etdi. Cavabdeh Mühəmmədoviçə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Mühəmmədoviçin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04.10.2018-ci il tarixli, 627sYSM/18 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən X6 24 (iyirmi dörd) ay müddətinə, illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, 13 iyul 2018-ci il tarixli, AZ-İ № 955809 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 09.07.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.07.2018-ci il tarixdə 1329 № ilə qeyd edilmişdir. 10.01.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsəsi Cavabdeh Mühəmmədoviçdir. 04.11.2021-ci jl tarixli Bakı şəhəri 13 saylı Notariat Ofisinin məktubundan görünür ki, X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış, oğlu Cavabdeh Mühəmmədoviçə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 11.06.2021-ci il tarixli, UB-BANK/PİKMD/961791 saylı maliyyə arayışından görünür ki, 10.04.2018-ci il tarixli, 627sYSM/18 saylı kredit müqaviləsi üzrə 11.06.2021-ci il tarixə X2 "xxxx" KB ASC-yə 1725,51 (bir min yeddi yüz iyirmi beş manat, əlli bir qəpik) manat əsas, 6,95 (altı manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1732,46 (bir min yeddi yüz otuz iki manat, qırx altı qəpik) manat borcu vardır. 21.12.2018-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borc məbləğinin 3 iş günü müddətində qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Bakı-Nəsimi RPİ tərəfindən verilmiş, 11.03.2006-cı il tarixli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X4 05.05.1953-cü ildə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. 11.06.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquu vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət cəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən əşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsin əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yuxarıda sadalanan normaların tələblərindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcalan onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, hazırda borcalan X4 vəfat etdiyinə görə onun qanun üzrə vərəsəsi Cavabdeh Mühəmmədoviç müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.04.2018-ci il tarixli, 627sYSM/18 saylı kredit müqaviləsi üzrə 1725,51 (bir min yeddi yüz iyirmi beş manat, əlli bir qəpik) manat əsas, 6,95 (altı manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1732,46 (bir min yeddi yüz otuz iki manat, qırx altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Mühəmmədoviçdən 10.04.2018-ci il tarixli, 627sYSM/18 saylı kredit müqaviləsi üzrə 1725,51 (bir min yeddi yüz iyirmi beş manat, əlli bir qəpik) manat əsas, 6,95 (altı manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1732,46 (bir min yeddi yüz otuz iki manat, qırx altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar