Məhkəmə qərarları › İş №2(006)-4714/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4714/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4714/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 30 000 ABŞ dolları məbləğində pul borca vermiş, həmçinin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 20 000 ABŞ dolları məbləğində pul borca vermişdir. Həmin məbləğləri bu müqavilələrdə müəyyən edilmiş müddətə və şərtlərlə borc alan borc verənə tam həcmdə qaytarılmasını öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan ilk müqavilə ilə 30 000 ABŞ dolları məbləğində pul borcunu xx.xx.2017-ci il tarixədək və digər müqavilə ilə 20 000 ABŞ dolları məbləğində puı borcunu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Digər İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki cavabdeh xx.xx.2017-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında müqavilə ilə ona xx.xx.2017-ci il tarixdə 30 000 ABŞ dolları məbləğində pul borcunun olduğunu bəyan və etiraf etmiş, həmçinin əlavə olaraq ona xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə 10 000 ABŞ dolları məbləğində pul borca vermişdir. Həmin məbləğləri bu müqavilələrdə müəyyən edilmiş müddətə və şərtlərlə borc alan borc verənə tam həcmdə qaytarmasını öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd edilən hər iki müqavilələr ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixədək ümumilikdə 40 000 ABŞ dolları məbləğini bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mövcud borcun etirafı haqqında müqavilənin 2.2-ci bəndinə əsasən borc verən tərəfindən heç bir əlavə və bildiriş verilməsi tələb olunmur. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borc dollar məbləğində nəğd şəkildə qaytarılacaq. Borcun digər qaydada qaytarılmasına yalnız borc verənin razılığı ilə yol verilə bilər. Cavabdeh İddiaçı1 ümumilikdə 50 000 ABŞ dolları məbləğində pul borcunun 2017-ci ilin noyabr ayında ödəyəcəyini öhdəsinə götürməyinə baxmayaraq bu günə kimi borcu ödəməkdən yayınır. Həmçinin cavabdeh İddiaçı2 ümumilikdə 40 000 ABŞ dolları məbləğində pul borcunun xx.xx.2017-ci il tarixdə ödəyəcəyini öhdəsinə götürməyinə baxmayaraq bu günə kimi borcu ödəməkdən yayınır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixə olan məzənnəsinə əssasən 1 ABŞ dolları 1,70 manat təşkil edir. Cavabdeh İddiaçı1 ödəyəcəyi borc məbləği (50 000 ABŞ dolları *1,70 AZN=) 85 000 manat təşkil edir. Cavabdeh İddiaçı2 ödəyəcəyi borc məbləği (40 000 ABŞ dolları *1,70 AZN=) 68 000 manat təşkil edir. Cavabdeh İddiaçı1 iki müqavilə üzrə aldığı 85 000 manat məbləğində pul borcunun 2 il 8 ay müddətində gecikdirmişdir. Beləliklə yuxarıda qeyd olunan müddət üzrə gecikdirilmiş faiz borcu 11 333 manat təşkil edir. Cavabdeh İddiaçı2 iki müqavilə üzrə aldığı 68 000 manat məbləğində pul borcunun 2 il 9 ay müddətində gecikdirmişdir. Beləliklə yuxarıda qeyd olunan müddət üzrə gecikdirilmiş faiz borcu 9350 manat təşkil edir. Hesab edirlər ki, ümumilikdə cavabdeh İddiaçı1 96 333 manat, İddiaçı2 isə 77 350 manat məbləği ödəməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev keçəsi ev 32, 49 saylı mənzildə yaşayan Cavabdeh İddiaçı1 Əlsəgər oğlunun xeyrinə 50,000 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla hesablanaraq və 2 il 8 ay müddət üzrə 11, 333 manat gecikdirilmiş faiz borcun, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev keçəsi ev 32, 49 saylı mənzildə yaşayan Cavabdeh İddiaçı2 xeyrinə 40.000 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla hesablanaraq və 2 il 9 ay müddət üzrə 9350 manat gecikdirilmiş faiz borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın İddiaçı1 aid olan hissədə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixli qərardadla iddia ərizəsini İddiaçı1 münasibətdə baxılmamış saxlamışdır. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, tələbin İddiaçı2 münasibətdə təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh iddiaçı X1 30 000 ABŞ dolları məbləğində pul borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilə ilə müəyyən edilmiş müddətədə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Borclu bu müqavilə ilə etiraf etdiyi borc xx.xx.2017ci il tarixli 3M-44 reyestr nömrəli kredit müqaviləsindən yaranan öhdəlikdir və borclu həmin etiraf etdiyi borcu xx.xx.2017-ci il tarix müddətinədək bütöv şəkildə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür. İş materillarında olan xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, borcverən İddiaçı2 borc alan Cavabdeh 10 000 ABŞ dolları məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı2 xx.xx.2017-ci il tarixli Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsi üzrə 30 000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə isə 10 000 ABŞ dolları pul almışdır. Həmin borc məbləğinin alınması iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsi və xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi ilə sübut olunur. Həmçinin iddiaçıdan xx.xx.2017-ci il tarixli Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsi üzrə alınmış borc faizlə, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə alınmış borc faizsiz olaraq alınmışdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2017-ci il tarixli Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsi üzrə 30 000 ABŞ dolları, gecikdirilmiş faiz borcu üzrə 9350 manat, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə isə 10 000 ABŞ dolları və 21 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı2 verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Bu baxımdan, məhkəmə, formal həqiqət prinsipini əsas götürüb, cavabdehin rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyini və iş üzrə hər hansı halı mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tələbdə göstərilən məbləğdə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddəni rəhbər tutaraq iddiaçının 40, 000 ABŞ dolları məbləğində müqavilə üzrə borcu ödəmədiyinə görə iddiaçı gecikdirilmə üçün faiz tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh 40 000 ABŞ dolları, gecikdirilmiş faiz borcu üzrə 9350 manat və 21 manat dövlət rüsumu İddiaçı2 qaytarılmalıdır. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 40,000 (qırx min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), gecikdirilmiş faiz borcu üzrə 9350 (doqquz min üç yüz əlli) manat və 21 manat dövlət rüsumu alınaraq İddiaçı2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar